Məhkəmə qərarları › İş №2(014)-1732/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1732/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1732/2023 27.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Təsərüfat işləri və xırda ticarətlə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Hazırki tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “1 İNCİ” kredit təşkilatından tanıyır. Həmin təşkilatdan müxtəlif vaxtlarda kredit almışdır. Belə ki, cavabdehlər ondan borc pul istəmişlər. O, da pulunun olmadığını bildirmişdir. Lakin cavabdehləri tanıdığı üçün onlara öz qızıllarını “1 İNCİ” kredit təşkilatına girov qoyub kredit götürə biləcəyini bildirmişdir. Bundan sonra öz qızıllarını qoyaraq kredit alıb cavabdehlərə ümumilikdə 1350 manat borc vermişdir. Cavabdeh1 borcuna dair ona əl yazısı ilə qəbz imzalayaraq vermişdir. Cavabdehlər borclarını bir neçə aya qaytaracaqlarını söz versələr də sonradan sözlərinə əməl etməyərək borclarını qaytarmamışdırlar. Cavabdehlərdən həmin pulu tələb etsə də onlar müxtəlif bəhanələr gətirirdilər. Cavabdehlər bir neçə ay yalan vədlər verərək borclarını ödəməkdən boyun qaçırmışdırlar. Dəfələrlə cavadehlərdən borclarını konüllü ödəmələrini, borc məsələsini aralarında mübahisəsiz həll etmələrini xahiş etsə də cavabdehlər hər dəfəsində borclarını tezliklə ödəyəcəklərini bildirmişlər, lakin bu günədək heç bir məbləğ ödəməmişdirlər. Buna görə də banka ümumilikdə 1742 manat ödəyərək qızıllarını götürmüşdür. Cavabdehlərin əməlləri nəticəsində ona 392 manat maddi ziyan dəymişdir. Hesab edir ki, həmin ziyan cavabdehlərdən tutulmalıdır. Buna görə də məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1742 (min yeddi yüz qırx iki) manat pulun və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək iddia tələbini qəbul etmədiyini, Cavabdeh1 onun müdiri olduğunu, İddiaçı “1 İNCİ” kredit təşkilatından müştəri olaraq tanıdığını, müxtəlif vaxtlarda kredit götürdüyünü, ondan heç vaxt borc pul almadığını, lakin Cavabdeh1 İddiaçı pul aldığını eşitdiyini bildirmişdir. Buna görə də iddianın ona dair hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı “1 İNCİ” kredit təşkilatına 1742 manat məbləğində ödəniş etmişdir. İşin materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı qızıllarını girov qoyaraq İddiaçı adına xx.xx.2022-ci il tarixdə 1350 manat məbləğində pul götürdüyünü qeyd edərək imzası ilə təsdiqləmişdir. İşin materiallarında xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, İddiaçı girov qoyduğu qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən 796 ABŞ dolları qiymətləndirilmiş, İddiaçı 1350 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı kredit və girov müqaviləsinindən görünür ki, “1 İNCİ” kredit təşkilatı tərəfindən İddiaçı 6 ay müddətinə 1350 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı götürdüyü 1350 manat məbləğində krediti 6 ay, hər ay 257,53 manat məbləğində ödəniş etməlidir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 38 (otuz səkkiz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı qızıllarını lombarda qoyaraq xx.xx.2022-ci il tarixdə 1350 manat məbləğində kredit götürmüş və Cavabdeh1 həmin tarixdə də 1350 manat məbləğində borc pul verməsi iş materialları ilə özü təsdiqini tapır. İddiaçı banka olan borcunu tam ödəmişdir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 1742 (min yeddi yüz qırx iki) manat borcu yaranmışdır. İddiaçı Şərifova X1 Gülnar Ramis qızına da borc pul verdiyini iddia etsə də Cavabdeh2 borc pul verməsini təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında yaranmış münasibətlərin 1350 manata dair hissəsi tərəflər arasında imzalanmış borc müqaviləsi əsasında yaransa da, öhdəliyin qalan hissəsi Cavabdeh1 borcunu vaxtında qaytarmaması nəticəsində onun əvəzindən iddiaçının kredit təşkilatına faiz olaraq ödədiyi pulun qarşılığında yaranmışdır ki, bu da ödəniş qəbzləri ilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 1742 (min yeddi yüz qırx iki) manat məbləğində pul və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 1742 (min yeddi yüz qırx iki) manat məbləğində pul və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar