Məhkəmə qərarları › İş №2(014)-1636/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1636/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1636/2021 09.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh gəlini X1 əmisidir. Cavabdeh 2015-ci il tarixdə başqa şəxslə dalaşdığı üçün ona pul lazım olduğunu, özü bankdan kredit götürdüyü üçün bankdan kredit götürə bilmədiyini ona bildirmiş və ondan öz adına "xxxx" ASC-nin nın Ağdaş filialından 1500 manat pul götürüb ona verməyini xahiş etmişdir. Cavabdeh kredit müqaviləsi əsasında götürəcəyi pulu faizi ilə birlikdə cədvəl üzrə hər ay onun adından banka ödəyəcəyinə söz vermişdir. O, qohum olduqları üçün ona inanmış və ona kömək etmək qərarına gəlmişdir. 25 iyun 2015-ci il tarixdə o, "xxxx" ASC-nin Ağdaş filialına gedərək onun adına tərtib edilmiş 24.06.2015-ci il tarixli, 759-24 saylı 3 illik təminatlı kredit müqaviləsinə imza etmiş və 1550 manat pul Cavabdeh verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə o, hər ay 62 manat "xxxx" ASC-nin Ağdaş filialına faizi ilə birlikdə kredit ödəməli olmuşdur. Lakin pulu faktiki olaraq Cavabdeh aldığı üçün o, hər ay 62 manat pulu onun adından banka ödəməyinə söz vermişdir. 2015-ci ilin iyul ayından 2016-cı ilin aprel ayına kimi Cavabdeh onun adından götürdüyü kreditin aylıq ödənilən məbləğini hər ay nağd şəkildə onun adından "xxxx" ASC-nin Ağdaş filialına ödəmişdir. O, 7 ay ərzində kredit məbləğindən cəmi 434,30 manat pulu banka ödəmiş, bundan sonra isə ödəməni dayandırmışdır. O, yaşa görə ayda 259,78 manat əmək pensiyası alır. Cavabdeh kredit məbləğini ödəmədiyi üçün 08 aprel 2016-cı ildən başlayaraq 08 iyun 2018-ci il tarixə kimi "xxxx" ASC-nin Ağdaş filialı hər ay onun pensiyasından 62 manat, cəmi 1612 manat pulu kredit və faiz hesabına tutmuşdur. Onun pensiyasından hər ay 62 manat olmaqla cəmi 26 ay üzrə 1612 manat pul banka ödənilmişdir. O həmin vaxtdan Cavabdeh pensiyasından tutulan pulu tələb etməyinə baxmayaraq, o, hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Onun təkidi ilə cavabdeh təxminən il yarım bundan əvvəl kənd avtobusunu idarə edən Xanbala Müzəffər oğlu adlı şəxsin vasitəsilə ona hər ay 50 manat olmaqla cəmi 350 manat, 2020-ci ilin noyabr, dekabr aylarında və 2021-ci ilin yanvar, fevral, mart, aprel aylarında isə hər ay 50 manat olmaqla cəmi 300 manat marketdə işləyən Təbriz Muğdət oğlu adlı şəxsin vasitəsilə göndərmişdir. Bundan sonra isə o, qəti olaraq ona borclu olduğu 962 manat pulu ödəməkdən imtina etmişdir. O, Cavabdeh hərəkətləri barədə Ağdaş rayon Polis şöbəsinin sahə müvəkkilinə müraciət etdikdə ona bildirmişlər ki, pulun alınması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. O, 65 yaşlı qoca anadır, əri isə xərçəng xəstəsidir. Onun pensiyasından tutulan və Cavabdeh ona borclu olduğu 962 (doqquz yüz altmış iki) manat məbləğində pul və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumu alınıb ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddiaçıya borcu olmadığnı bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 24 iyun 2015-ci il tarixli, 759-24.06.2015-AGD59 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 1550 manat məbləğində kredit vermişdir. Lakin iddiaçı bankdan götürdüyü krediti cavabdehə verməsinə dair, həmçinin, cavabdehin ona 962 manat məbləğində borcu olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən İddiaçı 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 1550 manat məbləğində kredit vermişdir. Həmin pulun İddiaçı tərəfindən Cavabdeh borc verilməsinə dair iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar