Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1499/2020 20.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı1 nümayəndəsi və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Borcun məcburi qaydada alınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1050 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 nümayəndəsi və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, İddiaçı1 atasıdır. Qızı İddiaçı1 Cavabdeh ilə evli olmuş, xx xxxxxx 2020-ci ildə münasibətləri pisləşdiyi üçün aralarındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Qeyd edir ki, cavabdeh Bakı şəhərində işləyirdi. Cavabdeh ondan 2018-ci ilin iyul ayının sonlarında 1050 manat məbləğində borc pul istəmiş, o isə cavabdehə o qədər pulunun olmadığını bildirərək imtina etməyə çalışsa da cavabdehin çoxsaylı təkid və israrı ilə ona bankdan kreditə pul götürüb borc verməyə razı olmuşdur. Odur ki, o, xx xxxxxx 2018-ci ildə qızı Gülnarla Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-nin Ağdaş filialına gedərək öz adına 1680 manat kreditə pul götürüb həmin günü pulun 1050 manatını qızı Gülnar vasitəsi ilə Cavabdeh bankın manat Express xidməti ilə borc olaraq göndərmişlər. Cavabdeh qısa müddətdə borcu qaytaracağına dair öz üzərinə öhdəlik götürsə də, aradan uzun müddət keçməsinə baxmayaraq borcu qaytarmamış, qızı ilə cavabdeh arasında nikah pozulduqdan sonra isə borcu tamamilə qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, iddia əsaslıdır, odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan İddiaçı2 ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı2 istehlak məqsədləri üçün 1680 manat illik 25 faiz olmaqla 34 ay müddətinə kredit götürmüşdür. İşdə olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin pul köçürülməsinin göndərilməsinə dair xx xxxxxx 2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh 1050 manat pul köçürmüşdür. Ödəniş sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı2 cavabdehə borc vermək üçün bankdan adına kredit götürərək elə həmin gün 1050 manat pulu iddiaçı olan qızı İddiaçı1 vasitəsi ilə cavabdehə göndərmişdir. Cavabdehin iddiaçılardan 1050 manat borc pul alması və hələ də qaytarmaması iddiaçılar tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı2 və İddiaçı1 xeyrinə 1050 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1080 manat (bir min səksən manat) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-1499/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1499/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver