Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1556/2025 28.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 manat pulun və ödənilmiş 166 manat dövlət rüsumunu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2024-cü ilin əvvəllərində ona müraciət edərək 25000 manat pul lazım olduğunu bildirmiş, o da, hissə-hissə olmaqla həmin 25000 manat pulu ona vermişdir. Aralarında olan razılığa görə Elcan həmin borcu 2024-cü ilin avqust ayında qaytarmalı idi. Lakin dəfələrlə cavabdehdən aldığı pulu ödəməsini tələb etsə də müxtəlif bəhanələr gətirərək pulu ödəməmişdir. Cavabdeh ondan aldığı pul vəsatini aralarında olan telefon danışıqlarında və üzbə-üz oturub söhbət edən zamanı etiraf edərək, qısa müddət ərzində ödəyəcəyini bildirsə də, verdiyi vədlərə əməl etməmişdir. Onun tərəfindən aldandığını başa düşmüş və buna görə də mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh 25000 (iyirmi beş min) manat pul və ödənilmiş 166 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh oğlu onun dostudur. Elcana pul lazım olduğundan ona müraciət etmiş, o da Elcana 25000 manat borc pul vermişdir. Lakin Elcan hər dəfə borcunu ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. İddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230874 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 16 mart 2024-cü il tarixdə, saat 14:46-da Cavabdeh hesabına 5000 (beş min) manat məbləğində pul köçrülmüşdür. 230875 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 16 mart 2024-cü il tarixdə, saat 14:50-də Cavabdeh hesabına 2000 (iki min) manat məbləğində pul köçrülmüşdür. 89729325 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 02 aprel 2024-cü il tarixdə, saat 19:16-da Cavabdeh hesabına 5000 (beş min) manat məbləğində pul köçrülmüşdür. 89729325 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 02 aprel 2024-cü il tarixdə, saat 19:20-də Cavabdeh hesabına 3000 (üç min) manat məbləğində pul köçrülmüşdür. **********0 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 23 iyul 2024-cü il tarixdə, saat 12:56-da Cavabdeh hesabına 5000 (beş min) manat məbləğində pul köçrülmüşdür. **********2 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 23 iyul 2024-cü il tarixdə, saat 13:22-də Cavabdeh hesabına 2500 (iki min beş) manat məbləğində pul köçrülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə olan səs yazılarından müəyyən edilir ki, Cavabdeh İddiaçı 25000 manat məbləğində pul götürdüyünü etiraf edir. Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli 5-32-12/2-Y-1804/2025 saylı məktubdan görünür ki, məhkəmə sənədləri Cavabdeh ailə üzvlərinə çatdırılması (xalası Şirinova Könül) təmin edildi. ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Ağdaş Rayon Məhkəməsinə müraciət edilməsi üçün 166 (bir yüz altmış altı) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh hissə hissə olmaqla ümumilikdə 25000 manat məbləğində borc pul vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 25000 (iyirmi beş min) manat borcu yaranmışdır. Bu fakt iddia ərizəsinə əlavə edilmiş qəbzlər ilə, eyni zamanda Cavabdeh İddiaçı arasında olan səs yazıları ilə tam sübuta yetir. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. İşin faktiki halları ilə iddiaçının 25000 manat pul vəsaitinin cavabdehdə olması müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 25000 (iyirmi beş min) manat borc və 166 (bir yüz altmış altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat borc və 166 (bir yüz altmış altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1556/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1556/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver