Məhkəmə qərarları › İş №2(014)-1622/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1622/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1622/2022 21.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cari 2022-ci ilin iyun ayında bu iddia üzrə cavabdeh olan Cavabdeh ona qarşı mülki hüquq pozuntusu törətmişdir. 2022-ci ilin iyun ayında özünə məxsus 1975-ci il istehsalı olan 1 (bir) ədəd 40 litrlik od samovarını təmir etmək üçün cavabdehə təhvil vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh onun samovarını təmir edərək ona zəng etməli, o isə gəlib samovarını götürərək ona təmir haqqı ödəməli idi. Cavabdehlə razılaşdıqları müddət bitdikdən sonra cavabdehin ona zəng etməməsi səbəbindən o, bir neçə dəfə onun emalatxanasına gedərək onu orada tapa bilmədiyindən onun yaşadığı Pirəyir kəndinə gedərək öz samovarı barədə maraqlanmışdır. Cavabdeh başqa təxirəsalınmaz işləri olduğundan hələ samovarını təmir edə bilmədiyini söyləyərək tez bir zamanda bunu edərək samovarını qaytaracağını vəd etmişdir. Bundan sonra dəfələrlə cavabdehin onun zənglərinə cavab vermədiyindən o, yenə də onun evinə getmişdir. Lakin onu evdə tapmadığından onun həyat yoldaşından Namiqin onunla əlaqə saxamasını xahiş etmişdir. 2022-ci ilin iyul ayının 28-dək cavabdehin onun zənglərinə cavab verməməsi və ondan gizlənməsi səbəbindən onun samovarını mənimsədiyini düşünmüşdür. Qeyd edilən vaxt həmin məsələ ilə bağlı polis şöbəsinə müraciət etmişdir. Müraciəti ilə bağlı Ağdaş rayon Polis şöbəsinin ona təqdim etdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunda qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı bidirilərək işlə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh samovarın həqiqətən ona təmir üçün verildiyini və samovarı ehtiyacı olduğu üçün 350 manata satdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Qənimət onun həmkəndlisidir. Qənimət özünə məxsus samovarı Namiqin yanına təmir üçün apararkən o da Qənimətin avtomobilində olmuşdur. Ondan samovarı hara aparmasını soruşduqda, təmir etdirmək üçün apardığını bildirmişdir. Sonra onlar adını sonradan eşitdiyi Namiq adlı şəxsin işlədiyi yerə getmiş və Qənimət orada Namiqə samovarı təmir üçün vermişdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 29/132- 17600x-3222 saylı məktubundan görünür ki, İddiaçı müraciətində cinayət və ya inzibati xəta tərkibi müəyyən olmamışdır. Aidiyyatı üzrə məhkəməyə müraciət etməyi hüququ izah olunmuşdur. İşin materiallarında olan Əmlak Qiymətləndirmə MMC-nin xx.xx.2022-ci il tarixli, ƏQ-00240/2022 saylı rəyindən görünür ki, 1975-ci il istehsalı olan 40 (qırx) litirlik 1 (bir) ədəd mis od samovarının hazırki orta bazar dəyəri 700 (yeddi yüz) manat təşkil edir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehə təmir üçün 1975-ci il istehsalı olan 40 (qırx) litirlik 1 (bir) ədəd mis od samovarı vermişdir. Cavabdeh həmin samovarı satmış və iddiaçıya 700 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 700 manat miqdarında ziyan və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 700 manat miqdarında ziyan və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar