Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1754/2023 19.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Aran qəsəbəsində yaşayan Cavabdeh ilə birgə nikahlarından 01 oktyabr 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağdaş rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından 01 oktyabr 2015-ci il tarixdə Hikmət adlı bir uşaqları olmuşdur və uşaq hazırda onun himayəsindədir. Cavbdehlə ailə münasibətləri pisləşdiyindən 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar və o, həmin vaxtdan azyaşlı uşağı ilə birlikdə öz valideynlərinə məxsus evdə onların himayəsində yaşayır. Cavabdeh uşaqla maraqlanmadığından və onun saxlanılması üçün könüllü yardım etmədiyindən iddiası əsasında Ağdaş Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda uşaq azyaşlı olduğundan və ona qulluq etmək məcburiyyətində qaldığından işləyə bilmir. Məhkəmə tərəfindən qət edilmiş alimentlə uşağın saxlanılmasında, yəni sağlam böyüdülməsində, qidalanmasında və vaxtlıvaxtında müalicə və müayinə olunmasında bir çox çətinliklərlə üzləşir və bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almır, fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq məhkəmənin qət etdiyi alimenti ödəməklə öz valideynlik vəzifələrini yerinə yetirmiş esab edir. Bununla da cavabdeh uşağın saxlanılmasında yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək artırılmasına zərurət yaranmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun uşağı xəstədir, bir dəfə əməliyyat olunub, yırtıq və sair problemləri olduğu üçün gec yeriyib, danışa bilmir, onu bir neçə ay, bir ayı 180 manatdan olmaqla loqopedə aparmışdır, uşaq mütəmadi olaraq həkim nəzarətindədir. Odur ki, bütün bu xərcləri qarşılamaqda maddi cəhətdən çox çətinlik çəkir. Özü heç yerdə işləmir, ata-anasının himayəsindədir, heç bir yerdən gəliri yoxdur. Cavabdeh TİR sürücüsüdür, maddi imkanı yaxşıdır. Buna görə də iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X2 Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə Ağdaş rayonunun Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, Aran qəsəbəsində qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 oktyabr 2015-ci il tarixli, AZ № 626589 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 oktyabr 2015-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(014)-1970/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 04 noyabr 2019-cu il tarixdən başlayaraq, 01 oktyabr 2015-ci ildə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli X3 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə xx.xx.2023-cü il tarixində saat 11:00-da keçirilən ilkin mediyasiya sessiyasında Cavabdeh iştirak etməməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən X5 müayinə sənədlərindən görünür ki, X1 D, Kalsium, Fe (dəmir) (ferrum) çatışmamazlığından əziyyət çəkir cəkir və ödənişli olmaqla ambulator müalicə alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 01 oktyabr 2015-ci ildə anadan olmuş X7 doğulmuş, 2019-cu ildən tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(014)-1970/2019 saylı qətnaməsi ilə Cavabdeh 04 noyabr 2019-cu il tarixdən başlayaraq, 01 oktyabr 2015-ci ildə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaq üçün 220 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun xəstəliyini və bununla bağlı olan məsrəfləri nəzərə alaraq onun saxlanması üçün cavabdehdən 130 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq bir uşağa görə 200 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 01 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 2400 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 44 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 01 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1754/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1754/2023
19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver