Məhkəmə qərarları › İş №2(014)-1545/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1545/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1545/2023 30.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı doğma dayısı oğludur. Elton ona müraciət edərək ona borca 20000 (iyirmi min) manat pul lazım olduğunu bildirmişdir. O, da cavabdehə aralarında olan razılığa əsasən 19 noyabr 2019-cu il tarixdə 19000 (on doqquz min) manat borc pul vermişdir. Elton həmin pulu 2023-cü ilin may ayına kimi qaytaracağını söz versə də, qeyd edilən müddət gəlib çatdıqda həmin borcu verməyərək vədinə əməl etməməmişdir. Belə ki, Cavabdeh həmn 19000 (on doqquz min) manat borcu verərkən öz xətti ilə kağıza borc ərizəsi yazdırmışdır. Dəfələrlə borcunu istəsə də Cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə Cavabdeh 19000 (on doqquz min) manat pulun və ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəməyə vəsatətlə müraciət edərək bildimişdir ki, tərəfləri öyrədən şəxs məhkəmənin gedişində guya özünü cavabdeh hesab edən Cavabdeh süni hazırlanan borc münasibətinə onu cəlb edib, bundan əvvəlki məhkəmə prosesində məhkəmə tərəfindən əmlakın bölünməsi ilə əlaqədar ona verilməli olan əmlakının dəyərini bu süni tələblə əvəzləşdirmək istəyirlər. Bu süni oyunu Cavabdeh dayısı oğlu İddiaçı ilə hazırlayıblar. Bunlar hər gün bir yerdə olan şəxslərdir. Onun ailə münasibətində bu hala salan süni oyunları ilə ailəni dağıdan məhz İddiaçıdur. Hal-hazırda da guya Cavabdeh 19000 manat verməsi adı ilə süni iddia oyununu bunlar hazırlayaraq birlikdə ona qarşı məhkəmədə iddia qaldırıb dələduzluq əməlini etməyə istiqamətləniblər. Etdikləri hərəkəti şüurlu etsələr də, ancaq ortada qoymuş olduqları izləri itirə bilməyiblər. İddiaçı pul tələbi ilə iddia qaldırıb guya Eltona 19000 manat pul verdiyini bildirərək süni tərtib etdikləri qəbzi məhkəməyə təqdim ediblər. Həmin qəbzi Cavabdeh yazıb, dayısı oğlundan guya xx.xx.2019-cu il tarixində guya borc alıb, yəni qəbzə diqqət yetirsəniz qəbzin sonunda qəbzin yazılma tarixi xx.xx.2019-cu il tarix qeyd edilib. Yazılmış qəbzin mürəkkəbi, yazılmış iddia ərizəsindəki imzanın mürəkkəbi ilə eynidir. Bundan başqa yazılmış qəbz xx.xx.2019-cu ildə tərtib edilibsə, həmin yazının yəni qəbzin həm mürəkkəbi, həm rəng baxımı, həm saxlanma şəraiti həmin qəbzin iddia ərizəsi verildiyi tarixlərdə yazıldığını birbaşa deyir. Deməli, yazılan qəbz 2019-cu ildə 15 yanvar tarixində yazılmamışdır. Qəbzdə saxtakarlıq edilərək bilərəkdən və qəsdən onu guya Eltonla ailə münasibətlərində olduğu müddətə salaraq guya süni pul iddiasının əhatə dairəsinə onu istiqamətləndirmək istəyirlər. O, bu səbəbdən də xəttşünaslıq ekspertizasının keçirilməsini, iddia ərizəsində olan imzanın mürəkkəbinin qəbzdə olan mürəkkəblə eyniliyinin müəyyən edilməsini, habelə pul qəbzi altında tərtib edilmiş Cavabdeh yazmış olduğu qəbzin xx.xx.2019-cıı il tarixini və yaxudda son dövrdə yəni, yaxın zamanda yazılıbyazılmamasını, hətta həmin qəbzin yazılma müddəti yaxınlığının hansı vaxtda tərtib edilməsini müəyyənləşdirilməsini xahiş edir. Bu səbəbdən də hazırkı qəbzə xəttşünaslıq ekspertizasının keçirilməsi üçün müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Onlar ərarvad dövründə heç bir vaxt İddiaçı heç bir borc məbləği götürməmişlər. Cavabdeh kənddə bir neçə mağazası, fərdi yaşayış evləri mövcuddur ki, onun Nəsimi kimin adamın bir neçəsini pulla almaq imkanı vardır. O, belə bir borc qəbzini ailə olduqları dövrdə nə görmüş, nə də bundan xəbərdar olmuşdur. Cavabdeh heç bir halda kimdənsə pul götürməyə heç vaxt ehtiyacı olmayıb. Elə bir şeyi ona bildirmədən heç vaxt edə bilməzdi. Onun dedikləri tam yalan və xülyadır. Ümumi niyyəti Nəsimi ilə birləşərək üzərində olan 13000 manat olan pulun ona verilməməsinə yönəlib. İddianı tamamilə rədd edir. Onun iştirakı olmadan məhkəmə prosessini keçirərək iddianı ona münasibətdə rədd edilməsini və saxta tərtib edilmiş pul qəbzinin aydınlaşdırılaraq bu dələduzluq oyununa hüquqi əsaslarla qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək Cavabdeh dayısı oğlu olduğunu, ona pul lazım olduğundan xx.xx.2019-cü il tarixdə 19000 manat məbləğində borc pul verdiyini, pul verərkən Cavabdeh qəbz yazdıraraq imza etdirdiyini, lakin həmin qəbzi itirdiyini, işin materiallarına əlavə edilmiş qəbzi yenidən tərtib etdiyini, cavabdehin həmin məbləği nə üçün istədiyini və aldıqdan sonra nə üçün istifadə etdiyi barədə məlumatının olmadığını, həmin puldan Cavabdeh arvadı Şəfa Cəfərovanın məlumatının olub-olmadığını bilmədiyini, Şəfa Cəfərovaya borc barəsində heç bir söz demədiyini, sonradan "Ford" markalı maşın aldığını bildirdi. Cavabdehdən pulunu geri istəsə də, cavabdeh tərəfindən həmin pulun geri qaytarılması üçün hər hansı bir hərəkət edilməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək iddiaçının bibisi oğlu olduğunu, ondan pula ehtiyacı olduğundan xx.xx.2019-cu il tarixdə İddiaçı 2023-cü ilin may ayına kimi 19000 manat borc pul aldığını, pulu almasına dair qəbz yazaraq imza etdiyini, həmin pulu evdə saxladığını, hər zaman evdə 20000 manata qədər pul olduğunu və arvadı Şəfa Cəfərovanın bu barədə məlumatı olduğunu, sonradan həmin pulun bir hissəsinə "Ford" markalı avtomaşın, bir hissəsinə isə ev üçün mebel dəsti aldığını, həmin mebel dəstinin nikah pozularkən Şəfa Cəfərova tərəfindən aparıldığını, hazırda pulun tam ödənilməsi üçün imkanının olmadığını, borc məbləğinin yüksək olduğunu və hissə-hissə ödəyəcəyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs qismində cəlb olunmuş X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh 2019-cü ilin yanvar ayının 15-də qohumu İddiaçı 19000 manat borc almış, həmin borc pulu 2023-cü ilin may aylına kimi qaytaracağını qeyd edərək imzası ilə təsdiqləmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 arasında nikah pozulmasından sonra Cavabdeh üzərində 13000 manat məbləğində pulun X2 ödənilməsi öhdəliyi vardır. Cavabdeh həmin öhdəlikdən yayınmaq üçün qohumu İddiaçı ilə razılığa gələrək mövcud olmayan borcun alınmasına dair Cavabdeh sənəd yazaraq imza etmiş, bununla da iddiaçı tərəfindən cavabdehin üzərinə 19000 manat məbləğində pul öhdəliyinin qoyulmasında məqsəd cavabdehin həmin 13000 manat məbləğində borc öhdəliyindən yayınmasıdır. İddiaçı cavabdehə borc pul verməsini bildirsə də, onlar arasında etibarlı borc müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur. Buna görə də onlar arasında etibarlı müqavilə münasibəti yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imzaladığı müqavilə uydurma olmaqla etibarsızdır. Belə ki, məhkəməyə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış əlyazma müqaviləni özləri də etiraf edirlər ki, son aylarda tərtib ediblər. Daha əvvəl də aralarında bu barədə yazılı müqavilə olmasını, lakin itirdiklərini desələr də, bu hal işin halları ilə təsdiq olunmur. İddiaçı ilə cavabdehin qohumluq münasibətlərində olması, aralarındakı müqavilənin cavabdehin nikahının pozulduqdan və cavabdehin arvadının ondan birgə nikah dövründə əldə olunmuş əmlakların dəyərini tələb etdikdən sonra tərtib olunması, cavabdehin arvadının (hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) onun xeyli miqdarda borc alması barədə məlumatlı olmaması, onun həmin məbləği ailə təsərrüfatına xərcləməsinin təsdiq olunmaması onlar arasında bağlanmış müqavilənin uydurma olmasını deməyə kifayət qədər əsas verir. Əgər onlar arasında şifahi inam əsasında borc münasibət var idisə, onların sonradan da yazılı sənəd tərtib etməyə ehtiyacları olmamalı idi və ya olduğu təqdirdə indi də bunu məhkəməyə müraciət etmədən öz aralarında həll edə bilərdilər. Göründüyü kimi bu uydurma əqdin bağlanmasında məqsəd cavabdehin birgə nikah dövründə guya borcunun olmasını məhkəmə qətnaməsi əsasında müəyyən etməkdir. Tərəflərin öz aralarında bağlanmış borc müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmamış, yalnız görünüş üçün bağlanmışdır. Nə iddiaçı cavabdehə borc vermiş, nə də əslində onun iddiaçıya borc qaytarmaq niyyəti var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar