Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1471/2021 10.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı2, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və qeyriləri Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 1998-ci il 14 fevral tarixli 21 saylı qərarı ilə ailə üzvlərinə kənd ərazisindən 0,34 ha torpaq sahəsi verilmişdir. DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən 13 noyabr 2003-cü il tarixində verilmiş JN-368L nömrəli, 90317018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə onlara verilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsinə çıxarış almaq zərurəti yaranmışdır. Bununla bağlı həmin torpaq sahəsinə adlarına çıxarış almaq üçün DƏDRX-yə müraciət etmişlər. Müraciətlərinə əsasən DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmişdir. Lakin həmin torpaq sahəsinin bir hissəsində məskunlaşmış Cavabdeh tərəfindən torpaq sahəsinin müayinəsinə maneə törədilmişdir. Lazımi şərait yaradılmamışdır. Halbuki, cavabdehin həmin torpaq sahəsinə dair heç bir mülkiyyət hüququ yoxdur. Cavabdeh mühəndisə həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmiş, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişdir. Bu səbəbdən də torpaq sahəsində inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən 15 oktyabr 2020-ci il tarixli **********28 saylı məktubla torpaq sahəsinin hüquqi sənədləşdirilməsi üçün müraciətindən imtina edilmişdir. Bütün bunlara görə, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə çıxarış ala bilməmişlər. Cavabdehlə aralarında razılığa gələ bilmədikləri üçün hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı2 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər iddiaçıların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarına olan DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş 13 noyabr 2003-cü il tarixli, JN-368L nömrəli, 90317018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli, 21 saylı qərarı ilə İddiaçı2 və ailə üzvləri İddiaçı3, İddiaçı1 fərdi yaşayış, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatı üçün kənd ərazisindən 0,34 ha torpaq sahəsi verilmişdir. İşin materiallarına olan DƏDRX-nin 17 saylı ərazi idarəsinin 15 oktyabr 2020-ci il tarixli, **********28 saylı məktubdan görünür ki, torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmiş, lakin Cavabdeh mühəndisə həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmiş, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni maneələr törətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli, 21 saylı qərarı ilə İddiaçı2 və onun ailə üzvlərinə kənd ərazisindən 0,34 ha torpaq sahəsi verilmişdir. İddiaçılar çıxarış almaq üçün DƏDRX-yə müraciət etmişlər. Müraciətlərinə əsasən DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmişdir. Lakin Cavabdeh mühəndisə həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmiş, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni maneələr törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Ağdaş rayonu Sadavat kəndində yerləşən JN-368F nömrəli, 90317018 kodlu torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına yaradılan süni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən Ağdaş rayonu Sadavat kəndində yerləşən JN-368F nömrəli, 90317018 kodlu torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1471/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1471/2021
10.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver