Məhkəmə qərarları › İş №2(014)-1876/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1876/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1876/2025 09.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış borc müqaviləsi üzrə 700 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixdə pula ehtiyacı olduğu üçün ondan 700 (yeddi yüz) manat borc pul almışdır. Cavabdeh həmin məbləği alarkən tezliklə yəni bir ay müddətində nağd ödəniş etməklə borcunu qaytaracağını bildirmişdir. Borcun təminatı olaraq, o da cavabdehlə borc müqaviləsi bağlamışdır. Cavabdeh borcunu tezliklə qaytaracağını bildirməklə onu əmin edərək söz vermişdir. Dəfələrlə çalışsa da cavabdehdən pulunu ala bilməyib. Odur ki, Cavabdeh xx.xx.2025-ci il tarixli borc müqaviləsi üzrə 700 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh 2025-ci ilin iyul ayında arpa-buğda satışı ilə məşğul olmaqla, ondan 700 manat məbləğində borc şərtilə pul almış, 1 aya qaytaracağını bildirmiş, lakin sonradan borcu qaytarmaqdan yayınmış, hətta borcu istəsə onun nalayiq şəkillərini paylaşacağını bildirmişdir. Dəfələrlə əlaqə saxlasa da borclu borcu ödəmir. Odur ki, həmin məbləğin məhkəmə qaydasında cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə borc müqaviləsi bağlanmaqla Cavabdeh xx.xx.2025-ci il tarixdə tam həcmdə geri qaytarmaq şərtilə 700 manat məbləğində pul verilmişdir. İşdə olan CD-R diskdəki səs yazılarının məzmunundan müəyyən edilir ki, Cavabdeh 700 manat məbləğində pulu qaytarmayacağını etiraf edir. Beləliklə, mülki iş materiallarından görünür ki, Cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və iddiaçı 700 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin iddia tələbinə münasibətini və eləcə də iddiaya etirazı olduğu halda onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə iddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığını nəzərə alaraq məhkəmə xərclərinin iddiaçıya aid edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar