Məhkəmə qərarları › İş №2(014)-1541/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1541/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1541/2024 05.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından anadan olmuş X4, X6 və X2 18 yaşına çatana kimi saxlanılması üçün Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-708/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 130 manat miqdarında alimentin miqdarının artırılaraq həmin uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri xasiyyətlərinin uyğun gəlməməsi, ona və körpə balasına baxmaması, eləcə də ailəsinin günahı ucbatından ayrılmışlar. Həmçinin Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-708/ 2023 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X4, X6 və X2 18 yaşınadək saxlanması üçün hər ay üçün 130 manat miqdarında aliment miqdarının cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Övladları məktəbli və azyaşlıdır. Ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri təkbaşına və 130 manat aliment ilə övladlarının ehtiyaclarını qarşılaya bilmir. Uşağın saxlanması üçün 130 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşaqları ilə maraqlanmamış, körpə balalarına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və övladları valideyinin himayəsindədir. Artıq çox çətinlik çəkirlər və övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh uşaqların saxlanılması üçün aliment ödəyir, lakin həmin məbləğ uşaqların ehtiyaclarını ödəmək üçün kifayət etmir. Ona görə də, qeyd olunanların nəzərə alınaraq cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılması üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, uşaqlarının saxlanılması üçün aliment ödəyir. Alimentin miqdarı artırılarsa ödəməkdə çətinlik çəkəcəkdir. Özü astma-bronxit xəstəsidir, ikinci dəfə ailə qurub, himayəsində anası və həyat yoldaşı yaşayırlar. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 12 sentyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 12 sentyabr 2024-cü il tarixində saat 09:30-da İddiaçı iştirak etmişdir. Lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 02 may 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş 15 dekabr 2013-cü il təvəllüdlü X10, 11 dekabr 2014-cü il təvəllüdlü X12 və 03 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləığində aliment tutularaq cavabdeh X7 verilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 yanvar 2014-cü il tarixli, AZ-İİİ 249623 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 15 dekabr 2013-cü il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X8r. İşin materiallarında olan Ağdaş RİHB-nın Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2017-ci il tarixli, AZ-İİİ 899728 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 03 fevral 2017-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X8r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 dekabr 2014-cü il tarixli, AZ-İİİ 435129 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 11 dekabr 2014-cü il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X8r. İşin materiallarında olan “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik Hüquqi şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli 18-1-22/2-Q-778-42-649/2024 saylı “Ağdaş RMX” PHŞ-də dispanser qeydiyyatda olub-olmaması barədə” arayışdan görünür ki, Ağdaş rayon Dəhnəxəlil kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh həqiqətən Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Poliklinika şöbəsində 2008-ci il tarixdən “Bronxial astma, infeksion-allergik forma, tez-tez baş verən tutmalarla” diaqnozları dispanser qeydiyyatdadır. İşin materiallarında olan Mingəçevir regional “Asan” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli AZ-İİ 606456 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 24 dekabr 2023-cü il tarixdə nikahlarını 943 saylı akt qeydi ilə rəsmi qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada İsmailova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Dəhnəxəlil kənd iƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli 5-32-12/2-544/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh X5 və X3 adlı ailə üzvləri vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 15 dekabr 2013-cü il təvəllüdlü X10, 11 dekabr 2014-cü il təvəllüdlü X12 və 03 fevral 2017-ci il təvəllüdlü X9 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(014)-708/2023 saylı qətnaməsi ilə, Cavabdeh 02 may 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş 15 dekabr 2013-cü il təvəllüdlü X10, 11 dekabr 2014-cü il təvəllüdlü X12 və 03 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləığində aliment tutularaq cavabdeh X7 verilməsi qət edilmişdir. Cavabdeh Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Poliklinika şöbəsində 2008-ci il tarixdən “Bronxial astma, infeksion-allergik forma, tez-tez baş verən tutmalarla” diaqnozları qoyulmuşdur. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaqlar üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onlarla bağlı olan məsrəflərin artdığını nəzərə alaraq uşaqların saxlanmaları üçün cavabdehdən hər uşaq üçün 130 manat miqdarında alimentin tutulmasının hazırkı dövrdə kifayət etmədiyini, Cavabdeh səhhətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 15 dekabr 2013-cü il təvəllüdlü X10, 11 dekabr 2014cü il təvəllüdlü X12 və 03 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 720 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(014)-708/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 15 dekabr 2013-cü il təvəllüdlü X4, 11 dekabr 2014-cü il təvəllüdlü X6 və 03 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar