Məhkəmə qərarları › İş №2(014)-1638/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1638/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1638/2023 21.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 6700 (altı min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 26 avqust 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinə 19 mart 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditor Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 5939,31 (beş min doqquz yüz otuz doqquz ABŞ dolları, otuz bir sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 45 (qırx beş) ay təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1,4 AZN) 9626,93 (doqquz min iyirmi altı manat, doxsan üç qəpik) manat təşkil edir. Borcaların Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6587,17 (altı min beş yüz səksən yeddi manat, on yeddi qəpik) manat əsas borc, 2710,85 (iki min yeddi yüz on manat, səksən beş qəpik) manat faiz borcu və 328,92 (üç yüz iyirmi səkkiz manat, doxsan iki qəpik) manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 (iyirmi) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********086 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh3 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 7592,31 (yeddi min beş yüz doxsan iki manat, otuz bir qəpik) manat təşkil edir. Bundan 2061,87 (iki min altmış bir manat, səksən yeddi qəpik) manat əsas, 1315,47 (min üç yüz on beş manat, qırx yeddi qəpik) manat faiz, 3912,79 (üç min doqquz yüz on iki manat, yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 302,18 (üç yüz iki manat, on səkkiz qəpik) manat faiz borcu təşkil edir İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Hikmət Həsənli məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mübahisələndirilən kredit öhdəliyi Prezidentin müvafiq Fərmanının təsiri altına düşmüşdür. Məlum olduğu kimi, respublika üzrə xx.xx.2015-cı il və 21 12.2015-ci il tarixlərdə baş vermiş 1-ci və 2-ci devalvasiya hadisəsindən sonra banklar tərəfindən müştərilərə güzəştlər tətbiq edilmişdir. Problemli kreditlərin kompensasiyasına dair çıxarışda “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi”nin qarşısında – 2080,78 manat qeyd edilmişdir. Bu devalvasiyadan sonra İddiaçı ASC-nin öz müştərisinə etdiyi güzəştin məbləğidir. Belə ki, tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən güzəşt edilərək xx.xx.2017-ci il tarixdə Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6876,37 ABŞ dolları məbləğində kredit konvertasiya edilməklə (1USD=1 4 AZN) 9626,93 manat təşkil etmişdir. Bu o deməkdir ki, Əlavə saziş bağlanılan günün məzənnəsi həmin dövr üçün 1 ABŞ Dollara gorə 1,7026 manat dəyərində olduğu halda Bank cavabdehə güzəşt edərək 1 ABŞ Dolları 1,4 ilə hesablamışdır. Əgər bank həmin günün məzənnəsinə uyğun 6876,37 ABŞ dolları məbləğində borcu 1,7026 manat konvertasiya etsəydi cavabdehin borcu 11707,70 manat təşkil edərdi. Göründüyü kimi bankın güzəşt etdiyi məbləğ 11707,70-9626,91=2080,78 manat Problemli Kreditlərin kompensasiyasına dair çıxarışda “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi"nin qarşısında - 2080,78 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 3.3-cü bəndində qeyd edilir ki, Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın 1-ci bəndində qeyd edilir: 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qıymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına uç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi, 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Eyni zamanda, müvafiq Fərman əsasında qəbul edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 3-cü bəndi kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması qaydalarını müəyyən edir. 2575,18 AZN məbləğ kompensasiya "xxxx" MMC tərəfindən Cavabdeh3 sərəncamına verilmişdir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu ıl tarixil Fərmanın 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Qoşma kimi əlavə edilən çıxarışdan görünür ki, Qaydanın 2.1.5-ci bəndində qeyd edildiyi kimi 2019-cu ilin martın 1-nə kimi Cavabdeh3 gecikməsi olmamışdır. Qeyd olunanlardan görünür ki, 2019-cu ilin martın 1-nə kimi Cavabdeh3 gecikməsi olmadığından hesablanmış kompensasiya məbləği, yəni 2575,18 manat cavabdehin öz sərəncamına verilmişdir. Portaldan çıxarışdan da aydın görünür ki, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə olan müvafiq kredit üzrə borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamışdır. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın qeyd olunan şərtlərinə uyğun gəlir. Lakın kredit borcu qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Odur ki, göstərilən xususatları nəzərə alaraq, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Hikmət Həsənli məhkəməyə ərizə ünvanlayaraq hazırda mübahisələndirilən kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmədiyini bildirərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərk izahatında ləğv prosesində olan "xxxx" ASC-dən kredit götürdüyünü və krediti ödədiyini, həmin kreditin ona dollarla verildiyinindən Azərbyacan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq restrukturizasiya olunduğunu, Prezidentinin Fərmanına uyğun olaraq ona 2575,18 manat kompensasiya ödənildiyini, ləğv prosesində olan "xxxx" ASC-nin ödənişlər edərkən onunla mütəmadi əlaqə saxladığını, lakin kompensasiya verildikdən sonra bank tərəfindən onunla əlaqə saxlanılmadığını bildirdi. Borcu bitdiyinə görə ona kompensasiya ödənilmiş və həmçinin bank onunla sonradan əlaqə saxlamamışdır. Son vaxtlarda özü adında borcun göründüyünü bilmiş və banka müraciət etmişdir. Bundan sonra bank ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda borcu olmadığına və iddia müddəti başa çatdığına görə kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə 3 illik iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh Cavabdeh3 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 6700 (altı min yeddi yüz) Abş dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 290006024/ZM nömrəli, 26 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər kreditorla borcalan arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit və zaminlik müqaviləsinə 19 mart 2015-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmiş, 5939,31 ABŞ dolları borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5939,31 (beş min doqquz yüz otuz doqquz ABŞ dolları, otuz bir sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 19 dekabr 2018-ci il tarixinədək uzadılmış, əlavə Saziş imzalandığı tarixdən etibarən illik 28 % ödənilir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit və zaminlik müqaviləsinə 17 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1,4 AZN) 9626,93 (doqquz min iyirmi altı manat, doxsan üç qəpik) manat təşkil etmişdir. Kreditin müddəti 17 aprel 2020-ci il tarixinədək uzadılmış, əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilir. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 10 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 23 fevral 2023-cü il tarixə banka əsas borc üzrə 2061,84 manat, faiz borcu üzrə 1315,47 manat, cərimə borcu üzrə 3912,79 manat, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 302,18 manat faiz borcu olmaqla, cəmi 7592,31 manat borcu qalmışdır. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış **********86 saylı, 23 fevral 2023-cü il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bank tərəfindən kredit müqaviləsinə əsasən kredit borcunun qaytarılması ilə bağlı xəbərdar olunmuşdurlar. İşin materiallarında olan Problemli kreditlərin kompensasiyası dair xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh3 2575,18 manat kompensasiya ödənilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 95,93 (doxsan beş manat, doxsan üç qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ********* nömrəli, 26 avqust 2014cü il tarixli kredit müqaviləsinin müddəti 17 aprel 2020-ci il tarixdə başa çatmışdır. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 25 aprel 2023cü il tarixində məhkəməyə (Daşkəsən Rayon Məhkəməsinə) müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan əlavə, Məhkəmə hesab edir ki, həm əsas öhdəlik üzrə iddia müddəti buraxıldığından, həm də zaminliyə xitam verildiyindən zaminlər bank qarşısında heç bir məsuliyyət daşımırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində müəyyən edilmişdir. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2020-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 ildən çox müddət keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar