Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1655/2021 02.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 iyun 2006-cı il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 30 aprel 2007-ci tarixdə X4, 20 fevral 2010-cu il tarixdə X8, 12 avqust 2014-cü il tarixdə X7 adlı üç övladları dünyaya gəlmişdir. 07 may 2020-ci il tarixdə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında rəsmi qaydada qeyd edilmiş nikah pozulmuşdur. Hazırda o, Ağdaş şəhərində atasına məxsus evdə yaşayır. Cavabdeh bir ata kimi uşaqlarının maddi və mənəvi durumları ilə maraqlanmır, o, bir ana kimi övladı qarşısında üzərinə düşən öhdəliklərini layiqincə yerinə yetirir. Özü müəllimə işləyir, işlədiyi maaşla üç uşağın ehtiyacını qarşılamaq asan deyil. Ailə vəziyyəti olduqca ağır olduğundan cavabdehin ona ödədiyi 270 manat onu qane etmir. Tək başına övladlarının məktəb, xəstəxana və digər xərclərini ödəməyə çalışsa da, artıq buna gücü yetmir. O digər analar kimi uşaqlarının sağlam və rahat şəraitdə böyüməsini istəyir. Cavabdeh ona ödədiyi 270 manat alimentdən başqa heç bir köməklik göstərmir. O çox çarəsiz vəziyyətdə qalmışdır. Cavabdehin kifayət qədər gəliri var, kənddə istilikxana işi və mal-qara kənd təsərüffatı ilə məşğul olsa da uşaqlarına könüllü olaraq heç bir yardım etmir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1097/2019 saylı qətnaməsi ilə hər ay hər uşağa görə 90 manat aliment tutulması barədə qətnamə qət edilmişdir. Sözügedən alimentlə uşağa baxmaq mümkün olmadığı üçün alimentin yenidən artırılaraq hər ay hər uşaq üçün 150 manat alimentin ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Uşaqların maddi ehtiyaclarını ödəməsi üçün cavabdeh tərəfin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması xərclərini ödəməlidir. Başqa sözlə cavabdehin ona ödədiyi aliment uşaqları qane etmədiyindən, sözügedən alimentin miqdarının artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, alimentin məbləğinin artırılmasına etiraz etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 28.08.2014-cü il tarixdə verilmiş AZ-İİl № 355085 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 12 avqust 2014-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə X5r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 07.05.2010-cu il tarixdə verilmiş AZ-İİ № 440400 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 20 fevral 2010-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə X11 qızıdır. İşin materiallarında olan Ağdaş rayon Xosrov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 07.05.2007-ci il tarixdə verilmiş AZ-İ № 915980 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 30 aprel 2007-ci il tarixdə Ağdaş rayonunun Xosrov kəndində anadan olmuş, atası Cavabdeh, anası isə X11 qızıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2(014)-1097/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(014)-4533/2016 saylı qətnaməsi ilə Cavabdeh X2 xeyirinə üç uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmışdır. xx xxxx 1975-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Ağdaş rayonu, Xosrov kəndində yaşayan Cavabdeh 23 noyabr 2016-cı il tarixdən başlayaraq 30 aprel 2007-ci il tarixdə anadan olmuş X4, 20 fevral 2010-cu il tarixdə anadan olmuş X8, 12 avqust 2014cü il tarixdə anadan olmuş X7 18 yaşına çatana qədər onların saxlanılması üçün X2 xeyrinə hər ay hər uşağa görə 90 manat, cəmi 270 manat (iki yüz yetmiş manat) alimentin tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 12 avqust 2014-cü il təvəllüdlü X7, 20 fevral 2010-cu il təvəllüdlü X8 və 30 aprel 2007-ci il təvəllüdlü X4 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar Ağdaş Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2(014)-1097/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(014)-4533/2016 saylı qətnaməsi ilə Cavabdeh X2 xeyirinə üç uşağın saxlanılması üçün tutulan alimentin miqdarı hər ay hər uşağa görə 90 manat, cəmi 270 manat (iki yüz yetmiş manat) alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa görə 150 manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 90 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq, bir uşaq üçün 110 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 12 avqust 2014-cü il təvəllüdlü X3, 20 fevral 2010-cu il təvəllüdlü X6 və 30 aprel 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 12 avqust 2014-cü il təvəllüdlü X3, 20 fevral 2010-cu il təvəllüdlü X6 və 30 aprel 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1655/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1655/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver