Məhkəmə qərarları › İş №2(014)-1447/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1447/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1447/2022 13.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 2476.15 manat borcun və 31.93 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixil 11 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Ağdaş rayonu Yuxarı Qəsil və Bulaqotağı kənd ərazisində yerləşən 6.00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu "iddiaçıya" satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar "Cavabdeh" "iddiaçı"dan 4676.74 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarışı əsasında 1680 manat məbləğində pambığın becərilməsi və suvarılması üçün avans nağd vəsaiti, 180 manat məbləğində şum, 252.00 manat məbləğində kultivasiya 84.00 manat məbləğində gübrə kultivasiya, 72.00 manat məbləğində çiyid səpini, 210 manat məbləğində səpin qabağı mala, 425 manat məbləğində diski mala, 216 manat məbləğində gübrə, 112.50 manat məbləğində dərman, 42 manat məbləğində arx, 70 manat məbləğində çğp doğrama, 614.40 manat məbləğində çiyid, 160 manat məbləğində dərmanlama, 420 manat məbləğində maşın yığımı, 138.84 manat məbləğində su daşıması ümumilikdə 4676.74 manat avans verilmiş işlər görülmüş xidmət göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 3702.26 kq 2200.59 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla da "iddiaçı"ya 2476.15 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərinə görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “cavabdeh” “iddiaçıya” olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına ərizə ünvanlayaraq bildirdi ki, iddiaçı P-Aqro MMCnin ona qarşı alqı–satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, həmin müqavilə 2018-ci ilinmart ayında bağlanmışdır və icra müddəti 2018-ci ilin sonuna kimi icra edilməlidir. Lakin iddiaçı 2021ci ilin sonuna kimi məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı 3 illik iddia müddətini buraxmışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinə 3 illik iddia müddətinin tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını və mülki işə iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 07 mart 2018-ci il tarixli 11 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqavilə X1 MMC ilə Cavabdeh arasında bağlanmışdır. Müqaviləyə əsasən bu müqavilənin şərtləri daxilində istehlakçı mülkiyyət hüququ özünə məxsus olan və ya icarəyə götürdüyü torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətlə X1 MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01/511 saylı bildirişdən görünür ki, Cavabdeh borcunun qaytarılmasını əks halda həmin vəsaitin tərəflərindən ödənilməsini təmin etmək üçün haqqlarında qanuna müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, Cavabdeh təhvil verdiyi xam pambığın 2200.59 manat dəyəri nəzərə alınmaqla qalıq borcu 2476.15 manat təşkil edir. İşin materiallarında olan “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 11 nömrəli alqı-satqı müqaviləsinin 2.4-cü bəndinin “c” hissəsində göstərilmişdir ki, istehsalçı bu müqavilənin 1-ci bəndində göstərilən sahədə yetişdirdiyi pambığı 30 noyabr 2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsuladək yığıb yalnız “X1” MMCyə təhvil verməlidir. Həmin müqavilənin 2.4-cü bəndinin “e” hissəsində göstərilmişdir ki, “X1” MMC tərəfindən ona borc kimi verilən vəsaitdən yalnız bu müqavilə üzrə nəzərdə tutulan pambığın istehsalı üçün istifadə edir, xərclərin təyinatı barədə MMC-yə mövsüm ərzində mütəmadi olaraq hesabat verir və “X1” MMC-dən aldığı borcu tam həcmdə 30 noyabr 2018-ci ilin tarixədək ödəyir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, № 11 nömrəli alqı-satqı müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə alqı-satqı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd olunanlardan başqa, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 11 nömrəli alqı-satqı müqaviləsinin 6.2-ci bəndi öhdəliyin başa çatma müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərin maliyyə öhdəlikləri ilə bağlı müddəalar həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixil 11 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Ağdaş rayonu Yuxarı Qəsil və Bulaqotağı kənd ərazisində yerləşən 6.00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu "iddiaçıya" satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar "Cavabdeh" "iddiaçı"dan 4676.74 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini xx.xx.2018-ci il tarixində gec olmamaq şərti almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 3702.26 kq 2200.59 manat məbləğində xampambıq təhvil vermiş, bununla da "iddiaçı"ya 2476.15 manat məbləğində borcu qalmışdır. Aqlı-satqı müqaviləsinin müddəti isə xx.xx.2018-ci il tarixdə bitsə də, iddiaçı həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar