Məhkəmə qərarları › İş №2(014)-1857/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1857/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1857/2025 26.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2150 (iki min bir yüz əlli) manat məbləğində pul, həmin pulun itirdiyi dəyərin 40%-i nəzərə alınmaqla 3000 (üç min) manat və tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, İ qrup əlildir. Hər ay xəstəliyi ilə bağlı 500-600 manat civarında müalicə alır. Xəstəliyini müalicə etdirmək üçün Ağdaş rayonu, Abad kənd sakini Cavabdeh bir baş iri buynuzlu inəyi 2150 manata satmışdır. Eldəniz inəyin pulunu 10 günə verəcəyinə söz versə də, bir ildən artıq müddətdir ki, inəyini pulunu ona vermir. Xəstəliyi ilə bağlı ona əsəbləşmək, həyəcanlanmaq olmaq olmaz. Onun insanlığa sığmayan bu davranışı səhhətinə mənfi təsir göstərir, xəstəliyinin daha da ağırlaşmasına səbəb olur. Ona gecikdirilmədən qaraciyər transplantasiyası olunmalıdır. Bununçün ondan və donor köçürüləcək şəxsdən analizlər götürülməlidir. Bu analizlər onun hesabına həyata keçirilməlidir ki, buna da vəsait tələb olunur. Eldəniz heyvanın pulunu qaytarmadığından səhhəti ilə maraqlana bilmir. İribuynuzlu heyvanı satarkən mal ətinin qiyməti 12 manat olmuş, hazırda isə 17 manatdır. Buna görə də, Cavabdeh 2150 (iki min bir yüz əlli) manat məbləğində pul, həmin pulun itirdiyi dəyərin 40%-i nəzərə alınmaqla 3000 (üç min) manat məbləğində pulun cavasb və tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin alınaraq xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, səhhəti ilə əlaqədar olaraq iribuynuzlu heyvanı satmaq qərarına gəlmiş və tanıdığı Eldinəz Əhmədova həmin inəyi 2500 manata satmaq istəsə də, daha sonra razılığa gələrək həmin inəyi 2150 manata satmışdır. Cavabdeh inəyin pulunu 10 gün müddətində qaytaracağını bildirsə də, həmin puldan heç bir ödəniş etməmişdir. Cavabdeh heyvan alqı-satısı, əkinçiliklə məşğul olaraq gəlir əldə etməsinə baxmayaraq inəyin pulunu geri qaytarmamışdır. O, qara ciyər serrozudur və mütəmadi müalicə olunmalıdır. Lakin Cavabdeh pulunu geri qaytarmadığı üçün müalicələrini davam etdirə bilmir. Odur ki, qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, heyvan alveri və əkinçiliklə məşğul olur. İddiaçı 2150 manata bir baş iri buynuzlu heyvan almışdır. Heyvanı alarkən Eldəniz inəyin vurağan olduğunu bildirmişdir. İnəyin sağılması mümkün olmadığından onu sata bilməmiş və sahibinə, yəni İddiaçıa qaytarması üçün Nicatla heç bir danışıq aparmamışdır. Təxminən on gün sonra həmin heyvanı 1850 manata satmış və ziyanlıq etmişdir. Başqa şəxslərə də borclu olduğu üçün satdığı heyvanın pulunu digər borclarına vermiş, hesab etmişdir ki, digər gəlirlərinin vasitəsi ilə Nicatın pulunu qaytaracaq. Bununla bağlı Nicatın özü ilə də razılaşmışdır. Lakin sonradan bütün işlərində ziyanlıq etdiyi üçün Nicatın pulunu qaytara bilməmişdir. O, heyvanı alarkən ətin qiyməti təxminən 15-16 manat olmuşdur. Hazırda həmin pulun qaytarılmasına maddi imkanı çatmır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə yazılan yazışmalardan görünür ki, iddiaçı ilə cavabdeh arasında borc tələbi ilə bağlı yazışmalar olmuşdur. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 50 (əlli) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh bir baş iribuynuzlu heyvanı 2150 manata satmasına dair aralarındarazılığa gəlmişlər. Cavabdeh isə həmin məbləği on gün müddətində geri qaytaracağına dair üzərinə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh sözügedən bir baş iribuynuzlu heyvanı iddiaçıdan 2150 manat aldığını və heyvanın pulunu idiaçıya qaytarmaması məhkəmə iclası zamanı vermiş olduğu etiraf edici ifadəsi ilə öz təsdiqini tapır. Lakin cavabdeh heyvanın vurağan olması səbəbindən maya dəyərindən, yəni aldığı qiymətdən aşağı satdığını bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərin etirafına uyğun olaraq nisyə-alqı satqı müqaviləsinə əsasən yaranmış borca görə Cavabdeh 2150 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının əldən çıxmış fayda növündə maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Məhkəmə onu da qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qanunun tələblərindən də göründüyü kimi əldən çıxmış fayda dedikdə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona 2150 manat məbləğin 40%-i miqdarında (yəni 850 manat) əldən çıxmış fayda növündə maddi zərər dəydiyini iddia etsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinə dair məhkəməyə sübutlar təqdim edilmədiyi üçün rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 41,50 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2150 manat məbləğində pul və 41,50 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2150 manat məbləğində pul və 41,50 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar