Məhkəmə qərarları › İş №2(014)-1604/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1604/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1604/2025 04.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 8000 (səkkiz min) manat pulun və dövlət rüsumu hesabına ödəmiş olduğum 100 (bir yüz) manat pulun məcburi qaydada alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə qızı X2 evlənərək ailə qurmuşlar. Onlar evli olan zaman cavabdehlər ondan 5000 manat və 3000 manat olmaqla ümumilikdə 8000 manat borc almışlar. Sonradan dəfələrlə cavabdehlərdən borcunu istəsə də borclarını ödəməyərək pulunu qaytarmadılar. Sonradan dəfələrlə cavabdehlərdən aldığı pulu ödəmələrini tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulu ödəmədilər. Cavabdehlər ondan aldığı pul vəsaitini aralarında olan telefon danışıqlarında etiraf edirlər və qısa müddət ərzində ödəyəcəyini bildirirlər, lakin cavabdehlər verdikləri vədlərə əməl etməmişlər. Onlar tərəfindən aldandığını başa düşmüş və buna görə də mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq ona ödənilməlidir. Cavabdeh2 16 sentyabr 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi verərək bildirdi ki, iddiaçı - X3 ona və digərlərinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər - X10, X8 və Cavabdeh3 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(014)-1604/2025 saylı mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. Onunla birgə iddia ərizəsində qeyd edilən digər cavabdehlər oğlu və həyat yoldaşıdır. O iddiaçının onlara qarşı bu əsassız iddia tələbini qəti şəkildə qəbul etmir. Möhtərəm hakim, ilk əvvəl bildirmək istəyir ki, onlar ailə üzvü olan cavabdehlər Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olsalarda, faktiki olaraq Bakı şəhərində yaşayırlar. Hətta bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli arayışda verilmişdir. Həmin arayışı o etiraz ərizəsinə əlavə edir. İddiaçının onlara qarşı əsassız iddia tələbinə gəldikdə isə oğlu iddiaçının qızı X5 ilə evlilik müddətində bildirir ki, onlara əvvəlcə 5 000 manat daha sonra isə 3 000 manat məbləğində borc pul vermişdir. Həmin pullar iddiaçıya qaytarılmışdır. Sadəcə onların aralarında əvvəllər qohumluq münasibəti olduğu üçün pulu alanda və verəndə aralarında rəsmi şəkildə razılıq yox, yalnız danışıqlar olmuşdur. Belə ki, oğlu Yusif ilə iddiaçının qızı Sevil arasında olan ailə münasibətləri pozulduğu üçün və onların hazırda onlara olan münasibəti kinli olduğu üçün ödədikləri pulları onlardan bir daha tələb edirlər. Hal-hazırda da Ağdaş Rayon Məhkəməsinin hakimi xanım Fidan Ələkbərovanın icraatında 2(014)-1606/2025 saylı mülki iş vardır. Belə ki, həmin iddia tələbində 2(014)-1604/2025 saylı mülki iş üzrə iddiaçının qızı Sevil Abdullayeva da onlardan şişirdilmiş məbləğdə yəni 4000 manat məbləğində pul tələb edir. Həmin iddia ilə də bağlı etirazlarını məhkəməyə ünvanlamışlar. Belə çıxır ki, iddiaçı tərəf onlarla olan qərəzli və şəxsi münasibətlər səbəbindən şər-böhtan xarakterli iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Onlar isə qəti şəkildə həmin iddia tələblərini qəbul etmirlər. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdehlərlə qohumdurlar. Cavabdehlər Bakı şəhərində yaşadıqlarından o, Ağdaşdan cehiz alıb Bakıya aparmaq istəməmiş, həmçinin cavabdehin evində nəyə ehtiyacı olduğunu bilmədiyindən cavabdehlərlə razılaşaraq ehtiyac olan cehiz əşyalarını almaları üçün onlara 8000 manat pul vermişdir. Həmin puldan 3000 manat bir dəfəyə, 5000 manat bir dəfəyə vermişdir. Bu danışıqlar toydan əvvəl olmuşdur. Qızının rəsmi nikahı olmamış, 2021-ci ilin may ayının 8də toyu olmuş və qızı cavabdehlərin evinə gəlin köçmüşdür. Həmin pulu vermək üçün o, həyətində olan heyvanları satıb, pulu toplamışdır. Məhkəməyə təqdim etdiyi səs yazısı cavabdeh Səbinənin qardaşı ilə onun arasında olan səs yazısıdır. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, 08 may 2021-ci il tarixdə oğlu ilə iddiaçının qızının toyları olmuşdur. İddiaçı ona hə hansı məbləğdə pul verməmişdir, iddiaya etiraz onun tərəfindən yazılıb imzalanmışdır. Qeyd olunan məbləğ də iddiaçıya qaytarılmışdır. Qızın cehizləri onun evindədir, gəlib apara bilərlər, lakin o, iddiaçıya pul verməyəcək. İddia tələbini qəbul etmir. CD diskdə olan səs yazısı qardaşına məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan 1 ədəd CD diskdən görünür ki, Cavabdeh2 da etiraf etdiyi kimi danışıqlar Cavabdeh2 qardaşı və İddiaçı arasında aparılmış, iddiaçı cavabdehə 8000 manat məbləğində pul göndərdiyini bildirir, Cavabdeh2 qardaşı isə həmin pulun oğlu ilə göndərildiyini qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 8000 (səkkiz min) manat pulun alınaraq ona verilməsini tələb edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməsə də, məhkəməyə göndərdiyi və məhkəmə iclasında özü tərəfindən yazıldığını etiraf etdiyi etirazda iddiaçının ona 8000 manat pul göndərdiyini yazılı şəkildə etiraf etmiş və həmin pulu qaytardığını bildirmiş, lakin pulu qaytarmasına dair nə etirazında, nə də ki məhkəmə iclasında hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı cavabdehlərə cehiz almaq üçün pul verdiyini bildirsə də məhkəmə iclasında 8000 manat pulun cavabdehlərə verilməsi öz təsdiqini tapmış, lakin həmin pulun cehiz əşyalarının alınması üçün verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8000 (səkkiz min) manat borc və 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8000 (səkkiz min) manat borc və 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar