Məhkəmə qərarları › İş №2(014)-1607/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1607/2021

27.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1607/2021 27.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı6,İddiaçı4,İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı4,İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayonu, Ağzıbir kəndində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,15 hektar həyətyanı torpaq sahəsində DƏDRX-in 17 saylı ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı3 iddialarını onunla əsaslandırmışlar ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli qərarı ilə Ağdaş rayonunun Ağzıbir kənd ərazisində X1 və onların ümumbirgə mülkiyyətinə 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətçi X5 13 may 2006-cı ildə X4 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və nikah bağlandıqdan sonra qadın ərinin İbrahimova soyadını qəbul etmişdir. Mülkiyyətçi X3 02 iyun 2011-ci il tarixdə Ağdaş rayonunun Ağzıbir kəndində vəfat etmişdir. Onun ölümündən sonra qeyd edilən 0,15 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. 0,15 hektar həyətyanı torpaq sahəsinə dair şəhadətnamə verilsə də, onun üzərində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçirilməmişdir. Nəzərə çatdırmaq istəyir ki, vərəsəlik işinin açılması ilə əlaqədar 0,15 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin DƏDRX-də qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tələb olunur. 0,15 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən qeyd olunan ünvana getmiş, lakin cavabdelər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Qısası torpağın və evin sənədləşdirilməsi üçün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də mübahisə olduğu, yəni cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və onların reyestr xidmətinə müraciətinin cavablandırılması mümkün olmamışdır.Hesab edirlər ki, iddia əsaslıdır, odur ki, iddianın təmin edilməsini xahiş edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı5 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər,cavabdehlər işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Məhkəmə iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı5 və İddiaçı3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, torpağın və evin sənədləşməsi üçün gələn nümayəndələrə hər hansı maneçilik göstərməmişdir. Hesab edir ki, iddia əsassızdır,odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfindən mübahisə predmeti olan torpaq sahəsini ölçməyə gələnlərə hər hansı maneçilik törədilməmişdir. Odur ki, iddia əsassız olduğu üçün iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, torpaq islahatı zamanı Ağdaş rayonu,Ağzıbir kəndində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-cı il tarixli, 03 saylı qərarına əsasən İddiaçı6, İddiaçı4, İddiaçı1, İddiaçı2,X5 və İddiaçı3, X2 mülkiyyətinə verilmişdir və bu barədə adına JN-030A saylı ( kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 may 2006-cı ildə X4 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və nikah bağlandıqdan sonra qadın ərinin İbrahimova soyadını qəbul etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 iyun 2011-ci ildə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 19 iyun 2021-ci il tarixli İddiaçı2 ünvanlanan məktubdan görünür ki, 10 iyun 2021-ci il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə mühəndis-inventarlaşdırıcı M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin Cavabdeh1 torpaq sahəsinin fiziki sərhədləri ilə bağlı mübahisə olduğunu bildirərək, müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətşi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı gstürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətççi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən torpaq sahəsinin və üzərində yerləşən evin sənədləşdirilməsi üşün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də tərəflər arasında mübahisə olduğu, cavabdehlər maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və reyestr xidmətinə müraciətin cavablandırılması mümkün olmamışdır. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin əmlak və əsaslı mənafeləri, iddiaçının ödənilmiş dövlət rüsumunu tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçilik törədilən suni maneələrə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar