Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1469/2020 28.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2850 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o,ailəsinin dolanışığını malqara alverindən çıxarmaqla məşğuldur.Cavabdehlərdən Vüqarı Ağdaş rayonunun mal bazarında tanımışdır. İlk dəfə Vüqar ondan 1850 manat dəyərində olan inəyi nisyə almış,lakin pulunu söz verdiyi vaxtda vermişdir. Beləliklə onun etibarını qazanmışdır. Bundan sonra Vüqar onların evinə gələrək iki baş yanı balalı inək heyvanını 3450 manata nisyə olaraq almış və ona bildirmişdir ki, evdə qoyunları var onları satıb gəlib pulu dərhal verəcəkdir,o,Vüqardan borcunu ödəməyə zəmanət verilməsini istəmiş,Vüqar da atası Cavabdeh2 işıq idarəsində işlədiyini bildirərək atası ilə telefon əlaqəsi yaratmış,atası da öz növbəsində ona telefonla bildirmişdir ki, yaxın vaxtda Vüqar onun pulunu qaytaracaqdır. Odur ki, o,cavabdehlərin sözünə güvənərək 3450 manat dəyərində iki baş yanı balalı inək heyvanını nisyə satmışdır. O, cavabdehlərə etibar etmiş onlara qəbz yazdırmamışdır.Lakin cavabdeh Vüqara 3450 manat dəyərində iki baş yanı balalı inək heyvanını nisyə satarkən yanında şahidlər olmuşdur.Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Odur ki, o,bu barədə polisə müraciət etmişdir. Polisə müraciət etdikdən sonra Vüqar ona olan borcdan 600 manatını qaytarmışdır. Hazrda cavabdehlərin ona 2850 manat borcu vardır. O, dəfələrlə cavabdehlərdən yerdə qlan 2850 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır, odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. Cavabdeh1 iddiaçıgilə gələrək 3450 manat dəyərində iki baş yanı balalı inək heyvanını nisyə satmışdır. İddiaçı malları Vüqara onun və başqa qonşuların yanında vermişdir. Elşən Vüqara mal qaranı 3450 manata satmışdır. Vüqar onların yanında Elşənə söz vermişdir ki, yaxın vaxtda malqaranın pulu verəcəkdir,lakin bildiyinə görə hələ də verməmişdir. İş üzrə şahid X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. Cavabdeh1 iddiaçıgilə gələrək 3450 manat dəyərində iki baş yanı balalı inək heyvanını nisyə alaraq söz vermişdir ki, yaxın vaxtda mal-qaranın pulu verəcəkdir,lakin bildiyinə görə hələ də verməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,İddiaçı müraciəti əsasında toplanmış material üzrə CM-in 178 maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 3450 manat dəyərində mal-qaranı nisyə olaraq almış və yaranmış borc üzrə 600 manat ödəniş edərək yerdə qalan 2850 manatı bu vaxtadək ödəməmişdir . Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, həmçinin məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Cavabdeh1 iddiaçıya 2850 manat borclu olması və hələ də qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmışdır.İddiaçının Cavabdeh1 qarşı iddiası əsaslı olsa da,Cavabdeh2 qarşı iddiası əsassdır. Odur ki, iddia qismən təmin edilərək 2850 manat Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır.İddia Cavabdeh2 qarşı olan hissədə rədd edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1İddiaçı xeyrinə2850 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2880 manat (iki min səkkiz yüz səksən manat) tutulsun. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1469/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1469/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver