Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-165/2021 06.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı Cavabdeh qarşı Borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5020 manat əsas borcun və 4518 manat faiz üzrə borcun, cəmi 9538 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Borclu Cavabdeh ilə aralarında bağlanmış 10 oktyabr 2015-cı il tarixli borc müqaviləsinə əsasən Kia Picanto markalı 50CH 247 dövlət nömrə nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə, yəni 10 oktyabr 2019-cu il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 9360 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 10 oktyabr 2015-cı il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 4340 manat ödəniş aparmışdır. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdehnun maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 4518 manatını tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh 10 oktyabr 2015-cı il tarixli kredit müqaviləsi üzrə 5020 manat əsas borcun və 4518 manat faiz üzrə borcun, cəmi 9538 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclaısnda iştirak edə bilmədiyini bildirərək işə iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 03 fevral 2021-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, o, İddiaçı yanında işləmiş və onunla faktiki ailə münasibətlərində olmuşlar. Qeyd edir ki, İddiaçı onunla faktiki ailə münasibətləri pozulduğu və aralarında ailə münaqişəsi yarandığı üçün ona qarşı əsası olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O,iddiaçı ilə arasında hər hansı müqavilə imzalamamış və üzərinə hər hansı öhdəlik götürməmişdir. Avtomobili özü almışdır. Müqavilədəki imza ona məxsus deyildir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı qəbul etmir, belə ki, iddiaçıya kredit vermək üçün Mərkəzi Bank tərəfindən lisenziya verilməməsi ona məlumdur. Hesab edir ki,iddianın əməlləri qanunsuzdur. Odur ki, iddiaçıbarədə xüsusi qərardad çıxarılaraq,işə iştirakı olmadan baxıb iddianın rədd edilməsini xahiş etmişdir.Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan tərəflər arasında bağlanmış 10 oktyabr 2015-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2015-cı il tarixli borc müqaviləsinə əsasən Kia Picanto markalı 50CH 247 dövlət nömrə nişanlı avtomobilin alınması məqsədi ilə Cavabdeh 48 ay müddətinə, yəni 10 oktyabr 2019-cu il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 9360 manat məbləğində borc verilmişdir. İşdə olan tərəflərin iştirakı ilə tərtib edilmiş 10 oktyabr 2015-ci il tarixli aktdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2015-cı il tarixli borc müqaviləsinə əsasən Kia Picanto markalı 50CH 247 dövlət nömrə nişanlı avtomobil 10 oktyabr 2015-ci il tarixdə tam yararlı və saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 5020 manat əsas borcu,4518 manat artırılmış faiz borcu,cəmi 9538 manat borcu vardır.Ödəniş aparılmadığı dövr 10 may 2018-ci ildən 12 oktyabr 2020-ci il tarixinə kimidir. İşdə olan borcun ödənilmə qrafikindən görünür ki, Cavabdeh 10 oktyabr 2015-ci il tarixli borc müqaviləsi üzrə 48 ay müddətinə hər ay 195 manat olmaqla borc üzrə ödəniş etməli idi. İşdə olan Azərbaycan Respublikası Baş X2 İdarəsinin 19 fevral 2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Kia Picanto markalı 50CH 247 dövlət nömrə nişanlı avtomobil Cavabdeh məxsusdur. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 4/203 saylı imtina məktubundan görünür ki, məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi üçün zəruri olan Cavabdeh imza və sərbəst xətt nümunələrinin təqdim edilməsi barədə ekspert vəsatəti təmin edilmədiyi üçün ekspertiza aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır.m Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçı ilə aralarında hər hansı müqavilə bağlamadığını bildirərək təqdim edilmiş borc müqaviləsindəki imzanın ona məxsus olmadığını qeyd edərək məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini tələb etsə də, ekspertiza keçirilə bilməsi üçün ekspert vəsatətində tələb edilən sərbəst xətt və imza nümunələrini təqdim etməkdən imtina etmişdir. Belə olan halda məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbinə əsasən işin hallarına görə tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış,lakin cavabdeh tərəfindən üzərinə götürülən öhdəlik lazımınca icra edilməmişdir.Həmçinin məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 4518 manat faiz borcu yox, dəbbə puludur,belə ki,tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 5020 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 4518 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 4518 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5020 manat əsas borc və 50 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5100 manat (beş min bir yüz manat) borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-165/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-165/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver