Məhkəmə qərarları › İş №2(014)-1526/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1526/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1526/2021 14.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh 06 aprel 2021-ci il tarixdə, saat 10:45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayon Qaraoğlan kəndi ərazisindən keçən 273-cü kilometrliyində idarə etdiyi “Opel-Astra” minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşısı ilə hərəkətdə olan X1 idarə etdiyi “VAZ 21074” minik markalı, **-KO-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “VAZ 21074” markalı avtomobil əks istiqamətə çıxaraq, mülkiyyətində olan və idarə etdiyi “Nissan X-Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə o, aldığı xəsarətlərlə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Maşınına isə cəmi 11600 (on bir min altı yüz) manat ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ilkin qiymətləndirmə aktında öz əksini tapmışdır. Bundan sonra yol nəqliyyat hadisəsi ilə əlaqədar istintaq bölməsində araşdırma aparılmış, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X2 tərəfindən 22 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Cavabdeh əməlində İXM-in 332.4-cü maddəsinin tərkibi olduğundan, onun barəsində inzibati işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilərək aidiyyəti üzrə göndərilmişdir. Avtomobilinə vurulmuş 11600 manat məbləğində zərərə görə sığorta şirkəti tərəfindən ona 3188,74 manat ödənilmişdir. Cavabdeh vurulmuş maddi ziyanın tam ödənilməsini tələb etməyinə baxmayaraq, o, həmin maddi ziyanı tam ödəməkdən imtina etmişdir. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, hazırki iş üzrə cavabdeh - Cavabdeh onun xeyrinə 8412 (səkkiz min dörd yüz on iki) manat məbləğində pul, 30 manat dövlət rüsumu və ilkin qiymətləndirmə aktına görə ödənilmiş 35 (otuz beş) manat pul tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, hadisə nəticəsində dəymiş zərər sığorta şirkəti tərəfindən iddiaçıya tam olaraq ödənilmişdir. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur. Buna görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, RXA 86791 saylı sığorta aktının surətindən görünür ki, İddiaçı AZ68HAJC**********00018887 nömrəli hesabına 3188,78 manat sığorta ödənişi köçürülmüşdür. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 24.04.2021-ci il tarixli, 1024 saylı qiymətləndirmə aktının surətindən görünür ki, “Nissan X-Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ehtiyyat hissələri 7950 manat dəyərində qiymətləndirilmişdir. İşin materiallarında olan Gəncə 1 saylı “Avtokomission” mağazası tərəfindən verilmiş 1119 saylı rəyin surətindən görünür ki, “Nissan X-Trail” markalı avtomobilin ehtiyat hissələri ilə təmiri üçün 11600 manat pul hesablanmışdır. İşin materiallarında olan 42 ədəd fotoşəkillərdən görünür ki, “Nissan X-Trail” markalı, **- FP-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. İşin materiallarında olan 22.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh barəsində olan material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti BDYPİnin YPX alayına göndərilmişdir. İşin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 3(039)- 430/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2021-ci il tarixli, 9/6996 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Gəncəl saylı Avtokomission’’ mağazasının 06.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Nissan X-Trail” markalı, ** FP *** nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9800 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 06 aprel 2021-ci il tarixdə “VAZ 21074” markalı avtomobil əks istiqamətə çıxaraq, “Nissan X-Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Yevlax Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 3(039)-430/2021 saylı qərarı ilə həmin hadisə üzrə Cavabdeh təqsirli bilinmiş, zərərin 3188,78 manatı "xxxx" ASC tərəfindən İddiaçı hesabına ödənilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2021-ci il tarixli, 9/6996 saylı rəyinə əsasən 2001-ci il buraxılışlı “Nissan X-Trail” markalı, ** FP *** nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9800 manat təşkil etmişdir. Hazırda İddiaçı Cavabdeh onun xeyrinə 8412 (səkkiz min dörd yüz on iki) manat məbləğində pul, 30 manat dövlət rüsumu və ilkin qiymətləndirmə aktına görə ödənilmiş 35 (otuz beş) manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin qismən edilməli, Cavabdeh 6611,26 (altı min altı yüz on bir manat iyirmi altı qəpik) manat məbləğində dəymiş ziyanın əvəzi, ilkin qiymətləndirmə aktına görə ödənilmiş 35 (otuz beş) manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 6611,26 (altı min altı yüz on bir manat iyirmi altı qəpik) manat məbləğində dəymiş ziyanın əvəzi, ilkin qiymətləndirmə aktına görə ödənilmiş 35 (otuz beş) manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar