Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1544/2023 16.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı 23 may 2023- cü il tarixdə borclu olduğu Ruslan adlı şəxsin kart hesabına 1500 manat məbləğində pul ödəmək məqsədilə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" y/k-də yerləşən "Şərq" adlı marketin yaxınlığında olan "xxxx" ASC-yə aid ödəmə terminalı vasitəsilə ödəniş etmişdir. Lakin Ruslan adlı şəxs ona bildirmişdir ki, pul məbləği onun kartına daxil olmayıb. O, təkrarən həmin karta baxış keçirən zaman ödəniş edərkən kartın son 8 rəqəmini səhvən 96546548 yazmaq əvəzinə 96546845 yazdığının fərqinə varmışdır, yəni pulu yanlışlıqla Ruslan adlı şəxsə aid olan karta yox, digər kart istifadəçisinə göndərmişdir. Bununla bağlı o, dərhal qaynar xətt vasitəsilə Kapital Bankla əlaqə saxlayaraq pulu səhvən digər şəxsə göndərdiyini bildirmişdir və hesabın bloklanmasını tələb etmişdir. Həmçinin həmin şəxsin mobil telefon nömrəsinin ona verilməsini də bankdan xahiş etmişdir, lakin bank tərəfindən həmin hesaba həbs qoyulmamış və həmin şəxsin mobil telefon nömrəsi ona verilməmişdir. Ertəsi gün o, yenidən "xxxx" ASC-nin qaynar xəttinə zəng etdikdən sonra bank tərəfindən həmin şəxsin mobil telefon nömrəsi ona verilmişdir. Həmin gecənin səhəri saat 15:00-də adını sonradan bildiyi Ağdaş rayonu, Tofiqli ərazi dairəsi, Tofiqli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Firudin oğlu ilə əlaqə saxlamışdır. Cavabdeh Firudin oğlu ona özünün də pul gözlədiyini, buna görə də həmin pulun 800 manatını çıxararaq xərclədiyini, kartda 700 manat məbləğində pulun qaldığını qeyd etmişdir. O, cavabdehdən heç olmasa əlində qalan 700 manat məbləğdə pulu qaytarmasını tələb etmişdir. Lakin cavabdeh ona "sonra sizə 700 manat məbləğdə pulu qaytardığımı sübut edə bilmərəm", - deyərək, veteran olduğu üçün bankdan kredit götürmək imkanının olduğunu və 1-ci gün kredit götürərək 1500 manat məbləğində pulu ona geri qaytaracağını qeyd etmişdir. Cavabdeh Firudin oğlu ilə whatsapp sosial şəbəkəsi vasitəsilə dəfələrlə əlaqə saxlasa da, cavabdeh hər dəfə ona eyni vədi vermişdir. Bunu həmin şəxslə whatsapp vasitəsilə apardıqları yazışmalar və şəxsin audio mesajları da təsdiq edir. Lakin Cavabdeh Firudin oğlu verdiyi sözü tutmamış və 1500 manat məbləğindəki pulu ona geri qaytarmamışdır. Həmçinin cavabdeh onun nömrəsini bloka atmış və Whatsapp hesabını silmişdir. Beləliklə o, cavabdehdən pulunu geri ala bilməmişdir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə məhkəməyə iddia tələbinin hazırlanması və sübutların toplanması məqsədi ilə Bakı şəhəi 20 saylı Vəkil Bürosu ilə 07 avqust 2023-cü il tarixli, 1026 saylı hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 100 (yüz) manat məbləğində ödəniş olunmuşdur. Hesab edir ki, ona ödənilməli olan pul məbləği ilə yanaşı, həmin pul məbləği də cvaabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən 25 may 2023-cü il tarixdə "xxxx" KB ASC-yə məxsus olan ödəmə terminalı vasitəsi ilə yalnışlıqla kart hesabına 1500 manat məbləğində pul köçürməyinin nəticəsində əsassız varlanmış Cavabdeh tərəfindən həmin pul məbləğinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat, hüququi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 100 manat, cəmi 1635 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia əriəsində göstərilənlərə uyğun izahat verərək cavabdeh tərəfindən 300 manat məbləğində ödəniş edildiyini, qalan borcun isə ödənilmədiyini bildirərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Abşeron rayon Polis İdarəsinin 29 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Orxan İsmayılovun raportu əsasında toplanmış material üzrə cinayət işinin rədd edilməsi və İddiaçı ona dəymiş maddi zərərlə bağlı mülki qaydada aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olmasının bildirilməsi qərara alınmışdır. İşin materiallarında olan sosial şəbəkədən çıxarışlardan görünür ki, yazışmalarda pulun səhvən göndərilməsi öz təsdiqini tapmışdır. İşin materiallarında olan 07 avqust 2023-cü il tarixli, 1026 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və ödəniş qəbzinin surətindən İddiaçı ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar X2 ilə müqavilə bağlamış və hüquqi yardımın göstərilməsi üçün X1 adına 100 manat məbləğində ödəniş etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 35 (otuz beş) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh səhvən Cavabdeh hesabına 1500 manat məbləğində ödəniş etmiş, iddiaçı səhvən ödəniş etmiş olduğu hesabın sahibini tapmış, onunla telefon əlaqəsi saxlamış, pulun geri qaytarrılmasını tələb etsə də, cavabdeh həmin puldan məhkəmə icraatı dövründə 300 manat ödəniş etmiş, qalan pulu isə geri qaytarmamışdır. Hazırda iddiaçı qalan pulun geri qayatarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. İşin faktiki halları ilə iddiaçının 1200 manat pul vəsaitinin cavabdehdə olması müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul, hüquqi yardım göstərilməsi üçün 100 (yüz) manat və 35 (otuz beş) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul, hüquqi yardımən göstərilməsi üçün 100 (yüz) manat və 35 (otuz beş) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1544/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1544/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver