Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1472/2023 16.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə, həmin mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə, həmin mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 oğlu, keçmiş əri Cavabdeh3 ilə 2022-ci ilin avqust ayında məhkəmə qərarı ilə ayrılmışlar, övladlarının hər ikisi iddiaçının himayəsindədir. Hər iki uşağın saxlanması üçün aliment də müəyyən edilmişdir. Ancaq cavabdehin onlara yaşatdığı problemləri bununla da bitməmişdir. Cavabdehlər xeyli müddətdir ki, övladları ilə ona qeydiyyatda olduqları evdə yaşamağa imkan vermir. İddiaçı və övladları gəlin köçdüyü gündən ünvan 1 ünvanda qeydiyyatdadır. Övladları da doğulduğu tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Cavabdehlər hazırda qeydiyyatda olduqları və illərlə yaşadıqları evlərində yaşamalarına imkan vermirlər. Cavabdehlər hər dəfə onlara problem yaradanda onlar qohumları evində və himayəsində qalırlar. Ancaq havalar soyuduqca onların qalacaq ümid yerləri olmayacaq. Artıq qohumlarının evində belə qalmağa utanırlar. Onların bütün ev və gündəlik tələbat əşyaları evlərindədir. Hesab edir ki, illərlə Ağdaş rayonu, Binələr kəndində qeydiyyatda olduqları təsərrüfatda və ünvanındakı yaşayış evində yaşamağı, həmçinin övladları ilə birlikdə onun qeydiyyatlarının həmin evdə olmasını, övladlarının doğulduğu gündən ünvan 4 ünvanda olduğunu nəzərə alaraq onların həmin yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Onların 14 il yaşadıqları və qeydiyyatda olduqları ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evdə yaşamalarına maneləə törədərək imkan vermirlər. Göstərilənlər əsasəm iddiaçının və övladları X4 və X1 14 il yaşadıqları və qeydiyyatda olduqları təsərrüfat, yaşayış evi və yaşayış sahəsindən istifadə hüquqları tanınmaqla, qeydiyyatda olduqları Ağdaş rayonu, Binələr kəndi ünvanındakı yaşayış evi və yaşayış sahəsinə köçürülmələrinə və həmin yaşayış evinin bugünədək istifadələrində olan 1 qonaq otağı, 1 yataq otağı, 1 mətbəx, sanitar qovşağından və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, ev 3 otaqdan ibarətdir. Otaqların hər birinin çıxışı zaladır, yalnız mətbəxin çıxışı ayrıdır. O halda onların iddia etdikləri evdə yaşamalarına razılıq verər ki, oğlu ilə aralarında yenidən rəsmi nikah bağlansın. Əks halda bir evdə küsülü yaşamalarına razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayonu, icra HAkimiyyəti Başçısının Binələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 5-32-12/2-392/2023 saylı arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı Ağdaş rayonu, Binələr kəndində 02 saylı təsərrüfatbaşına kitabının, şəxsi hesab nömrəsi 108 saylı təsərrüfatında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə ünvan 5i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № 11181292 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə ünvan 7i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № 11181291 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ünvan 7i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. İşin hallarından görünür ki, iddiaçının mənzildən 2008-ci ildən istifadə etməyə başlamış və o, həmin mənzilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, konkret yaşayış sahəsindən istifadə hüququndan fayda həmin sahədə yaşamaqdan ibarətdir. Bununla belə, Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə əmlakdan istifadə hüququ həmin əmlaka dair sərəncam vermək hüququna və həmin əmlakla bağlı öz mülahizəsinə görə digər şəxslərlə hüquq münasibətlərinə daxil olmaq hüququna malik olan şəxsə - mülkiyyətçiyə məxsus olur. Deməli, iddiaçıya münasibətdə yaşayış sahəsindən istifadə hüququ (yaşayış sahəsinə köçürülmə haqqında iddianın hüquqi nəticəsi olaraq) yalnız mübahisəli mənzilin mülkiyyətçisinin buna razılığının olması şərti ilə tanına bilər. İddiaçının mübahisəli ünvanda xx.xx.2008-ci il tarixdən qeydiyyatda olması barədə iddia ərizəsinin dəlili həmin tələbin əsaslı hesab olunması üçün hüquqi əhəmiyyəti yoxdur. Belə ki, tərəflərin mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri onların yalnız həmin ünvana qeydiyyata alındıqları vaxtla deyil, həmçinin də həmin sahədə yaşayan şəxslər arasında qeyd olunan sahədən istifadə qaydasını və şərtlərini özündə əks etdirən hallarla müəyyən olunur. Həmin məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsində öz əksini tapmışdır. Qeyd olunan qanunun normasına əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh1 qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Belə olan halda iddiaçının mübahisəli ünvan üzrə qeydiyyatı onun üçün hüquqi nəticələr yaratmamaqla, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas hesab oluna bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsində həmin ünvanda qeydiyyatda olmasını əsas kimi göstərsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Bundan əlavə, iddia tələbi mənzilə köçürülmə tələbinə dair hissədə əsassız olduğu kimi, həmin əsaslarla yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi hissələrində də əsassızdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə, həmin mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə, həmin mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1472/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1472/2023
16.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver