Məhkəmə qərarları › İş №2(014)-185/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-185/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-185/2021 18.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona mağazada işlədiyi dövrdə ona verdiyi mal qalığından mənimsədiyi 8547 manat, nisiyə borcu 930 manat, nisiyə dəftərinə müxtəlif insanların adlarına yazılan 1118 manat və dövlət rüsumu hesabına tərəfindən ödənilmiş 30 manat, cəmi 10625 (on min altı yüz iyirmi beş) manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş şəhərində Cavabdeh ilə 2019-cu ilin may ayında əvvəllər tanıdığı cavabdehin qardaşı Muradov Nüsrət Şöhrət oğlunun xahişi ilə ticarət işləri ilə əlaqədar tanış olmuşdur. Belə ki, 2019-cu ilin may ayında cavabdehin qardaşı Nüsrət nənəsi X2 aid pensiya kartını ona girov verərək cavabdehə onun sahibi olduğu mağazadan nisiyə mal verməsini xahiş etmişdir. Cavabdeh həmin vaxtlar onunla və mağazada icarəçi olan Rəhimov Rövşən Emin oğlu ilə yaxın münasibət qurmağa başlamışdır. Sonradan o, cavabdehin səmimiliyinə inanaraq xx xxxxxxx 2019-cu il tarixində mağazada icarəçi olan Rövşənin mağazada işləmək istəmədiyinə görə malları ondan təhvil alaraq mağazanı içərisində olan 32500(otuz iki min beş yüz) manat mal ilə biryerdə cavabdehlə icarə müqaviləsi bağlayaraq ona təhvil vermişdir. Həmin 32500 manat məbləğində olan malın üstünə 6 ay ərzində əlavə olaraq pul və mal şəklində 12550 manat vəsait vermişdir. Cavabdehin mağazada işlədiyi 6 aylıq dövr ərzində cavabdehin ona olan sonuncu qalıq borcu 45000 manat təşkil etmişdir. Sözü gedən borc məbləği faktiki olaraq 6 aylıq iş dövründə cavabdehlə birlikdə tərtib edərək hesab apardığı dəftərdə öz sübutunu tapır. xx xxxx 2020-ci il tarixindən sonra cavabdehin bir neçə qanuna zidd hərəkətləri və müxtəlif yollarla mağazadan pul və mal çıxartması ona məlum olmuşdur. Buna görə də cavabdehi mağazadan uzaqlaşdırmaq qərarına gəlmişdir və xx xxxxx 2020ci il tarixində cavabdehlə birlikdə mağazadakı malları sayıb siyahıya alaraq ondan təhvil almış və həmin siyahının bir sürətini də hesablaması üçün cavabdehə vermişdir. Sözü gedən malların siyahısını hesabladıqdan sonra ona məlum olmuşdur ki, cavabdehin ona təhvil verməyə borclu olduğu 45000 manat dəyərində olan mal qalığı əvəzinə cavabdeh ona 10000 manatı nisiyə dəftərindəki məbləğ olmaqla ümumilikdə 36593 manat dəyərində mal qaytarmışdır. Həmin məbləğdə cavabdehin ona borclu olduğu məbləğdən 8547 manat kəsirdir və bundan başqa cavabdehin nisiyə dəftərində özünün, tanıdığı və tanımadığı insanların adlarına yalandan yazdığı borclar var. O,bütün bunları cavabdehlə birlikdə müzakirə etmiş və cavabdeh həmin pulları ödəyəcəyini bildirmişdir. Lakin daha sonra cavabdeh özü onunla görüşmək istəmədiyini bildirərək tanşı X1 ona ən yüksək halda 2500-3000 manat pul ödəyə biləcəyi barədə ismaric göndərmişdir. Bundan başqa cavabdehin mağazanın ona pul əvəzinə təhvil verdiyi nisiyə dəftərində öz dəsti xətti ilə yazdığı 930 manat borcu var. Bundan başqa cavabdeh sözü gedən nisiyə dəftərinə onun heç tanımadığı bəlkə də heç mövcud olmayan insanların adına fırıldaqçılıq yolu ilə ümumilikdə 1118 manat borc yazaraq həmin məbləği də mənimsəmişdir. Razılaşmamıza əsasən cavabdehin ona olan nisiyə 930 manat borcu onda girov saxladığı cavabdehin nənəsi Muradova Zənifəyə aid pensiya kartı vasitəsi ilə almalı idi. Lakin cavabdehin qəsdən həmin pensiya kartını blok etməsi xx xxxxx 2020-ci il tarixində ona məlum olmuşdur. Qeyd etdikləri ilə bağlı cavabdeh barəsində Ağdaş rayonu hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Cavabdeh hüquq mühafizə orqanlarında dindirilərkən ona borclu olduğu 930 manat pulu və və nisiyə dəftərinə onun tanıdığı və tanımadığı insanların adlarına yazdığı pulları da ödəyəcəyinə söz vermişdir. Lakin bu günə qədər cavabdeh ona olan borcu qaytarmamışdır. Odur ki,o,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, iddiaçıya məxsus mağazada satıcı işləmişdir. Onun iddiaçıya 930 manat borcu vardır. Lakin onun iddiaçıya 930 manatdan başqa hər hansı məbləğdə borcu yoxdur. Odur ki, o, iddianı 930 manat tələb hissəsində qəbul edir. Lakin iddiaçının tələbinin yerdə qalan hissəsi tamamilə əsassız hesab edir. Odur ki, iddianın qismən təmin edilməsini, yəni ondan iddiaçının xeyrinə 930 manat pulun tutulmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh iddiaçının mağazasında satıcı işləmişdir. Cavabdeh iddianı qismən etiraf edərək iddianın 930 manat tələb hissəsini qəbul etmişdir. Cavabdeh tərəfindən iddia tələbinin 930 manat hissəsi etiraf edildiyindən, iddiaçının iddiasının əsası kimi 930 manat tələbə dair istinad etdiyi göstərilən halları sübut etmək vəzifəsindən azad edir. Lakin buna baxmayaraq cavabdeh iddiasının qalan hissədə əsaslı olması barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 930 manat tutulmalıdır. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 930 manat borca görə və 30 ödənilmiş dövlət rüsumu, cəmi 960 (doqquz yüz altmış) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar