Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1650/2024 18.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)- 1268/2020 saylı qətnaməsinə əsasən X3 xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşına çatanadək saxlanılması üçün hər ay müəyyən edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay 235 manat alimentin cavabdeh X3 tutularaq İddiaçı verilməsi, həmçinin mediasiya xərci kimi ödədiyi 50 manat pulun Cavabdeh alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar və məhkəmənin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1268/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki, uşaq böyüdüyündən onun xərcləri də artmışdır. Cavabdeh uşağın saxlanılmasında əlavə olaraq heç bir maddi köməklik göstərmir. Heç yerdə işləmir. Uşağın saxlanılmasında maddi çətinlik çəkir. Ancaq bugünədək cavabdeh alimentdən savayı uşağı ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, bundan sonra Mediyasiya Şurasına müraciət etmiş, lakin cavabdehlə mediasiya qaydasında mübahisələrini həll edə bilməmişdirlər. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Buna görə də hesab edir ki, alimentin miqdarı artırılmalı, hər ay cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması 235 manat aliment tutulmalıdır. Odur ki, uşağa görə təyin edilmiş alimentin artırılması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasına etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, iddiaçı iddia tələbinin əsası kimi maddi vəziyyətinin ağırlaşdığını göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bildirir ki, o anadan olan gündən "Oliqofreniya debillik dərəcəsində" əqli və fiziki qusurlu olmaqla həmin xəstəlikdən əziyyət çəkir. "Oliqofreniya debillik dərəcəsində" diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Həmin xəstəliyə görə ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Onun iddiaçı ilə aralarında qeyd edilmiş nikahları məhkəmə qaydasında pozulduqdan və birgə nikahlarından anadan olmuş uşağı 18 yaşı tamam olanadək saxlanılması üçün aliment müəyyən edildikdən sonra o iş üzrə iddiaçı ilə ailəli olduğu dövrdə olduğu kimi qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyinə görə faktiki və rəsmi olaraq işsizdir. İddiaçı bütün bunları yaxşı bilir. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra xəstəliyi ilə əlaqədar və ixtisası və peşəsi olmadığına görə ağır işlərdə işləyə də bilmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti xəstə olduğudan və işləyə bilmədiyindən həmin tarixdən valideynlərinin vəsaiti hesabına çətinliklə də olsa ödəyə bilir. Maddi vəziyyəti ağır olduğundan həkimlərin təkidinə baxmayaraq müayinə və müalicəyə belə gedə bilmir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş vermədiyi təqdirdə, bunun əksi olaraq onun ailə və maddi vəziyyəti ağırlaşmışdır. Bütün bunlar iddia tələbinə qarşı etiraza əlavə etdiyi etirazının əsasını təşkil edən sənədlərlə tam təsdiq olunur.İddiaçı məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq onun etirazının əsasını təşkil edən sənədlərlə məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişiklərin olması tam sübut olunur. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı “Alimentin miqdarının artırılması tələbi”nə dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsası olmadığından və iddia əsassız olduğundan rədd edilməlidr. Ona görə də yuxarıda göstərdiklərini, iddiaçının iddia tələbinin əsası kimi məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsini və iddia tələbinə qarşı etirazını ona əlavə olunmuş sənədləri nəzərə alaraq iş üzrə tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, onlara düzgün hüquqi qiymət verilməsini, iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsasları olmadığından “Alimentin miqdarının artırılması tələbi"nə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, uşaq Xınaxlı kəndində təhsil alır. Bu il 1-ci sinifə gedəcəkdi, göndərə bilmədi. Gəlir yeri yoxdur, işləmir və anası ilə birlikdə yaşayır. Uşaq böyüdükcə tələbatı artır, cavabdeh isə uşağı saxlanılması üçün heç bir yardım etmir. Odur ki, qeyd olunanların nəzərə alınaraq cavabdehlə birgə nikahlarından doğulmuş uşağının saxlanılması üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından anadan olmuş övladlarının saxlanılması üçün cavabdeh iddiaçıya aliment ödəyir, lakin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Uşağın saxlanılması üçün 150 manat məbləğində aliment verə bilər. Cavabdeh qüsurludur, pensiya alır. Uşağın alimentini özləri ödəyir. Onlar olmadıqda cavabdeh heç bir aliment ödəyə bilməyəcəkdir. Məhkəmədən cavabdehin əlilliyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Zərdab RİHB Bıçaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2019-cu il tarixli, AZ İV 303429 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. İşin materiallarında olan Ağdaş RİHB-nın Kotavan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli 5-32-12/2-239/2024 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1996-cı ildə anadan olmuş, hal-hazırda Xınalı kəndində yaşayır və təsərrüfatbaşına kitaba əsasən Ağdaş rayon Xınaxlı kəndində qeydiyyatdadır. İşin materiallarında olan 26 sentyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 26 sentyabr 2024-cü il tarixində saat 10:00da İddiaçı və Cavabdeh iştirak etmişdirlər. Hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)- 1268/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.1994–cü il tarixdə Zərdab rayon, Bıçaqçı kəndində anadan olmuş, Zərdab rayon, Bıçaqçı kəndində yaşayan Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması, iddia qalan hissədə rədd edilməsi, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh 2-ci qrup ümumi xəstəlik üzrə 220 manat məbləğində təqaüd alır. İşin materiallarında olan Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli A-089 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən Zərdab kənd RMX PHŞ polikjlinika şöbəsində DZ: “Oliqofreniya debillik dərəcəsində” diaqnozu ilə Psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuş, tərəflərin nikahları pozulmuş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1268/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.1994–cü il tarixdə Zərdab rayon, Bıçaqçı kəndində anadan olmuş, Zərdab rayon, Bıçaqçı kəndində yaşayan Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaq üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, tərəflərin maddi vəziyyətlərini, uşaqla bağlı məsrəflərin artdığını nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən uşaq üçün 120 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 600 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1268/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 28 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1650/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1650/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver