Məhkəmə qərarları › İş №2(014)-1589/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1589/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1589/2023 06.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı Hacbala qızının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Hacbala qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacbala qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Hacbala qızı Cavabdeh ilə 16 avqust 2017-ci ildə nikaha daxil olub ailə qurmuşdur. Bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 adında övladları dünyaya gəlmişdir. Aralarında olan nikah qeydi Ağdaş Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli iş № 2(014)-1143/2019 saylı qətnaməsi ilə pozulmuş 21 avqust 2017-ci il tarixli X2 onun himayəsində qalması, uşağın 18 yaşına çatanadək saxlanılması üçün 120 manat alimentin tutulması qət edilmişdir. O, hal-hazırki çətin vəziyətinin nəzərə alınmasını, qiymətlərin həddindən artıq bahalanmasını, uşağın saxlanılmasında baş verən çətinliklərin nəzərə alınmasını istəyir. Məhkəmə qətnaməsi ilə müəyyən olunan 120 manat aliment uşağın saxlanılmasını təmin etmir. Cavabdeh fərdi əməklə məşğuldur. Kifayət qədər işi və qazancı vardır. Həm taksi fəaliyyəti ilə həm də ticarətlə məşğuldur. Uşağın xəstələmnəsi, geyim-keçimi, dava-dərmanı hamısı onun üzərindədir. O isə heç bir yerdə işləmir. Azyaşlı körpə uşağını saxlayıram. Ciddi çətinliklə üzləşmişib. Minimum aliment məbləği ilə uşağın gündəlik qida tələbatını ödəmək belə mümkün deyil. O, bu səbəbdən də alimentin artırılması ilə bağlı müraciət etmək məcburiyyətində qalıb. İddianı müdafiə edir. Cavabdehin hər cür maddi imkanı vardır ki, uşağının alimentində daha aktiv iştirak eləsin. Cavabdeh qeyd etdiyim kimi həm fərdi əməklə məşğuldur, həm də dövlət müəssisələrindən birində işləyir. Hazırki aliment məbləği çox azdır. Uşağın saxlanılmasına bəs etmir. Bu səbəbdən də hazırki minumum aliment məbləğinin uşağın minimum saxlanılma şəraitinə və hazırki reallığa uyğun olaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Hacbala qızının nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qət edilmiş alimenti vaxtı-vaxtında ödədiyini, maddi imkanının zəyif olduğunu bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Hacbala qızı xx.xx.1994-cü il tarixdə Ağdaş rayonunun Eymur kəndində anadan olmaqla, Ağdaş rayonunun Eymur kəndində qeydiyyatdadır. İşin materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV seriyalı, № 022260 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı Hacbala qızıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-1143/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq 21 avqust 2017-ci ildə anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı Hacbala qızının xeyrinə hər ay 120 manat alimentin tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, xx.xx.2019-cu il tarixli iş № 2(014)-1143/2019 saylı saylı qətnaməsi ilə tərəflər arasında qeyd edilmiş nikah pozulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin 14 iyun 2019-cu il tarixdən başlayaraq alınıb İddiaçı Hacbala qızına verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 200 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 120 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı Hacbala qızının birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Hacbala qızına verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Hacbala qızının birgə nikahlarından anadan olmuş xx.xx.2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Hacbala qızına verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar