Məhkəmə qərarları › İş №2(014)-1685/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1685/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1685/2023 16.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 269/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə iddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahlarından doğulmuş 03 may 2021-ci il təvəllüdlü X1 üçün heç bir maddi yardım göstərməmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1724/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 140 manat aliment məbləğinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda uşağın 2 yaşı var. Ağdaş Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Cavabdeh uşaqla ümumiyyətlə maraqlanmır, ona qarşı heç bir diqqət və qayğı göstərmir, məhkəmə tərəfindən tutulmuş alimentdən başqa heç bir maddi kömək göstərmir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimum da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Tərəflərindən aralarındakı mübahisənin Mediasiya ilə həlli təklif edilmiş və mübahisə üzrə xx.xx.2022-ci il tarixdə saat 11:00-da ilkin mediasiya prosesi keçirilmiş, lakin əlavə mediasiya prosesi baş tutmamış, yaranmış mübahisənin həlli üçün tərəfindən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Bununla bağlı mediator X8 tərəfindən 01047 saylı müvafiq arayış verilmişdir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 03 may 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1724/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında İddiaçı xeyrinə tutulan alimentin məbləğinin artırılaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə alınıb verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı iddia tələbində məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə qət edilmiş 140 manat məbləğində alimentin uşağın tələbatını ödəmədiyini bildirmişdir. Ancaq alimentin arıtılmasına zəruri olan sübutları iddia tələbində qeyd etməmiş və həmin sübutlara dair sənədləri məhkəməyə təqdim etməmişdir. Qətnamənin qəbul edildiyindən 1 il belə keçməmişdir. Belə ki, onun hazırda qət edilmiş alimenti ödəməyə ailə üzvüləri kömək edir. Hətta işsiz kimi X7 müraciət etmişdir. Əgər İddiaçı uşağa 140 manat məbləğində aliment ilə baxa bilmirsə, o zaman uşağı versin özü baxacaq. Hesab edir ki, 140 manat pulla 2 yaşlı uşağa ay ərzində normal baxmaq olar. Onun hazırki maddi və ailə vəziyyəti məhkəmə tərəfindən qət edilmiş 140 manat məbləğində alimentdən artıq məbləği ödəməyə yetmir. Beləliklə qanunların normasından da göründüyü kimi iddiaçı ondan tutulan alimentin miqdarını artırmaqda niyyəti uşağın tələbatı deyil, öz şəxsi tələbatıdır, yəni əsassız varlanmaqdır. Halbu ki, iki yaşında uşağın hansı tələbatları arta bilər. O, baxçaya, məktəbə və ya hansısa hazırlıq kurslarına getmir ki, uşağın yeni tələbatı yarana. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPMin 14.2 və 77.1 -ci maddələri). Ona görə də, hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Lakin buna baxmayaraq o, öz sübutlarını təqdim etmişdir. Məhz iddiaçı qanunvericiliklə nəzərdə qaydada məhkəmə tərəfindən əvvəlki alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını, aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətini, alimentin artırılması üçün yeni əsasların mövcud olmasını və bununla bağlı diqqətəlayiq başqa maraqların nəzərə alınmasını sübut etməlidir. Lakin hazırki işdə iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilmir, iddiaçı öz dəlillərini formal mülahizələrə əsasən əsaslandırmağa çalışmışdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, uşağın gözündə problem var və uşaq mütəmadi həkim müayinəsindən keçir və eynəkdən istifadə edir. Lakin uşaq azyaşlı olduğu üçün eynəyi tez-tez qırır və yenisini almaq məcburiyyətində qalır. Tək qadın olaraq uşağın ehtiyaclarını qarşılaya bilmir. Buna görə də iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, eyni zamanda ərizə ilə müraciət edərək bildirmişdir ki, uşağın saxlanılmasına dair müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəyir. Hazırda işləmir və işləmədiyinə görə də maddi imkanı yaxşı deyil. Müəyyən olunmuş 140 manat məbləğində alimenti ödəməkdə çətinlik. Onlar birgə yaşayarkən uşağın gözündə problem olmayıb. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2021-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, № 560637 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 03 may 2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X5r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1724/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 06 oktyabr 2022-ci il tarixdən başlayaraq 03 may 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin materiallarında xx.xx.2023-cü il tarixli Konsultasiya Kartının surətindən görünür ki, X3 pleoptik orteoptik müalicə, eyni zamadan 6 aydan bir müayinə olunması məsləhət görülmüşdür. İşin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək və Məşğulluq “Altsisteminə əsasən xx.xx.2023-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş xx.xx.2023-cü il tarixli elektron Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh işsiz kimi qeydiyyatdadır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş xx.xx.2023-cü il tarixli elektron Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh işaxtaran kimi qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah nikahlarından 03 may 2021-ci il təvəllüdlü X4 doğulmuş, sonradan tərəflərin nikahları pozulmuş və onlar həmin vaxtdan ayrı yaşayırlar, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1724/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 03 may 2021-ci il təvəllüdlü X1 üçün 140 manat məbləğində alimentin alınıb İddiaçı xeyirinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən bir uşaq üçün 140 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 180 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 03 may 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 03 may 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar