Məhkəmə qərarları › İş №2(014)-1794/2022

Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-1794/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1794/2022 19.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 ikinci Vətən Müharibəsi iştirakçısıdır. O, müharibə zamanı ayaqlarından qəlpə yaraları və baş nahiyəsindən kəlləbeyin travması almışdır. Müharibə bitdikdən bir neçə müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə evdə oturub söhbət edən zaman Cavabdeh ona tanışlarının olduğunu, oğluna İİ qrup müharibə əlilliyi alacağını bildirmişdir. Bundan sonra Bakı şəhərinə getmişlər. Bakıda Seyidağa ona əlilliyin 4000 manat pula düzələcəyini bildirmişdir. Lakin pulu kimə və haraya verəcəyini bilməmişdir. Bundan sonra Seyidağaya əvvəlcə xx.xx.2022-ci il tarixdə notarial qaydada 2350 manat (150 manat notariat və digər yol xərcləri çıxdığı üçün ona güzəşt etmişdir) vermişdir. Bundan sonra Seyidağa ona 6 ay ərzində sənədlərin hazır olacağını bildirmişdir. Həmin ilin avqust ayının 15-də ondan əlavə 1500 manat pul almışdır. Dəfələrlə Seyidağadan oğlunun işini soruşduqda müxtəlif bəhalər gətirmişdir. Sonradan aldandığını başa düşmüş və Seyidağadan pulunu istəsə də, Seyidağa pulunu geri qaytarmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh dəfələrlə dəvət edilsə də, məhkəməyə gəlməmişdir. Ona görə də işə qiyabi baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan kredit müqaviləsi tədqiq edilən zaman müəyyən olundu ki, İddiaçı Cavabdeh 2350 (iki min üç yüz əlli) manat məbləğində pul vermişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Xeyli müddət keçsə də, cavabdeh borcunu ödəməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İİ Vətən Müharibəsi iştirakçısı olan X1 İİ qrup müharibə əlilliyi alacağını vəd etməsi nəticəsində İddiaçı 3969,70 manat məbləğində borcu yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 3969,70 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 2350 manat, həmin müqavilənin rəsmiləşdirilməsi üçün 4,70 və 115 manat, nəğd şəkildə verilmiş 1500 manat pul və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4029,70 manat miqdarında pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 2350 manat, həmin müqavilənin rəsmiləşdirilməsi üçün 4,70 və 115 manat, nəğd şəkildə verilmiş 1500 manat pul və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4029,70 manat miqdarında pul alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar