Məhkəmə qərarları › İş №2(014)-189/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-189/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-189/2022 28.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Pirəyir kəndində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilmişdir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01520 saylı qaz hesabında ödənilməmiş 3989,23 manat borc vardır, həmin borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı 12541037 saylı qaz sayğacının 4981 m3 göstəricisi ilə 3989,23 manat borc yaranmış və tələb olunan borc ödənilməmişdir. Ona görə də İddiaçı İB hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təbii qazın alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə əsasında üzərinə götürüdüyü öhdəlikləri pozur. Müqavilənin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın paylayıcı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında, müvafiq normativ hüquqi akt qəbul edilənədək paylayıcıya dəyən zərər SOCAR Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına uyğun olaraq hesablanacaqdır. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan İddiaçı 08.02.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh yaşadığı ünvanda 01.04.2012-ci il tarixindən istismarda olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacının 01.01,2013-cü il tarixinə qeydə alınan 200 göstəricisinə əsasən həmin tarixə **********01520 nömrəli abonent hesabında 0,02 manat borc olmuşdur. Qaz sayğacının 21.12.2013-cü il tarixinə qeydə alınan 7579 göstəricisinə əsasən 01.01.2013-cü il tarixdən 21.12.2013-cü il tarixədək 7379 m3 (737,90 manat) qaz sərf olunmuş, həmin müddətdə 172,03 manat ödəniş olunmuş, 84,00 manat qaçqın limiti hesabına borcdan silinmiş və 21.12.2013-cü il tarixinə abonent hesabında 481,89 manat borc olmuşdur. ******* nömrəli qaz sayğacının 23.12.2014-cü il tarixinə qeydə alınan 12800 göstəricisinə əsasən 21.12.2013-cü il tarixdən 23.12.2014-cü il tarixədək 5221 m3 (522,10 manat) qaz sərf olunmuş, həmin müddətdə 84,00 manat qaçqın limiti hesabına borcdan silinmiş və 23.12.2014-cü il tarixinə abonent hesabında 919,99 manat borc olmuşdur. Qaz sayğacının 31.12.2015-ci il tarixinə qeydə alınan 19620göstəricisinə əsasən 23.12.2014-cü il tarixdən 31.12.2015-ci il tarixədək 6820 m3 (682,00 manat) qaz sərf olunmuş, həmin müddətdə 84,00 manat qaçqın limiti hesabına borcdan silinmiş və 31.12.2015-ci tarixinə **********01520 nömrəli abonent hesabında 1517,99 manat borc olmuşdur. ******* nömrəli qaz sayğacının son olaraq 30.09.2016-cı il tarixinə qeydə alınan 23334 göstəricisinə əsasən 31.12.2015-ci il tarixdən 30.09.2016-cı il tarixədək 3714 m3 (371,40 manat) qaz sərf olunmuş, həmin müddətdə qarşılıqlı əvəzləşmə ilə 311,45 manat, qaçqın limiti hesabına 59,00 manat borcdan silinmiş və 30.09.2016-cı il tarixinə abonent hesabında 1518,94 manat borc olmuşdur. ******* nömrəli qaz sayğacı 27.10.2016-cı il tarixdə yeni, əvvəlcədən ödənişli G-4 markalı, 1602AZ**********32 nömrəli qaz sayğacı ilə əvəz olunmuş və AGİS proqram bazasında olan 1518,92 manat borc 3E bazasına köçürülmüşdür. Əvvəlcədən ödənişli 1602AZ**********32 nömrəli qaz sayğacı 27.04.2020ci il tarixinədək abonentin ünvanında istismarda olmuş və mənfiyə getdiyindən həmin tarixdə yeni mexaniki tipli G-4 markalı, 12541037 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Əvvəlcədən ödənişli sayğac (İTRON - Smart) abonentin ünvanında istismarda olduğu 27.10.2016-cı il tarixdən 27.04.2020-ci il tarixədək müddət ərzində mexaniki göstəricisinə (14088) və ödənişlərdə əksini tapmış qaz sərfiyyatı 3603 m3 əsasən 10485 m3 (1911,40 manat) mənfiyə getdiyi aşkar olunmuşdur. 3E bazasında 1468,13 manat qalıq borc və əvvəlcədən ödənişli sayğacın mənfiyə getməsi nəticəsində yaranmış 1911,40 manat (cəmi borc 3379,53 manat) 3E bazasından AGİS proqram bazasına köçürülmüşdür. 12541037 nömrəli qaz sayğacının 27.04.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək qeydə alınan 1678 göstəricisinə əsasən sayğac quraşdırıldıqdan etibarən 1678 m3 (167,80 manat) qaz sərf olunmuş, həmin müddətdə 37,00 manat ödəniş olunmuş və yuxarıda göstərilənlərə əsasən 01.01.2021-ci il tarixinə **********01520 nömrəli abonent hesabında 3510.33 manat borc olmuşdur. 12541037 nömrəli qaz sayğacının son olaraq 01.01.2021-ci il tarixdən 01.10.2021-ci il tarixədək qeydə alınan 4981 göstəricisinə əsasən 3303 m3 (474,70 manat) qaz sərf olunmuş, həmin müddətdə heç bir ödəniş olunmamış və yuxarıda göstərilənlərə əsasən 01.11.2021-ci il tarixinə **********01520 nömrəli abonent hesabında 3989,23 manat borc olmuşdur. İşin materiallarında olan 01 fevral 2022-ci il tarixli smart sayğaclı abonentin saldosundan görünür ki, Cavabdeh 2017-ci il üçün 1518,92 manat, 2020-ci il üçün 1911,40 manat təbii qazdan istifadəyə görə borc hesablanmışdır. İşin materiallarında olan 07 dekabr 2021-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh 2021-ci ilin oktyabr ayına qədər təbii qazdan istifadəyə görə 3989,23 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 59,89 (əlli qoqquz manat, səksən doqquz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki iddiaçı tərəfindən cavabdehə verilmiş qaz istehlak edilməsi ilə əlaqədar 3989,23 manat, ondan 1911,40 manat hissəsi əvvəlcədən ödənişli (İTRON - Smart) qaz sayğacının mənfiyə getməsinə görə yaranmışdır. Eyni zamanda, iddiaçı Cavabdeh yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Buna görə də belə olan halda sayğacda yaranmış hər hansı nasazlığa görə cavabdehdən sayğac göstəricisindən əlavə pulun tələb edilməsi yolverilməzdir. Həmçinin, Cavabdeh yaşayış sahəsinə hesablanmış borcun 1518,92 manat hissəsi 2016-cı ilədək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi iddiaçının tələb etdiyi öhdəliyin 1518,92 manat hissəsi 5 il keçdikdən, yəni öhdəliyin icrası müddəti başa çatdıqdan sonra ondan tələb edilir. Qanunla müəyyən edilmiş müddət kəsici olduğundan, bunun üçün ayrıca ərizə verilməsinə ehtiyac yoxdur və məhkəmə tərəfindən həmin müddət nəzərə alınmalıdır. Eyni zamanda, cavabdehin bundan sonra ödənişlər etməsi həmin borcun məbləği ilə bağlı deyil, yeni yaranmış borcların ödənilməsinə dair olmuşdur. Abonentin aylıq borcundan əlavə olaraq köhnə borcları ödəməsi işin materialları ilə müəyyən edilmir və iddiaçı da cavabdehin köhnə borclarını etiraf edərək ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, qaz istismarı ilə bağlı ödənişlər mütəmadi xarakter daşıdığından və abonentin növbəti aylarda müvafiq hesablanmış borcundan artıq olmayan məbləğdə mütəmadi ödənişlər etməsi onun köhnə borclarının etirafı kimi qiymətləndirilə bilməz. Qeyd olunanlardan başqa, abonentin borcunun 1911,40 manat hissəsi də əvvəlcədən ödənişli sayğacın mənfiyə getməsinə görə yaranmış, hazırda həmin pulun da abonentdə tələb edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 558,91 manat sayğac göstəricisinə görə borc və 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 589,31 manat pul tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 558,91 manat sayğac göstəricisinə görə borc və 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 589,31 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar