Məhkəmə qərarları › İş №2(014)-1852/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1852/2022

21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1852/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi (artırılması) tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi (artırılması) tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 18 avqust 2010-cu ildə Ağdaş rayonu Qaradeyin kənd İcra Nümayəndəliyində 07 nömrəli akt qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Evliliklərinin ilk vaxtlarında mehriban yaşamışlar. Amma bir qədər sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başlamışdır. Amma o, yenə də düşünürdü ki, bunlar ötəri məsələlərdir, yəqin yenə də keçər. Lakin sonra aydın oldu ki, bu, artıq onda xasiyyət kimi formalaşıb. Bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyrimümkündür. Buna görə də cavabdehlə aralarında bağlanmış nikah 14 may 2019-cu il tarixdə Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki uşaqları onun himayəsinə verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-4835/2019 saylı qətnaməsi ilə onun xeyrinə iki uşağın saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda iki uşağın normal, sağlam böyüməsində maddi çətinlik çəkir. Belə ki, özü heç yerdə işləmir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-4835/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla 386 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, atası ilə yaşayır. Əvvəl “Socar”da işlədikdə müəyyən edilmiş aliment hər ay əmək haqqından tutulurdu. İşdən çıxqdıqdan sonra imkanı çatacaq qədər aliment ödəyə bilirdi. Hal-hazırda 276 manat əmək haqqı alır. Alimentin məbləğinin artırılmasına razı deyil. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 20 iyun 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli, MŞŞ/1/01380 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)- 1835/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, iddiası qismən təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 25 febvral 2019-cu il tarixli, 2(014)- 519/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 29 aprel 2011-ci ildə anadan olmuş X6 və 02 iyul 2013-cü ildə anadan olmuş X4 18 yaşına çatana qədər onların saxlanılması üçün İddiaçı xeyrinə 100 manat, cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2022-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013- cü il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 (yüz otuz) manat aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar