Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-18/2022 25.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri Mehman Əliyevlə rəsmi nikah qeyd etdirməklə evlənəndən sonra Ağdaş rayonunun Aşağı Nemətabad kəndi ərazisindən qanuni istifadələrinə verilmiş 0,25 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirərək təsərrüfatlarını idarə etmişlər. O, digər ailə üzvlərilə birlikdə bu günədək həmin evdə yaşayır. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999cu il tarixli, 15 saylı qərarı ilə qanuni istifadələrində olan 0,25 hektar həyətyanı torpaq sahəsi onun və digər 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsi onlara verildiyi və üzərində ev tikdirdikləri vaxtdan həyətlərinə su yolu cavabdehlərin hazırda istifadəsində olan həyətyanı torpaq sahəsindən gəlmişdir. Son zamanlar cavabdehlər onların həyətinə gələn su yolunu qəsdən dağıdaraq həyətlərində istifadə etmək üçün onları sudan məhrum etmişlər. Bu səbəbdən də həyətlərində istifadə etmək üçün əkdikləri tərəvəz bitkiləri, meyvə ağacları məhv olur, həyətdə istifadə etmək və ev heyvanları və quşları üçün su tapa bilmirlər. Bu barədə o, rayon icra hakimiyyətinə, kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət etmiş, həmin orqanlar mütəxəssislərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirmiş, həyətinə su yolunun uzun müddət cavabdehlərin həyətindən olması, istifadə üçün suyun həyətlərinə başqa ərazidən yox, yalnız cavabdehlərə məxsus həyətdən gətirməyin mümkün olması cavabdehlərə izah edilmiş, lakin cavabdehlər bütün bunlara məhəl qoymayaraq onun zəruri su yolunu bağlamışlar. Cavabdehlər özbaşına hərəkətləri ilə onu və ailə üzvlərini sudan məhrum etmişlər ki, bu da dözülməz və qanunvericiliklə yolverilməzdir. Həmin orqanların əməkdaşları tərəfindən cavabdehlərlə aparılmış profilaktik söhbətlər və görülmüş tədbirlər nəticəsiz qaldığından, yəni istifadəsində olan yaşayış sahəsinə zəruri su yolunun bərpasını və özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmalarını məhkəmədən kənar həll etmək mümkün olmadığından, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Ağdaş rayonunun Aşağı Nemətabad kəndində onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,25 hektar həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2, X1 və X9 tərəfindən bərpa olunması, cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələrin aradan qaldırılmasına və özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Ağdaş rayonunun Aşağı Nemətabad kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşadıqları evin həyətindən onun vəsaiti hesabına boru vasitəsilə torpağın altından keçməklə bərpa olunması və cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-038A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2, X5, Nümayəndə, X3, X6 Ağdaş rayonunun Aşağı Nemətabad kəndindən fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və koorperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,25 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, RX seriyalı, ********** saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Aşağı Nemətabad kəndi ərazisindən 0,2781 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 109.40 m2 sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Hüquq sahibləri Cavabdeh3, X10, X11 və Cavabdeh1dur. İşin materiallarında olan Ağdaş rayon Aşağı Nemətabad bələdiyyəsinin 07.04.2021ci il tarixli, № 17 saylı məktubundan görünür ki, İddiaçı həyətyanı torpaq sahəsinə gedən içməli və həyətyanı torpaq sahəsinin suvarılması üçün gedən su onun yuxarı tərəfində yaşayan qonşusu Cavabdeh3 Feyzulla qızının JN47 nömrəli, 0,27 ha şəxsi həyətyanı sahəsindən uzun illər bundan qabaq keçirdi. Lakin son vaxtlar İddiaçı həyətyanı sahəsinə gedən su kəsilmişdir. Cavabdeh3 Feyzulla qızının dediyinə görə onun həyətyanı torpaq sahəsindən hal-hazırda su gedərsə, həyətyanı torpaq sahəsinə ziyanlıq vurulacaqdır. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, № 10/5296 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağdaş LTİ-nin mühəndisi Silyan Abbasovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - Həmin torpaq sahəsinin koordinatları və ərazidən keçərək iddiaçının istifadəsində olan torpaq sahəsinə gedən su yolunun yeri müəyyən edilmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsində su yolunun qarşısı kəsildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-038A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə X2, X5, Nümayəndə, X3, X4 mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinə gedən su yolu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən bağlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3 və 170.4-cü maddələrinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və ailə üzvlərinin Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşadıqları evin həyətindən iddiaçının vəsaiti hesabına boru vasitəsilə torpağın altından keçməklə bərpa olunmalı və cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və ailə üzvlərinin Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşadıqları evin həyətindən iddiaçının vəsaiti hesabına boru vasitəsilə torpağın altından keçməklə bərpa olunsun və cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-18/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-18/2022
25.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver