Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1637/2023 29.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh olan Cavabdeh ilə 2019ci ilin əvvəllərində tanış olmuş və ondan sonra aralarında dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin iyul ayında cavabdeh ona əhaliyə ödənişli xidmətlər fəaliyyəti ilə məşğul olmağa başladığını, lakin maddi vəziyyəti ağır olduğundan lazım olan materialları almaqda çətinlik çəkdiyini bildirərək biznes fəaliyyətini nizama salmaq məqsədi ilə ona 9000 (doqquz min) manat borc pul verməyi xahiş etmişdir və onu əmin etmişdir ki, əgər o, cavabdehə borc verərsə o, bu borcun 3000 (üç min) manatını 2022-ci ilin yanvar ayında, qalan 6000 (altı min) manatını isə həmin, 2022-ci ilin iyun ayına qədər qaytaracaq. O, cavabdehin səmimiliyinə inanaraq 2019-cu ilin avqust ayında ona 9000 (doqquz min) manat məbləğində borc pul vermişdir. Cavabdeh ondan almış olduğu pulun 3000 (üç min) manatını 2022-ci ilin yanvar ayında qaytarmağa söz verməsinə baxmayaraq 2022-ci ilin mart ayına qədər cavabdeh ona heç nə ödəmədiyindən və həmçin o, cavabdehin ondan da başqa digər şəxslərdən pul alaraq onu mənasız yerə xərcləyərək çətin maddi vəziyyətə düşməsindən xəbər olduğundan ondan borcunun qaytarılmasını tələb etmişdir. Cavabdeh maddi vəziyyətinin ağır olması səbəbindən pulunu verə bilmədiyini demiş və ona bir az da möhlət verməyini xahiş edərək 2022-ci ilin sonunadək borc verdiyi pulun hamısını ona qaytaracağını bildirmişdir. 2022-ci ilin oktyabr ayında o, Rusiya Federasiyasına getməli olmuş və cavabdehə ona borclu olduğu barədə qəbz yazmasını və ilin sonunda onun pulunu verməsini bildirmişdir. Ağdaş rayonu, Qarağan Şıxlar kənd sakini Şahid, hansı ki, onların hər ikisi üçün tanış və nüfuzlu bir şəxsdir. Cavabdeh bununla razılaşaraq ondan 9000 (doqquz min) manat borc almış olduğu barədə Şahid yanında öz əli ilə qəbz yazmışdır. Bundan bir az sonra o, Rusiyaya getmiş və bu ilin fevral ayının sonunda Rusiyadan qayıdaraq Şahid cavabdehin ona pulunu ona verib-vermədiyi ilə maraqlanmışdır və o, cavabdehin 9000 (doqquz min) manat borc pulun ona yalnız 750 (yeddi yüz əlli) manatını vermiş olduğunu bildirmişdir. Mart ayından bu günədək dəfələrlə ondan ona ümumi borcdan qalan 8250 (səkkiz min iki yüz əlli) manat borcunu qaytarmağı tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu verməkdən imtina edir. Qedy edilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüş və pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh borc vermiş olduğu 9000 manat pulun qalıq hissəsi kimi 8250 manat pulun, hüquqi yardıma görə ödədiyi 1500 manat pulun və iddianın baxılması üçün ödədiyi 120 manat dövlət rüsumunun, cəmi 9870 manat məbləğində pulun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək nümayəndəsi olduğu şəxsin cavabdehlə dostluq münasibətlərinin olduğunu, cavabdehin iddiaçının etibarından sui-istifadə etdiyini, belə ki, ondan maddi vəziyyətinin ağır olmasını əsas göstərərək 9000 manat borc pul aldığını, həmin pulu iki dəfəyə qaytaracağına dair söz verdiyini, həmçinin pulu almasına dair qəbz yazaraq öz imzası ilə təsdiq etdiyini, bundan sonra cavabdehin verdiyi sözlərə əməl etmədiyini, həmin borcdan cəmi 750 manat məbləğində ödəniş etdiyini, qalan 8250 manat məbləğində pulu iddiaçıya geri qaytarmadığını, dəfələrlə iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması barədə xəbərdarlıq edilməsinə, aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin təklif edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsinə dair heç bir hərəkət edilmədiyini, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini, belə ki, maddi imkanı yaxşı olmadığından və pula ehtiyacı olduğundan iddiaçıdan 9000 manat məbləğində borc pul aldığını, həmin borcdan 8020 manat məbləğində pulu iddiaçıya geri qaytardağını, lakin savadsız olduğundan həmin pulları iddiaçıya geri qaytararkən pulun qaytarılmasına dair qəbz yazdırmadığını, iddiaçıya cəmi 980 manat məbləğində borcu qaldığını, iddiaçının iddiasının əssasız olduğunu bildirərək iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək göstərdi ki, İddiaçı onun tanışıdır. İddiaçı ilə Cavabdeh dost olmuşlar. Ş.Allahveriyev İddiaçı borc pul almış və borc almasına dair qəbz imzalamışdır. Lakin Cavabdeh vədinə əməl etməmiş, aldığı borcu geri qaytarmamışdır. İddiaçı Rusiya Federasiyasına gedən zaman Cavabdeh ona olan borcunu ona, yəni Şahid verməsini bildirmişdir. Cavabdeh həmin borcdan üç dəfə olmaqla 300 manat, 200 manat və 250 manat ödəniş etmiş, əlavə heç bir ödəniş etməmişdir. Sonradan ödəniş edib-etməməsi barədə heç bir məlumatı yoxdur. İşin materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh 2019-cu ilin avqust ayında 9000 manat pul almış, almış olduğu pulun 3000 manatını 2022-ci ilin yanvar ayında, qalan məbləği isə 2022-ci ilin iyun ayına qədər qaytaracağını qeyd edərək imzası ilə təsdiqləmişdir. İşin materiallarında olan Vəkil tərəfindən imzalanmış qəbzdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün 1500 (min beş yüz) manat məbləğində ödəniş etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 120 (yüz iyirmi) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 9000 manat məbləğində borc pul almış, cavabeh həmin məbləğdən üç dəfə olmaqla, cəmi 750 manat məbləğində ödəniş etmiş, lakin cavabdeh İddiaçı üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində borcu qalmışdır. Hazırda iddiaçı həmin borcun və məhkəmə xərclərinin geri qaytarilmasını tələb edir. Cavabdeh isə borcu ödədiyini bildirsə də, borcun ödənilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı iddia tələbinə dair hüquqi yardımın alınması üçün 1500 manat məbləğində ödəniş etdiyini iddia edərək vəkil tərəfindən qəbz başlığı ilə komputer vasitəsi ilə 2 sentyabr 2023-cü il tarixdə hüquqi yardımın göstərilməsi üçün İddiaçı tərəfindən 1500 manat məbləğində ödənilməsi qeyd edilmiş qəbz tərtib olunmuşdur. Həmin qəbz tərtib olunarkən “Ödəniş qəbzi”-nin (Forma № ÖQ-1) forma və rekvizitləri və onlardan istifadə qaydalarına riayət edilməmiş və ya həmin ödənişin edilməsinə dair bank və ya terminal ödənişlərinə dair qəbz əlavə edilməmişdir. Məhkəmə İddiaçı vəkil tərəfindən hüquqi yardım alınmasına dair 1500 manat ödəniş edilməsi xüsusatlarla razılaşmır və hesab edir ki, həmin məbləğ ağlabatan deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə 500 (beş yüz) manat və 107,50 (yüz yeddi manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə 500 (beş yüz) manat və 107,50 (yüz yeddi manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1637/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1637/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver