Məhkəmə qərarları › İş №2(014)-1900/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1900/2025

11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1900/2025 11.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 5523 manat məbləğində maddi ziyanın və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndi ərazisində ona məxsus 1.0432 hektar və 1.798 hektar torpaq sahələri vardır. Həmin torpaq sahələrini əkib becərməklə ailəsini dolandırır. Cavabdeh torpaq sahələrinin lazer üzülü ilə tarazlaşdırılmasını həyata keçirir. O da hazırki iddia tələbində qeyd etdiyi torpaqları tarazlatmaq üçün cavabdehə müraciət etmiş və qarşılıqlı razılıq əsasında cavabdehə 3360 manat məbləğində pul ödədikdən sonra Cavabdeh işlərini görməyə başlamışdır. Belə ki, həmin vaxt paralel olaraq torpaq şumlanırdı. Şum işlərinin aparılmasına isə 300 manat pul vermişdir. Bundan sonra, Cavabdeh işlərini bitirərək ərazidən çıxıb getmişdir. Bir müddət sonra torpaq sahəsinin düzgün tarazlanmadığını bilmiş və Cavabdehla bildirdikdə torpaq sahəsinə baxış keçirərkən həmin şəxs ona torpağı yenidən şumlamasını və bundan sonra ərazinin düzləşəcəyini bildirmişdir. Bu məqsədlə o, bu işi bacaran Araz adlı şəxsə müraciət edərək, həmin torpağı şumlamasını bildirmiş və buna görə həmin şəxsə 360 manat şuma, 360 manat disk ilə doğramaya, 510 manat arpa məhsuluna, 30 manat toxumun gətirilməsinə, 90 manat arpanı səpənə, 600 manat kübrəyə pul vermişdir. Cavabdehin işlərini məsuliyyətsiz görməsi səbəbindən, yəni ərazini düz tarazlamaması nəticəsində əkdiyi arpa bitməmiş, bitənlər isə kombayn tərəfindən biçilməsi mümkün olmamışdır. Bunun nəticəsində yenədə o, əlavə xərclər çəkməlidir. Əgər həmin xərcləri də hesablamalı olsa, əlavə olaraq ona 8000 manatdan çox ziyan dəymişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ondan əsası olmadan 5523 manat pul tələb edir. İddiaçı ərizəsində bir çox faktları örtbasdır etməklə məhkəməyə düzgün məlumat verməmiş, məhkəməni yanıltmağa çalışmışdır. Belə ki, 07 oktyabr 2024-cü il və 15 oktyabr 2025-ci il tarixləri ərzində iddiaçının xahişi və təkidi üzrə ona məxsus 2.6 ha torpaq sahəsində tərəfindən lazer üsulu ilə tarazlama işi görülmüşdür. İşin qiyməti özü ilə razlaşdırılaraq ümumi sahəyə hər gün texnika üçün işlədilən dizel yanacağının 1 litrinə görə qiyməti 4 manat əsas götürülərək iş görülmüşdür. Ümumilikdə Nüsrət tərəfindən xidmət haqqı olaraq 1816 (bir min səkkiz yüz on altı) manat pul ödənilmişdir. Tərəfindən həmçinin eyni qiymətə eyni üsulla bir neçə yaxın kənd sakinlərinə də xidmət göstərilmiş, heç bir narazılığa səbəb olmamış, sifarişçilər məmnun qalmışlar. İddiaçıya da həmçinin yüksək keyfiyyətli xidmət göstərilərək torpaq sahəsi təhvil verilmişdir. Ancaq lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra tərəfindən iddiaçıya dəfələrlə tövsiyyə olunmasına baxmayaraq, iddiaçı əkinə gecikdiyini bəhanə edərək ümumi sahəyə su verilməklə lazer üsulu ilə tarazlaşdırma işini yekunlaşdırmağa ona şərait yaratmamışdır. Həmçinin torpaq sahəsi təhvil verildikdən sonra iddiaçı torpaq sahəsinə düzgün texniki qulluq etməmişdir. İddiaçıya lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən 20-30 gün ərzində torpaq sahəsinə heç bir ağır texnikanı sürməmək ciddi tövsiyyə olunsa da, iddiaçı buna da məhəl qoymamış, yəni lazer üsulu ilə tarazlaşdırma işi görülmüş torpaq sahəsində əkin işləri gördürmüş, xüsusi texnika işlətmək əvəzinə sahədə standart teknika işlətmiş, sahəyə ağır tonnajlı yük maşınları ilə peyin məhsulları səpmişdir. Torpaq sahəsində lazer üsulu ilə tarazlaşdırma işi görülərkən ərazidə hündürlük fərqi 70-80 sm olduğu üçün iddiaçının yeri lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra mütləq suvarılmalı olduğu halda iddiaçı heç bir texniki qulluq etmədiyi üçün də torpaq sahəsindən istədiyi nəticəni əldə edə bilmədiyini qeyd edir. Halbuki, digər xidmət göstərilmiş sakinlər bütün texniki tələblərə riayət etdikləri üçün torpaq sahəsindən fayda görməklə yanaşı yüksək gəlir əldə etmişlər. İddiaçı bütün bunları yaxşı bilir və öz nöqsanlarını dərk edir. Buna baxmayaraq iddiaçı məhkəməyə əsası olmayan və yalan məlumatlar verərək, ona qarşı qərəzli olaraq əsassız iddia tələbi irəli sürür. Odur ki, qeyd olunanları nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndi ərazisində özünə məxsus 1.0432 hektar və 1.798 hektar torpaq sahələri var və həmin torpaq sahələrini əkib becərməklə ailəsini dolandırır. Cavabdeh torpaq sahələrinin lazer üzülü ilə tarazlaşdırılmasını həyata keçirdiyindən istifadəsində olan torpaqları lazer üsulu ilə tarazlaşdırma işi üçün Cavabdeh müraciət etmişdir. Qarşılıqlı razılıq əsasında Cavabdeh 3360 manat məbləğində pul ödədikdən sonra o, işlərini görməyə başlamışdır. Həmin vaxt paralel olaraq torpaq şumlanırdı. Şum işlərinin aparılmasına isə 300 manat pul vermişdir. Cavabdeh işlərini bitirdikdən bir müddət sonra torpaq sahəsini suvarmaq istəmiş, lakin sahə düz olmadığına görə həmin sahəyə su çıxmamışdır. Bundan sonra torpaq sahəsinin düzgün tarazlanmadığını bilmiş və bu barədə cavabdehə bildirmişdir. Cavabdeh ona torpağı yenidən şumlamasını, bundan sonra ərazinin düzləşəcəyini demiş, alınmayacağı təqdirdə isə onun yerini payızda yenidən lazer mala vasitəsi ilə düzəldəcəyinə söz vermişdir. Bu məqsədlə o, bu işi bacaran Araz adlı şəxsə müraciət edərək, həmin torpağı şumlamasını bildirmiş və buna görə həmin şəxsə 360 manat şuma, 360 manat disk ilə doğramaya, 510 manat arpa məhsuluna, 30 manat toxumun gətirilməsinə, 90 manat arpanı səpənə, 600 manat kübrəyə pul vermişdir. Cavabdeh işlərini məsuliyyətsiz görməsi səbəbindən, yəni ərazini düz tarazlamaması nəticəsində əkdiyi arpa bitməmiş, bitənlərin isə kombayn tərəfindən biçilməsi mümkün olmamışdır. Nəticədə ona 8000 manatdan çox ziyan dəymişdir. Dəfələrlə Cavabdeh ona dəymiş ziyanın əvəzinin geri qaytarılmasını xahiş etsə də, Mehman heç bir ödəniş etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, 07 oktyabr 2024-cü il və 15 oktyabr 2025-ci il tarixləri ərzində iddiaçı ilə aralarında razılığa gələrək, İddiaçı məxsus 2.6 ha torpaq sahəsində tərəfindən lazer üsulu ilə tarazlama işi görülmüşdür. İşin qiyməti özü ilə razlaşdırılaraq ümumi sahəyə hər gün texnika üçün işlədilən dizel yanacağının 1 litrinə görə qiyməti 4 manat əsas götürülərək iş görülmüş, ümumilikdə Nüsrət tərəfindən xidmət haqqı olaraq 1800 (bir min səkkiz yüz) manat pul ödənilmişdir. Lakin Nüsrət tarazlama işləri aparılarkən onu tələsdirərək, həmin torpaq sahəsində əkin işləri aparacağını əsas gətirərək işin tez bitməsini tələb etmişdir. Lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra tərəfindən Nüsrətə dəfələrlə tövsiyyə olunmasına baxmayaraq, Nüsrət əkinə gecikdiyini bəhanə edərək ümumi sahəyə su verilməklə lazer üsulu ilə tarazlaşdırma işini yekunlaşdırmağa ona şərait yaratmamışdır. Həmçinin torpaq sahəsi təhvil verildikdən sonra Nüsrət torpaq sahəsinə düzgün texniki qulluq etməmişdir. Nüsrətə lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən 20-30 gün ərzində torpaq sahəsinə heç bir ağır texnika salmamasını bidirsə də Nüsrət buna məhəl qoymamış, yəni lazer üsulu ilə tarazlaşdırma işi görülmüş torpaq sahəsində əkin işləri gördürmüş, xüsusi texnika işlətmək əvəzinə sahədə standart teknika işlətmiş, sahəyə ağır tonnajlı yük maşınları ilə peyin məhsulları səpmişdir. Torpaq sahəsində lazer üsulu ilə tarazlaşdırma işi görülərkən ərazidə hündürlük fərqi 70-80 sm olduğu üçün iddiaçının yeri, lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra mütləq suvarılmalı olduğu halda Nüsrət heç bir texniki qulluq etmədiyi üçün də torpaq sahəsindən istədiyi nəticəni əldə edə bilməmişdir. Cavabdeh sualları cavablandıraraq bildirdi ki, Nüsrətlə torpaq sahəsini tam hamar formada təhvil verəcəyinə dair aralarında razılığa gəlmişlər. Torpaq sahəsini Nüsrətə təhvil verərkən torpaq sahəsinə su verilməmişdir. Torpağın hamarlanması üçün 7 gün işləmiş və yerin hamarlanması üçün yanacağı özü almışdır. Yerin hamarlanması üçün 454 litr yanacaq istifadə olunmuş, yanacağın məbləği 1816 manat təşkil etmiş, lakin o, İddiaçı 1800 manat məblğində ödəniş almışdır. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mütəxəssis – Ağdaş X8 Mərkəzinin nümayəndəsi X2 çıxışında bildirdi ki, mübahisə predmeti olan torpaq sahələrinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə müəyyən barəbərsizliklər, hündürlük fərqləri və çökəkliklər müşahidə olunmuşdur. Həmin torpaq sahəsinin bir il əvvəl lazer-mala işləri aparılmasını, həmçinin keçən müddət ərzində torpaq sahəsində əkin işləri aparıldığından torpaq səthinin ilkin vəziyyətini, yəni lazer mala işlərinin nəticəsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Mövcud şəraitdə yerin hazırki relyefinə əsasən lazer mala işlərinin keyfiyyətini tam obyektiv şəkildə qiymətləndirmək mümkün olmamışdır. Kamil Çələbiyev verilən sualları cavablandıraraq bildirdi ki torpaq sahəsində lazermala işlərinin aparılmasının əsas məqsədi su axarının düzgün tənzimlənməsi, sahədə olan nahamarlıqların aradan qaldırılması üçündür. Bu işlərlə xüsusi traktorçular məşğul olur ki, onlar torpaq sahəsinin hündür yerindən torpağı götürərək çökəkliklərə doldurur və torpaq sahəsində səviyyə hamarlaşdırılaraq bərabərləşdirilir. Hamarlaşma işləri aparıldıqdan sonra torpaq sahəsində şumlama və səpin işləri aparıla bilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, iş üzrə tərəfləri tanıyır. Nüsrətin torpaq sahəsinin hamarlanması təxminən səkkiz gün davam etmiş, gedən işlərə nəzarət Nüsrət tərəfindən ona həvalə edilmişdir. Birinci gün hamarlama işlərinə başlayarkən 240 manat dəyərində, qalan yeddi gün müddətində isə təxminən 300-350 manat aralığında yanacaq istifadə olunmuşdur. Hamarlama işləri aparılarkən o, iş bitənə kimi ərazidə olmuş, iş bitdikdə torpaq sahəsinin düzgün hamarlanmadığının Nüsrətə demiş, Nüsrət də Mehmanın payızda torpaq sahəsində olan nahamar yerləri düzəldəcəyini ona bildirmişdir. Daha sonra torpaq sahəsində malalama işləri görülmüş, peyin səpilmiş, suvarma zamanı əraziyə su çıxmamışdır. Peyinin ərazinin hər bir tərəfinə yayılması üçün iri tonnajlı maşınlar ərazidə hərəkət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadə verərək bildirdi ki, Nüsrət torpaq sahəsini suvarmaq istəyərkən onun torpaq sahəsinə su çıxmadığından onu şahid olaraq həmin əraziyə dəvət etmişdir. O, həmin əraziyə getdikdə Nüsrət torpaq sahəsinin lazerlə hamarlaşdırıldığını ona bildirilmiş, o da torpaq sahəsinin mərtəbəli formada olduğunu görüb həmin ərazinin düzgün lazerlə hamarlaşdırılmadığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, o, kənd ərazisində suçu kimi fəaliyyət göstərir. Nüsrət torpaq sahəsini suvarması üçün onu dəvət etmiş və o, əraziyə getdikdə Mehman da ərazidə olmuşdur. Həmin torpaq sahəsi Mehman tərəfindən hamarlanmışdır. O, suyu açıqdan sonra su torpaq sahəsinə çıxmamış və Mehman da buna şahid olmuşdur. Yenidən traktorçu gələrək torpaq sahəsini şumlamış və yeni su kanalı çəkmələrinə baxmayaraq əraziyə su çıxara bilməmişlər. Həmin əraziyə yeni su kanalı çəkilmiş, çətinliklə torpaq sahəsinin bir hektar hissəsi suvarılmış, lakin qalan hissəsinə su çıxmamışdır. Bundan sonra, Mehman həmin ərazidə olan nahamar yerləri növbəti il gəlib aradan qaldıracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, özünə məxsus torpaq sahəsinə su çıxmadığı üçün Cavabdehla telefon vasitəsi ilə əlaqə saxlamış və aralarında olan razılaşmaya əsasən Cavabdeh onun torpaq sahəsində lazerlə hamarlama işləri görmüş və torpaq sahəsini ona təhvil vermişdir. Torpaq sahəsinə heç bir problem olmamış, normal olaraq əraziyə su çıxmışdır. Təxminən torpaq sahəsini yanvar ayında lazer mala üsulu ilə hamarlatdırmışdır. Bundan sonra Cavabdeh torpaq sahəsini şumlatmasını, şumladıqdan sonra təxminən bir ay torpağın bərkiməsini gözləməli olduğunu bildirmişdir. O da Cavabdeh dediklərinə əməl etmiş, torpaq sahəsini şumlatmış və başqa heç bir iş görməmişdir. Torpaq sahəsində təxminən mart ayında əkin işləri görmüş və bugünədək də normal qaydada torpaq sahəsini suvara bilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadə verərək bildirdi ki, tərəflərin heç biri ilə tanışlığı olmamışdır. Özünün əkin üçün texnikaları var və illərdir lazermala işləri ilə məşğul olur. Təxminən bir il əvvəl Nüsrət ona zəng edərək torpaq sahəsində lazer üsulu ilə tarazlaşdırma işilərinin aparılmalı olduğunu demiş, o da vaxtının olmadığını bildirmişdir. Nüsrət də onu gözləməmiş, başqa bir şəxsə torpaq sahəsini hamarlaşdırmışdır. 2025-ci ilin sonunda Nüsrət yenə ona zəng edərək torpaq sahəsini hamarlaşdırmaq lazım olduğunu söyləmiş, o da razılaşaraq Nüsrətə məxsus torpaq sahəsini lazer mala üsulu ilə hamarlaşdırmışdır. İşin sonuna yaxın Nüsrət əraziyə peyin gətizdirmək istədiyini, əraziyə ağır tonnajlı yük maşınlarının girməsi yerin düzlüyünün pozulmasına səbəb olub-olmayacağını ondan soruşmuş, o da sahədə ağır tonnajlı yük maşınlarının hərəkət edəcəyi təqdirdə yerin düzlüyünün pozulmayacağını bildirmişdir. Bundan sonra torpaq sahəsində işini bitirmiş və Nüsrətdən pulunu alıb getmişdir. Şahid6 sualları cavablandıraraq bildirdi ki, traktor təxminən saatda 18 litr yanacaq işlədir və yanacağı Nüsrət özü alıb gətirmişdir. Əvvəl torpaq sahəsi düzgün hamarlanmamış, orada lazer qurulmamışdır. Belə ki, torpağı hamarlamaq üçün həmin əraziyə lazer qurmuş və torpağın dörd hissəsini ölçdükdə bir tərəflə digər tərəfin arasında 1 metr fərq olduğunu müəyyən etmişdir. Bu səbəbdən də əraziyə suyun çıxması mümkün olmamışdır. O, torpaq sahəsini lazerlə ölçərək, nöqsanları aradan qaldırıb torpaq sahəsini hamarlayıb Nüsrətə təhvil vermişdir. Torpaq sahəsi düzgün qaydada hamarlaşdırıldıqdan sonra ağır tonnajlı yük maşınları torpaq sahəsinə giriş edə bilər. Həmin maşınların çəkisindən asılı olmayaraq torpaq sahəsi deformasiyaya uğramır, 3 sm-dək təkər izlərində çökəklik yarana bilər və bu da suyun bütün əraziyə çatmasına mane olmur. Məhkəmə, proses tərəflərinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 29 mart 2020-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1.0432 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 29 dekabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1.798 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X1 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağdaş X8 Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2025-ci iltarixli aqronom rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1,0432 hektar və 1.798 hektar kənd təsərrüfatlı torpaq sahələrinə yerində aparılmış baxış zamanı müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsində ötən ilin oktyabr ayında lazer mala üsulu ilə səviyyələndirmə işlərinin aparıldığı bildirilmişdir. Hazırki vəziyyətdə sahə relyefinin ümumi görünüşü lazer mala ilə səviyyələndirilmiş torpağa tam uyğun gəlmir. Ərazidə müəyyən barəbərsizliklər, hündürlük fərqləri və çökəkliklər müşahidə olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, sahədə sonrakı dövrdə əkin işləri aparılmış, traktor və digər kənd təsərrüfatı texnikaları hərəkət etmiş, həmçinin peyin daşınması və digər texniki təsirlər baş vermişdir. Bu səbəbdən torpaq səthinin ilkin vəziyyətini (lazer mala işlərinin nəticəsini) dəqiq müəyyən etmək mümkün olmamışdır. Beləliklə, mövcud şəraitdə yerin hazırki relyefinə əsasən lazer mala işlərinin keyfiyyətini tam obyektiv şəkildə qiymətləndirmək mümkün olmamışdır. Qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin miqdarının hesablanması aqronumon salahiyyətində deyil. Ağdaş rayon prokurorluğundan daxil olmuş 19 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, Ağdaş rayonu, Aşağı Qəsil kənd sakini İddiaçı 03 sentyabr 2025-ci il tarixdə Ağdaş rayon prokurorluğuna şifahi qaydada müraciət edərək, Cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını bildirmiş, həmin tarixdə İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ağdaş rayon Polis şöbəsi tərəfindən daxil olmuş 19 yanvar 2026-cı il tarixli məktuba əlavə edilmiş araşdırma materialının surətindən görünür ki, 05 sentyabr 2025-ci il tarixdə Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı DİN-in 102 xidmətinə müraciət edərək, 1 il əvvəl Mehman adlı şəxsə torpaq sahəsini hamarlamaq üçün 6000 manat pul verdiyini, lakin Mehman adlı şəxsin vədinə əməl etmədiyini bildirmişdir. İddiaçı şikayəti qeydiyyata alınmış, aparılmış araşdırma zamanı hər iki tərəfin izahatı alınmışdır. İddiaçı vermiş olduğu izahatında Cavabdeh torpaq sahəsini hamarlaması üçün 3200 manat məbləğində pul verdiyini, lakin Cavabdeh sözünə əməl etməyərək işini laiyqincə görmədiyini, ümumilikdə ona 6000 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Cavabdeh isə izahatında torpaq sahəsinin hamarlanması üçün İddiaçı 1800 manat məbləğində pul aldığını bildirmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 80 (səksən) manat dövlət rüsumu və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmaqla ümumilikdə 81 (səksən bir) manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı özünə məxsus Ağdaş rayonu, Aşağı Qəsil kəndi ərazisində ona məxsus 1.0432 hektar və 1.798 hektar torpaq sahələrində lazer üsülü ilə tarazlaşdırılmasını Cavabdeh sifariş vermişdir. Cavabdeh həmin torpaq sahələrini iddiaçıya qüsurlu şəkildə təhvil verdiyindən, yəni lazer üsülü ilə düzgün tarazlaşdırılma işləri aparılmadığından ona maddi ziyan dəydiyini irəli sürərək Cavabdeh 5523 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsini tələb edir. İddiaçı iddia tələbində Cavabdeh gördüyü işə görə 3360 manat məbləğində ödəniş etdiyini, görülən işlərin keyfiyyətsiz olması səbəbindən həmin torpağı şumlanmasına 360 manat, torpağın disk ilə doğranmasına 360 manat, arpa məhsulunun alınmasına 510 manat, toxumun gətirilməsinə 30 manat, toxumu səpənə 90 manat, kübrəyə 600 manat pul xərc çəkdiyini bildirsə də, bu barədə işdə heç bir sübut yoxdur və iddiaçı da belə sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır... Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı qaldırılmış iddia tələbinin əsasını təşkil edən hüquqi halları tam sübut edə bilməmiş, həmin halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, gördüyü işin müqabilində İddiaçı 1800 manat məbləğində pul almışdır. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddia tələbinin qismən təmin edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh iddia tələbinə qarşı etdiyi etirazın dəlillərinə gəldikdə isə məhkəmə bununla bağlı aşağıdakı sübutlarla istinad etməklə qiymət verilməsini zəruri hesab edir. Cavabdehin iddia tələbinə qarşı etirazın dəlilləri:

1. Torpaq sahəsində lazer üsulu ilə tarazlaşdırma işi görülərkən ərazidə hündürlük fərqi 70-80 sm olduğu üçün lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən sonra mütləq suvarılmalı olduğu halda iddiaçı bunu etməmişdir.

2. İddiaçıya lazer üsulu ilə tarazlaşdırma işi görüldükdən 20-30 gün ərzində torpaq sahəsinə heç bir ağır texnikanı sürməmək ciddi tövsiyyə olunsa da, iddiaçı buna da məhəl qoymamış, yəni lazer üsulu ilə tarazlaşdırma işi görülmüş torpaq sahəsində əkin işləri gördürmüş, xüsusi texnika işlətmək əvəzinə sahədə standart teknika işlətmiş, sahəyə ağır tonnajlı yük maşınları ilə peyin məhsulları səpmişdir. Yuxarıda göstərilən etirazın dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı ifadəsində bildirmişdir ki, Cavabdeh torpaq sahəsini lazer mala üsulu ilə hamarlaşdırma işlərini bitirdikdən bir müddət sonra torpaq sahəsini suvarmaq istəmiş, lakin sahə düz olmadığına görə həmin sahəyə su çıxmamışdır. Bundan sonra torpaq sahəsinin düzgün tarazlanmadığını bilmiş və bu barədə cavabdehə məlumat vermişdir. Cavabdeh torpağı yenidən şumlamasını, bundan sonra ərazinin düzləşəcəyini ona demiş, alınmayacağı təqdirdə isə onun yerini payızda yenidən lazer mala vasitəsi ilə hamarlaşdıracağına söz vermişdir. Cavabdeh məhkəmə iclasında iddiaçının bu dəlillərini etiraf etmişdir. Eləcə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, kənd ərazisində suçu kimi fəaliyyət göstərir. O, Nüsrətə məxsus torpaq sahəsini suvarmaq üçün həmin əraziyə getdikdə Cavabdeh da ərazidə olmuşdur. O, suyu açıqdan sonra su torpaq sahəsinə çıxmamış və Mehman da buna şahid olmuşdur. Traktorla torpaq sahəsini yenidən şumlanmış, buna baxmayaraq əraziyə su çıxara bilməmişlər. Bundan sonra, Mehman həmin ərazidə olan nahamar yerləri növbəti il gəlib aradan qaldıracağını bildirmişdir. Həmçinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağdaş X8 Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2025-ci il tarixli aqronom rəyi ilə də müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1,0432 hektar və 1.798 hektar kənd təsərrüfatlı torpaq sahəsi lazer mala ilə səviyyələndirilmiş torpağa tam uyğun gəlmir. Ərazidə müəyyən barəbərsizliklər, hündürlük fərqləri və çökəkliklər müşahidə olunur. Lakin nəzərə alınmalıdır ki, sahədə sonrakı dövrdə əkin işləri aparılmış, traktor və digər kənd təsərrüfatı texnikaları hərəkət etmiş, həmçinin peyin daşınması və digər texniki təsirlər baş vermişdir. Bundan başqa, İddiaçı məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş videogörüntü ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1,0432 hektar və 1.798 hektar kənd təsərrüfatlı torpaq sahəsini 2025-ci ilin dekabr ayında Şahid6 tərəfindən lazer mala ilə səviyyələndirilmiş, bundan dərhal sonra həmin torpaq sahəsinə peyinlə yüklənmiş “Kamaz” markalı yük avtomobili daxil olub peyini hissə-hissə əraziyə boşaltmaqla hərəkət etmişdir. Həmin videoçəkilişdən görünür ki, yüklə dolu yük maşınları torpaq sahəsinə daxil olub hərəkət edən zaman torpaq sahəsində yalnız yük maşınlarının təkər izləri qalmış, orada barəbərsizliklər, hündürlük və çökəkliklər əmələ gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, özünün əkin üçün texnikaları var və illərdir lazer-mala işləri ilə məşğul olur. 2025-ci ilin sonunda Nüsrət ona zəng edərək torpaq sahəsini hamarlaşdırmaq lazım olduğunu demiş, o da razılaşaraq Nüsrətə məxsus torpaq sahəsini lazer mala üsulu ilə hamarlaşdırmışdır. İşin sonuna yaxın Nüsrət əraziyə peyin gətizdirmək istədiyini, əraziyə ağır tonnajlı yük maşınlarının girməsi yerin düzlüyünün pozulmasına səbəb olub-olmayacağını ondan soruşmuş, o da sahədə ağır tonnajlı yük maşınlarının hərəkət edəcəyi təqdirdə yerin düzlüyünün pozulmayacağını bildirmişdir. Torpaq sahəsi düzgün qaydada hamarlaşdırıldıqdan sonra ağır tonnajlı yük maşınları torpaq sahəsinə giriş edə bilər. Həmin maşınların çəkisindən asılı olmayaraq torpaq sahəsi deformasiyaya uğramır, 3 smdək təkər izlərində çökəklik yarana bilər və bu da suyun bütün əraziyə çatmasına mane olmur. Göründüyü kimi Cavabdeh iddia tələbinə qarşı etdiyi etirazın dəlilləri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunur. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı şifahi bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin xdimət haqqını vaxtında ödəmiş, lakin cavabdeh tərəfindən görülən iş qüsurlu olaraq iddiaçıya təhvil verilmişdir. Belə ki, iddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 1,0432 hektar və 1.798 hektar kənd təsərrüfatlı torpaq sahəsini suvarmaq və suyun bütün əraziyə çatdırılması üçün torpağın lazer mala ilə səviyyələndirilməsini arzu edib bu məqsədlə Cavabdehla şifahi podrat müqaviləsi bağlamış, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi qüsurlu şəkildə icra etdiyindən, iddiaçının mülkiyyətində olan həmin torpaq sahələrini suvarmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edildiyi hissəyə münasibətdə, yəni 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və 38 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar