Məhkəmə qərarları › İş №2(014)-1857/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1857/2020

26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1857/2020 26.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Nizam Əliyev Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Qarağan-Sədi kəndində yaşayan Cavabdeh birgə nikahlarından anadan olmuş xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 170 manat cəmi 340 manat alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxx 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2008-ci il tarixdə Rəqsanə və xx xxxxxxx 2012-ci il Zəhra adlı iki uşaqları olmuşdur və uşaq hazırda onun himayəsindədir. Cavabdeh ailə münasibətləri pisləşdiyindən, 2017ci il tarixdən faktiki olaraq ayrılmışlar və həmin vaxtdan o, azyaşlı uşaqları ilə birlikdə yaşayır. Cavabdehlə ayrıldıqları vaxtdan uşağı ilə maraqlanmamış, onların saxlanılması üçün könüllü yardım etməmişdir. Həmçinin Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş uşaqların 18 yaşınadək saxlanması üçün hər ay hər biri üçün 75 manat, cəmi 150 manat sabit pul miqdarında aliment miqdarının cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Övladı hal hazırda azyaşlıdır. Ehtiyacları və gündəlik təlabatları günü-gündən artır.Bu xərcləri tək başına və 75 manat aliment ilə övladının ehtiyaclarını qarşılıya bilmir. Uşaqlarının saxlanması üçün 75 manat aliment kifayət etmir. Bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış, övladına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına xx xxxxxx 2020-ci il tarixdə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə xx xxxx 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2008-ci il tarixdə Rəqsanə və xx xxxxxxx 2012-ci il Zəhra adlı iki uşaqları olmuşdur və uşaq hazırda iddiaçının himayəsindədir. Cavabdeh ailə münasibətləri pisləşdiyindən, 2017-ci il tarixdən faktiki olaraq ayrılmışlar. Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş uşaqların 18 yaşınadək saxlanması üçün hər ay hər biri üçün 75 manat, cəmi 150 manat sabit pul miqdarında aliment miqdarının ondan alınıb iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması tələbinə dair məhkəmə müraciət etmişdir. İkinci dəfə ailə qurmuş və azyaşlı övladı var. Özü heç bir yerdə işləmədiyindən alimentin miqdarının artırılmasına etiraz edir. İddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd İƏD-si Qarağan Şıxlar kəndi tərəfindən verilmiş xx xxxxxxxx 2008-ci il tarixli AZ-İİ 132931 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X4 xx.xx.2008-ci il tarixdə Ağdaş rayon Qarağan-Sədi kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında akt qeydləri kitabında Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd İƏD-si Qarağan Şıxlar kəndi tərəfindən xx xxxxxxxx 2008-ci il tarixdə 16 № ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd İƏD-si tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli AZ-İİ 984575 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X5 xx xxxxxxx 2012-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında akt qeydləri kitabında Ağdaş rayon İHB-nin Qarağan Şıxlar kənd İƏD-si tərəfindən xx xxxxxx 2012-ci il tarixdə 18 № ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli 2(107)- 577/2017 saylı qətnamənin surətindən məlum olur ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(014)-3908/2016 saylı qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(014)-3908/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(014)-3908/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar