Məhkəmə qərarları › İş №2(014)-1719/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1719/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1719/2021 06.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Göyçay” filialı ilə X7 arasında bağlanmış 796-13.10.2015-GEO57 saylı, 13.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 17.09.2017-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat ofisinin 03.05.2021-ci il tarixli 629 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və mərhumun vərəsəsi Cavabdeh 09.09.2019-cu il tarixdə, 2V-522 reystr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın "Göyçay” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə banka ödənilməmiş 832,91 manat əsas borc və 15,26 manat faiz borcu olmaqla, cəmi 848,17 manat kredit borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə X1 arasında bağlanmış 13.10.2015ci il tarixli, 796-13.10.2015-GEO57 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X4 istehlak tələbatını ödəmək üçün 36 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış maliyyə arayışından görünür ki, X5 24.05.2021-ci il tarixə banka əsas borc üzrə 832,91 manat, faiz borcu üzrə 15,26 manat olmaqla, cəmi 848,17 manat borcu qalmışdır. İşin materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.09.2017-ci il tarixli, AZ-İ seriyalı, № 892325 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 17.09.2017-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli, № 629 saylı məktubdan görünür ki, 17.09.2017-ci il tarixdə vəfat etmiş mərhum X3 vərəsəsi olan ünvan 1 ünvanda yaşayan, oğlu Cavabdeh 09.09.2019-cu il tarixdə Göyçay rayon Notariat ofisində 2V-522 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 31.05.2021ci il tarixli bildirişdən görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X1 arasında bağlanmış 13.10.2015-ci il tarixli, 796-13.10.2015-GEO57 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X4 istehlak təlabatını ödəmək üçün 36 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmiş, X7 17.09.2017-ci il tarixdə vəfat etmiş və nəticədə onun banka əsas borc üzrə 832,91 manat, faiz borcu üzrə 15,26 manat olmaqla, cəmi 848,17 manat ödınilməmiş borcu qalmışdır. 17.09.2017-ci il tarixdə vəfat etmiş mərhum X3 vərəsəsi olan oğlu Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməsi və nəticəsində onun banka əsas borc üzrə 832,91 manat, faiz borcu üzrə 15,26 manat olmaqla, cəmi 848,17 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 832,91 (səkkiz yüz otuz iki manat doxsan bir qəpik) manat əsas, 15,26 (on beş manat iyirmi altı qəpik) manat faiz və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 0,40 manat bank xidməti haqqının əvəzləri olmaqla, cəmi cəmi 878,57 (səkkiz yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 832,91 (səkkiz yüz otuz iki manat doxsan bir qəpik) manat əsas, 15,26 (on beş manat iyirmi altı qəpik) manat faiz və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 0,40 manat bank xidməti haqqının əvəzləri olmaqla, cəmi 878,57 (səkkiz yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar