Məhkəmə qərarları › İş №2(014)-1792/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1792/2022

14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1792/2022 14.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 13 noyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq cavabdehlə ailə qurmuşdur. Onun nikaha qədər olan və hazırki soyadı Feyziyevadır. Birgə nikahdan 03 sentyabr 2016-cı il təvəllüdlü X5 adlı bir uşaqları vardır. Ağdaş Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(014)-3437/2016 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. 09 fevral 2017-ci ildə Ağdaş Rayon Məhkəməsinin 2(014)-257/2014 nömrəli qətnaməsi ilə övladının onun himayəsində olması müəyyən edilmiş və uşağın saxlanılması üçün onun yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 110 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Hazırda alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarından 5 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində uşaq da 5 yaş böyümüş, onun maddi tələbatları xeyli artmışdır. O, həm də talassemiya xəstəliyi daşıyıcısıdır və həmin xəstəlik ona atasından irsi olaraq keçmişdir. Bununla əlaqədar o, tez-tez xəstələnir və onun müalicəsi üçün əlavə vəsait tələb olunur. Uşaq böyüdükcə onda atasına olan ehtiyac və tələbat artsa da, cavabdeh uşaqla ümumiyyətlə maraqlanmır, ona qarşı heç bir diqqət və qayğı göstərmir, rayon məhkəməsi tərəfindən tutulmuş alimentdən başqa heç bir maddi kömək göstərmir. Qeyd edilən səbəblərdən uşağın saxlanılması üçün cavabdehdən aldığı alimentin miqdarı kifayət etmir və buna görə də o, alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim olunan tarixdən başlayaraq 03 sentyabr 2016-cı ildə anadan olmuş X1 üçün Ağdaş Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(014)-257/2017 nömrəli qətnaməsi əsasında Cavabdeh X4 xeyrinə tutulan alimentin məbləğinin artırılaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 190 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, təyin olunmuş alimenti çox çətinliklə də olsa vaxtı-vaxtında ödəyir. Belə ki, özü "xxxx" MMC-də işləyir, cəmi 283.50 manat əmək haqqı alır. İkinci dəfə evlənmiş, həyat yoldaşı hamilədir. Əgər alimentin məbləği artırılarsa alimenti ödəyə bilməyəcək. Çünki onun əmək haqqısından başqa heç bir gəlir mənbəyi yoxdur. Valideynlərinin hər ikisi onu yanında yaşayırlar, hər ikisi xəstədir, atası açıq ürək əməliyyatı keçirmişdir, heç biri heç yerdə işləmir, onlara da özü baxır. İddiaçının ərizəsində göstərdikləri yalan, əsası olmayan və gerçəkliyə söykənməyən boş sözlərdir. Buna görə də alimentin məbləğinin artırılmasına qəti etiraz edərək iddianın rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, hal-hazırda valideynləri və həyat yoldaşı ilə Ağdaş rayonu, Qülbəndə kəndində yaşayır, valideynlərinin hər ikisi xəstədədir və valideynlərinə özü baxır. 283.50 manat əmək haqqı alır. Alimentin artırılmasına razı deyil və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 03 sentyabr 2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(014)- 257/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “Uşağın yanınd saxlanılması və aliment tələbi” haqqında iddia ərizəsi ilə məhkəməy müraciət etmiş, iddiası qismən təmin edilərək 03 sentyabr 216-cı il tarixdə andan olmuş X3 anası X4 himayəsində olmasının müəyyən edilməsi və Cavabdeh 09 yanvar 2017-ci il tarixdən başlayaraq 03 sentyabr 2016-cı il tarixdə anadan olmuş X3 18 yaşına çatana qədər saxlanılması üçün X4 xeyrinə hər ay 110 manat slimentin tutulması, Cavabdeh 20 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MMŞ/1/00999 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi vasitəsi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 12 fevral 2021-ci il tarixdə X2 ilə rəsmi nikaha girmişlər. X2 “Salehova” soyadını qəbul etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Ağdaş Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 3467 nömrəli, 05 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, 03 sentyabr 2016-cı il təvəllüdlü X5 həqiqətən xəstədir. Ağdaş ASM-də dispanser qeydiyyatındadır. Tez-tez respirator xəstəliklərlə xəstələnir. Uşağın müalicəyə ehtiyacı var. Uşaq Anemiya, Talassemiya daşıyıcısıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2022-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 03 sentyabr 2016-cı il təvəllüdlü X3 18 yaşına çatana qədər uşağın saxlanılması üçün hər ay 140 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 sentyabr 2016-cı il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 140 (yüz qırx) manat aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar