Məhkəmə qərarları › İş №2(014)-1543/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1543/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1543/2023 30.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1972-ci il tarixdə Goranboy rayonu, Xoylu kəndində doğulmuşdur. Hal-hazırda da həmin kənddə uşaqları ilə yaşayır. Özü İİİ qrup əlildir, uşaqlarından oğlu Fəqan da İ qrup əlildir, serebral iflicdir, əmək qabiliyyətsizdir, qulluğa ehtiyacı vardır, oğlu özünün himayəsindədir və özü qulluq edir. Cavabdehlə ümumi yoldaşlarının vasitəsi ilə tanış olmuşdur. O, Ağdaş rayonu, Ləki qəsəbəsi sakinidir. 2020-ci ilin təxminən may ayında cavabdeh ondan özünə pul lazım olduğundan 200 manat, sonradan 1300 manat 1 il müddətinə borc pul istəmişdir ki, problemi var, ona kömək etsin. O, da cavabdehə pul vermiş və həmin pulu aldığına görə cavabdeh öz xətti ilə ona verdiyi qəbzdə “Mən Cavabdeh Zəminə xanımdan 200 manat dəyərində pul aldım, doğruluğunu öz imzamla təsdiq edirəm imza var Cavabdeh şahidim X3 imza var Şükürov Anar 1300 manat borcum var + 200 manat cəmi 1500 var” sözlərini yazmışdır. Həmin puldan cavabdeh bu günə kimi bir manat da olsun qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 1500 manat məbləğində pulun, eləcə də 35,40 manat məbləğində dövlət rüsumu və bank xidmət pulunun alınıb iddiaçıya verilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində gösətrilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh İddiaçı iki dəfə olmaqla ümumilikdə 1500 manat məbləğində borc pul almış, həmin pulu qaytaracağını qeyd edək imzası ilə təsdiqləmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 35 (otuz beş) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh iki dəfə olmaqla ümumilikdə 1500 (min beş yüz) manat borc pul vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 1500 (min beş yüz) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və 35,40 (otuz beş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və 35,40 (otuz beş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar