Məhkəmə qərarları › İş №2(014)-1615/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1615/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1615/2021 27.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh1 iştirakı ilə BOKT "xxxx" QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı Kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: BOKT "xxxx" QSC Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT "xxxx" QSC-nin xeyrinə 1090 manat əsas borc, 163,50 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1253,50 manat borcun və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC iddiasını onunla əsaslandırmışdır ki, BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 0%-lə 18 ay müddətinə 1625 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 02 iyun 2021-ci il tarixədək 1090 manat əsas borc, 163,50 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1253,50 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Odur ki, cavabdehlərdən müştərək qaydada BOKT "xxxx" QSC-nin xeyrinə 1090 manat əsas borc, 163,50 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1253,50 manat borcun və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edir. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi İ.Abdullayev məhkəməyə teleqrama göndərərək iddia tələbinin azaldılmasını belə ki, cavabdehlərdən müştərək qaydada 1090 manat əsas borcun, 133,50 manat cərimə borcunun, 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmiş, həmçinin işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, bankdan kredit götürmüş, hər ay mütamadi olaraq borc üzrə ödənişlər etsə də, sonradan maddi vəziyyətinin pisləşməsi səbəbindən banka ödəniş edə bilməmişdir. Hazırda iddianı qismən qəbul etsə də, ayda az-az ödəniş olunması üçün şərait yaradılmasını,həmçinin cərimə borcunun azaldılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 0%-lə 18 ay müddətinə 1625 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 02 iyun 2021ci il tarixədək 1090 manat əsas borc, 163,50 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1253,50 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının nümyəndəsi iddia tələbini azldaraq cavabdehlərdən müştərək qaydada 1090 manat əsas borcun, 133,50 manat cərimə borcunun, 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır.Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə 133,50 manat dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 1090 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 133,50 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 133,50 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 10 manat həddində təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməli,iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1090 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 1100 manat (bir min bir yüz manat) borc və 30,40 manat (otuz manat qırx qəpik) ödənilmiş dövlət rüsumu tutularaq BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar