Məhkəmə qərarları › İş №2(014)-1467/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1467/2025

30.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1467/2025 30.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Mösüm oğlu, Şirinova (Bəhərçinova) Leyla Mösüm qızı və X3 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Mösüm oğlu və Şirinova (Bəhərçinova) Leyla Mösüm qızına qarşı müştərək qaydada 1000 manat məbləğində borcun, dəymiş 2800 manat maddi zərərin əvəzinin, hüquqi xidmətlə bağlı ödənilmiş 150 manatın və ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında 2012-ci ilin fevral ayında yazılı razılıqla cavabdehlərə məxsus Ağdaş rayon Kükəl kəndində yerləşən JN-002 kod-90312018 olan 1.87 ha. torpaq sahəsini 1000 (min) manat müqabilində alqı-satqısına dair razılaşmışlar və bununla bağlı yazılı müqavilə bağlanmışdır. Bundan sonra iddiaçı tərəfindən cavabdehlərə, qohum əqrabanın və şahidlərin iştirakı ilə alqı-satqı məbləği olan 1000 (min) manat pul verilmiş və cavabdehlərdə həmin pulu almışdır. Cavabdehlər sənədləşmə üçün nəğd pula ehtiyacı olduğu bildirərək cavabdeh iddiaçıdan həmin məbləği əvvəlcədən tələb etmiş və bir ay ərzində də torpağın alqı-satqısı üçün lazım olan sənədləri hazır edəcəyinə tam təminat vermişdir. Razılaşmaya əsasən cavabdehlərlə 1-2 ay ərzində aralarında torpaq alqı-satqısı gərçəkləşəcəkdi. Ancaq aylar keçdikcə cavabdehlər tərəfindən heç bir öhdəlik yerinə yetirilmədi. Artıq 13 ildir ki, cavabdehlər razılaşmaya əməl etmədi. Bir il bundan əvvəl cavabdehlər torpaq sahəsinə gələrək torpağın onlara məxsus olduğunu bildirərək iddiaçının əkdiyi əkini ilə birlikdə torpaq sahəsini geri almışdır. Hazırda cavabdehlər verdiyi sözünə əməl etmir. Həmçinin iddiaçıya olan borc məbləğini və dəymiş maddi ziyanlığı ödəməkdən boyun qaçırır. Dəfələrlə cavabdehlərə borcunu könüllü ödəməsini, borc məsələsini mübahisəsiz həll etməsini xahiş etsə də cavabdehlər müxtəlif bəhanələr gətirərək pulunu vermir. İddiaçı torpaq sahəsini cavabdehlərdən aldığı 12 il müddətində torpağa ümumi məbləği 1800 (min səkkiz yüz) manat məbləğində hər il bir kamazı 150 manat məbləğində təbii peyin, ümumi məbləği 840 (səkkiz yüz qırx) manat olan hər il bir 50 kq amafos gübrəsi, ümumi məbləği 432 (dörd yüz otuz iki) manat olan hər il 100 kq duz gübrəsi və daha artığı 12 il boyunca torpağa verilərək qulluq olunmuş, əkinə yararlı olmayan torpaq sahəsini əkinə yararlı hala gətirmişlər. Bundan sonra da torpaq sahəsinə ümumi məbləği 1250 (min iki yüz əlli) manat dəyərində olan 250 ədəd göyəm meyvə ağacı əkilmiş, hazırda isə meyvələri cavabdeh tərəfindən istifadə edilir. Cavabdehlərlə arasında yazılı müqavilə əsasında alqı-satqı edən zaman torpaq sahəsi tamami ilə əkinə yararsız vəziyyətdə idi. Cavabdehlərin torpaq sahəsini satmaqdakı məqsədləri də elə torpaq sahəsinin əkinə yararlı olmamağı olmuşdur. Bunun üçün də bu müddət ərzində iddiaçıtərəfindən torpaq sahəsinə təqribən 4322 manat məbləğindən artıq xərc çəkilmişdir. Nəticədə cavadehin hazırda idiaçıya 1000 (min) manat borcu və təqribən 4322 (dörd min üç yüz iyirmi iki) manatdan artıq məbləğində də dəymiş maddi ziyanı vardır. Hazırda isə cavabdehlərdən ona olan 1000 (min) manat borcu və dəymiş təqribən 4322 (dörd min üç yüz iyirmi iki) manat maddi ziyanlıqdan 2800 (iki min səkkiz yüz) manatını tələb edir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X1 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, tərəflər etiraz etməmiş, Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, 2012-ci ilin fevral ayında cavabdehlər pula ehtiyacları olduğunu bildirərək ailə üzvlərinin adına olan, Ağdaş rayonunun Kükəl kəndində yerləşən 1.87 ha torpaq sahəsini 1000 manata satmışlar. Bu barədə iddiaçı və cavabdehlərin iştirakı ilə akt tərtib edilmiş və hər biri bu aktı imzalamışdır. 1000 manat məbləğində pul isə Cavabdeh4 verilmişdir. Cavabdeh4 1 ay müddətində rəsmiləşdirmə işlərini həll edəcəyini bildirsə də aradan uzun illər keçməsinə baxmayaraq rəsmiləşdirmə edilməmişdir. İddiaçı qeyd edilən torpaq sahəsini alanda həmin sahə əkinə yararsız bir vəziyyətdə olmuş, həmin sahəni əkinə yararlı hala salmaq üçün 3700 manat xərc çəkmişlər. Təxminən 1 il əvvəl, yəni 2024-cü ildə isə cavabdehlər satdıqları həmin torpaq sahəsinə girərək torpaq sahəsinin onlara məxsus olduğunu bildirməklə, torpaq sahəsini əkilmiş əkinlə birlikdə geri almışlar. İddiaçı cavabdehlərdən onlara verdiyi pulu və çəkdiyi xərci istəsə də, onlar nə torpaq sahəsini qaytarmır, nə də pulu vermirlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh4 izahatında iddianı qəbul etməyərək bildirdi ki, Ağdaş rayonunun Kükəl kəndində yerləşən 1.87 ha torpaq sahəsini iddiaçıya satmamış, həmin torpaq sahəsi dövlət aktı əsasında ailəsinə məxsus olmaqla həmin torpağı iddiaçıya yalnız istifadəyə vermişlər. İddiaçı da neçə illər həmin torpaq sahəsini əkib, ildə dörd dəfə otunu biçib. Torpağı satmasına dair əlyazma ilə yazılmış aktı da o, imza etməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh1 izahatında iddianı qəbul etməyərək bildirdi ki, Ağdaş rayonunun Kükəl kəndində yerləşən 1.87 ha torpaq sahəsini iddiaçıya satmamışlar, həmin torpaq sahəsi dövlət aktı əsasında ailəsinə məxsus olmaqla həmin torpağı iddiaçıya yalnız istifadəyə vermişlər, iddiaçı 13 ildir ki, həmin torpaq sahəsindən istifadə edir, ildə 4 dəfə həmin sahəni biçmiş və nə qədər fayda götürmüşdür. Odur ki, iddiaçıya verilməli borcu yoxdur. Həmçinin torpağı satmalarına dair əlyazma ilə yazılmış aktı da o, imza etməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdeh Şirinova (Bəhərçinova) Leyla Mösüm qızı izahatında iddianı qəbul etməyərək, bildirdi ki, Ağdaş rayonunun Kükəl kəndində yerləşən 1.87 ha torpaq sahəsini iddiaçıya satmamışlar, bu barədə tərtib edilən aktı da o, imza etməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN 0002, Kod 90312018 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Ağdaş rayonu Kükəl kəndində yerləşən 1,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, X5 və X2 ümumi (paylı) mülkiyyətindədir. - xx.xx.2012-ci il tarixli aktdan görünür ki, birinci tərəf Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, X5 və X2 və ikinci tərəf İddiaçı iştirakı ilə həmin akt tərtib edilmişdir ona görə ki, Cavabdeh4 Ağdaş rayonu Kükəl kəndində yerləşən 1,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini (JN 0002, Kod 90312018 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” Dövlət aktı) İddiaçı birdəfəlik nağd qaydada 1000 AZN (bir min manat) pula satmışdır. - xx.xx.2025-ci il tarixli, 4/1557 nömrəli məhkəmə-xətşünaslıq ekspertinin rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli aktın 2-ci səhifəsində “İmzalar” qrafasında “1.Cavabdeh4” yazıları qarşısındakı imza və “1000 AZN pulu aldım Cavabdeh4” yazılarının orta hissəsindəki imza Cavabdeh4 tərəfindən, “İmzalar” qrafasında “2.Cavabdeh1” yazıları qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. - Tapşırıq müqaviləsi və xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmə işləri və işlər üzrə ərizənin tərtibi xidməti göstərilməsi üçün X6 hesabına 150 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda isə tərəflər arasında daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada və formada bağlanmamış, müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Bundan başqa etibarsız əqdlə özgəninkiləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsızdır və Cavabdeh4 həmin əqd üzrə aldıqlarını İddiaçı qaytarmalıdır. Mülki işin məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı 1000 manat məbləğində pul vəsaiti Cavabdeh4 verilməklə digər cavabdehlərə, yəni Cavabdeh1, Cavabdeh2, X5 və X4 hər hansı məbləğdə pul vəsaitinin verilməsi təsdiq olunmamışdır. Bundan başqa iddiaçı torpaq sahəsinin yararlı hala gətirilməsi ilə bağlı ona maddi ziyan dəydiyini göstərsə də məhkəməyə həmin halları təsdiq edilən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 1000 (min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1, Cavabdeh2 Mösüm oğlu, Şirinova (Bəhərçinova) Leyla Mösüm qızı və X3 münasibətdə və qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyi hissəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, məhkəməyə müraciətlə əlaqədar çəkilmiş xərcin əvəzi qismində 150 manat məbləğində pul vəsaiti Cavabdeh4 İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh4 məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri qismində 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh4 əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 1000 (min) manat, məhkəməyə müraciətlə əlaqədar çəkilmiş xərcin əvəzi qismində 150 (yüz əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, ümumilikdə 1180 (min yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Cavabdeh4 məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri qismində 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar