Məhkəmə qərarları › İş №2(014)-1555/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1555/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1555/2021 21.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.02.2015-ci il tarixində "xxxx" BOKT MMC-nin Ağdaş filialından kredit müqaviləsi bağlayaraq 18 ay ödəniş cədvəli ilə 2600 manat pul götürmüşdür. Müqavilə bağlanarkən cavabdeh təcili pula ehtiyacı olduğunu bildirərək BOKT MMC-dən götürdüyü pulun 1554 manatını istəmişdir. Tezliklə ödəyəcəyinə onu əmin edərək aralarında şifahi olaraq razılaşmışlar. Aralarındakı razılaşmaya əsasən 2600 manat kredit məbləğini "xxxx" BOKT MMC-dən aldıqdan sonra cavabdehə 1554 manat borc pulu vermişdir. Ancaq zaman keçdikcə cavabdeh həmin borc məbləğini ödəməkdən boyun qaçırdır. Cavabdeh nə "xxxx" BOKT MMC-yə, nə də ona verdiyi vədə əməl etmədi. Qısa müddətdən sonra cavabdeh üzərinə düşən öhdəliyi ödəmədiyi üçün həmin kredit borc müqaviləsinə əsasən "xxxx" BOKT MMC onu məhkəməyə vermişdir. Ağdaş Rayon Məhkəməsinin qərarı ilə ondan "xxxx" BOKT MMCnin xeyrinə 3367 manat pulun ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh "xxxx" BOKT MMC-də öz xətti ilə izahat verərək məhkəmə qərarı ilə müəyyən olunmuş 3367 manat borcun 1554 manatının ona məxsus olduğu bildirirərək ödəyəcəyinə dair yazılı söz vermişdir. Ancaq verdiyi heç bir sözünə əməl etməmişdir. Çox təəssüf ki, o, cavabdeh tərəfindən aldadıldığını, ona olan etibarından sui-istifadə etdiyini sonradan anlamışdır. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də bugünədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcburdur. Həmçinin, cavabdehdən pulunu bugünədək ala bilmədiyi üçün ona təqribən bugünədək 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Nəticədə cavadehin hazırda ona 1554 (min beş yüz əlli dörd) manat borcu və bugünədək təqribən 800 (səkkiz yüz) manat məbləğində dəymiş maddi zivanı vardır. Göstərilənlərə əsasən Cavabdeh 1554 (min beş yüz əlli dörd) manat miqdarında borcun, bugünədək təqribən 800 (səkkiz yüz) manat məbləğində ona dəymiş maddi ziyanın, həmçinin ödənilmiş 30,4 manat dövlət rüsumumun cavabdehdən alınıb onun xeyrinə ödənilməsini haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək borcunu qismən qəbul etmiş, həqiqətən də iddiaçıya 1554 manat borcunun olduğunu, həmçinin ona hesablanmış faizləri ödəməli olduğunu bildirmiş, lakin faizlərin dəqiq məbləğini bilmədiyini və faizlərin dəqiq məbləğini bilərsə, həmin pulu da ödəməyə etiraz etməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" BOKT MMC-nin 21 noyabr 2015-ci il tarixli, № 253 saylı bildirişindən görünür ki, İddiaçı MMC tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli, 2(014)-2405/2015 saylı məhkəmə əmrindən görünür ki, xx.xx.1958-ci ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş rayonu M.İsayev küçəsi 1-də yaşayan İddiaçı və 01.09.1960-cı ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri. M.isayev küçəsi 1-də yaşayan X1 müştərək qaydada Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi 115-də yerləşən "xxxx" MMC-nin xeyrinə 2387.22 manat məbləğində əsas borc, 299.5 manat taiz borcu, 659,35 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu və 1 manat dövlət rüsumuna dair xidmət haqqının tutulması, cəmi 3367 manat 08 qəpik pul vəsaitinin tutulması əmri verilmişdir. İşin materiallarında olan Cavabdeh "xxxx" MMC-yə yazdığı ərizədən görünür ki, Cavabdeh izahat verərək məhkəmə qərarı ilə müəyyən olunmuş 3367 manat borcun 1554 manatının ona məxsus olduğu bildirərək ödəyəcəyinə dair yazılı söz vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 1554 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş ziyanın ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin dəymiş ziyanın ödənilməsi vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı dəymiş ziyanın ödənilməsi öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan əlavə, məhkəmə iddia tələbinin 800 manat ziyanın dəyməsi ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tələbinin bu hissəsini əsaslandırmaq üçün məhkəməyə sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 1554 (min beş yüz əlli dörd) manat məbləğində borc və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1554 (min beş yüz əlli dörd) manat məbləğində borc və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar