Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1939/2025 14.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nağd alınmış 1400 manat pulun, həmçinin maddi və mənəvi ziyana görə 1000 manat, cəmi 2400 manat pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 15 yanvar 2025-ci il tarixdə,yeni təmir etdirdiyi ünvan 1 ünvanında yerləşən mənzilindəki otaqlara dörd ədəd qapı qoyulması barədə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tapdığı Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Azəroğlu Mebel” qapı sexində şifahi razılığa gəlmişdir. Onunla sexin sahibi Cavabdeh arasında şifahi müqaviləyə əsasən qapıların quraşdırılması başa çatdırılandan sonra dörd ədəd qapı üçün 1900 manat ödəmək öhdəliyini üzərinə götürmüşdür. 19 yanvar 2025-ci il tarixində Cavabdeh qeyd olunan ünvana gələrək dörd ədəd qapının ölçülərini götürmüş, etibarından istifadə edib, ondan materiallar üçün əvvəlcədən 900 manat məbləğində pul istəmişdir. Vergidən yayınmaq üçün bu məbləği onun kart hesabına atmasını bildirmiş və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə öz kart nömrəsini ona göndərmişdir. Həmən məbləği sübut üçün o, Nicatın kart hesabına göndərmişdir. 02 fevral 2025-ci il tarixdə Cavabdeh Whatsapp” sosial şəbəkəsində səsli ismaric göndərərək boya işlərinə başladığını bildirib 500 manat məblğində pul istəmişdir. O, Nicata etibar edib yenidən 500 manat məbləği Nicatın kart hesabına göndərmişdir. Sifariş etdiyi dörd ədəd qapı söz verilən vaxtdan gec, yəni 17 mart 2025-ci il tarixində adını bilmədiyi usta tərəfindən yaşadığı ünvana gətirilmişdir. Qapılar seçimindən fərqli olduğundan və qapıların üzərində qüsurlar aşkar etdiyindən bu barədə sexin sahibi Nicata telefonla məlumat verib qapıları geri qaytarılması və bütün qüsurların aradan qaldırması barədə razılığa gəlmişlər. 26 mart 2015-ci il tarixdə gətirilən qapıların üzərində yenə də eyni qusurları müşahidə edib təkrar geri qaytarmaq fikirinə gəlmişdir. Telofon danışığı zaman Nicat rəngsaz göndərib qüsurları aradan qaldıracağına söz vermiş və sexin işçisi Röyal adlı şəxsi qapıları quraşdırmaq üçün ünvana göndərmişdir. Usta Röyal dörd ədəd qapını yerlərinə qoyduqdan sonra pul istəmiş, o isə pulun qalığını Nicata verəcəyi barədə öhtəliyini xatırladıb Röyala zəhmət haqqı verməkdən imtina etmişdir. Bundan sonra Röyal Nicata zəng edib zəhmət haqqını tələb etsə də, müsbət cavab ala bilməmiş və əsəbləşib qapıların dördünüdə zədələyib mənzili tərk etmişdir. Qapıların zədələnməsi usta ilə onu bu işə cəlb edən Nicat arasında olan problemin nəticəsi olduğundan hazırki mübahisənin Röyala aidiyyatı yoxdur. Onun usta Röyal qarşısında hər hansı öhdəliyi olmamışdır. Onun tələbi ilə Nicat mənzildə quraşdırılan qapıların dördünü də işçisi Səxavətin vasitəsi ilə aparmışdır. Nicat ondan həmin qapılar üçün əvvəlcədən aldığı 1400 manat pulu aprelin 4ü geri qaytaracağına söz versə də müxtəlif bəhanələrlə onu aldatmışdır. Mübahisənin baş verdiyi ardıcıllıqlar, Nicat barədə söylənilən xarakteriza Nicatın ona qarşı dələduzluq etdiyi qənaətinə gəlmişdir. Ona görə əmlakı məhv etmə, ona keyfiyyətsiz qapılar verməsi, vergi cinayətləri ilə sexdə qanusuz işçilərin işlədilməsi kimi cinayət xarakterli əməllərinin aşkar edib onu cinayət məsuliyətinə cəlb etmək xahişi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Müraciəti üzrə təhqiqatçı iş üzrə cinayət işinin başlanması barədə qərar qəbul etmiş və mülkiyyət hüququnun bərpasına dair məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Beləliklə, onunla cavabdeh Nicat arasında yaranmış mülki mübahisə nəticəsində ondan alınmış 1400 manat məbləğində dəymiş maddi, 1000 manat mənəvi ziyana görə, cəmi 2400 manat məbləğində pulun birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 07 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, şəxsi mənzili üçün “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tapdığı “Azəroğlu Mebel” qapı sexinin sahibi Cavabdehla dörd ədəd qapının 1900 manata hazırlanmasına dair aralarında şifahi razılığa gəlmişlər. Cavabdeh 19 yanvar 2025-ci il tarixdə ona məxsus evə gələrək qapının ölçülərini götürmüşdür. Qapıların hazırlanması üçün ondan ilkin olaraq 900 manat məbləğində pul istəmiş və həmin pulu Nicat özünə məxsus kart hesabına göndərməsini bildirmişdir. Cavabdeh “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə kart hesab nömrəsini ona göndərdikdən sonra 900 manat məbləğində pulu Nicata göndərmişdir. 02 fevral 2025-ci il tarixdə Cavabdeh ondan qapıların rənglənməsi üçün 500 manat məbləğində pul istəmiş, o da həmin pulu yenə də Nicatın kart hesabına göndərmişdir. Sifariş verdiyi qapılar ona söz verildiyi tarixdən gec, yəni 17 mart 2025-ci il tarixdə adını bilmədiyi usta tərəfindən gətirilərək evinə qurlaşdırılmış, lakin qapıda qüsurlar olduğundan bu barədə Nicata telefon vasitəsi ilə məlumat vermiş və qapıların geri qaytarılaraq aşkar olunmuş qüsurların aradan qaldırılması üçün aralarında razılığa gəlmişlər. 26 mart 2025-ci il tarixdə qapılar gətirilmiş və yenə də qapılarda qüsurların olması aşkar olunmuş, bu barədə Nicata məlumat verdikdə Nicat rəngsaz göndərəcəyini və qüsurların aradan qaldırılacağını bildirmişdir. Bundan sonra Röyal adlı bir nəfər şəxs gələrək qapıları yerinə quraşdırmış, həmin vaxt qapı çərşivələrinin də ölçülərinin qüsurlu olmasını görmüş, Röyal bu qüsurları aradan qaldırmağa çalışsa da, əmələ gətirə bilməmişdir. Daha sonra Röyal ondan xidmət haqqı istədikdə o, Röyala zəhmət haqqı verməkdən imtina etmişdir. Röyal Nicatla telefon vasitəsi ilə əlaqə saxlayıb zəhmət haqqını tələb etdikdə, Nicat imtina etdiyi üçün Röyal əsəbləşib qapıların dördünü də çəkiclə vurub zədələyərək oradan getmişdir. Qapıların zədələnməsinə səbəb Nicatla aralarında olan mübahisə olmuşdur və Röyalın hər hansı bir öhdəliyi olmamışdır. Bundan sonra Nicat qapıları söküb aparmış və ondan aldığı 1400 manat məbləğində pulu aprel ayının 4-də geri qaytaracağına söz versə də, verdiyi sözə əməl etməmiş, dəfələrlə müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan yayınmışdır. Nicatın bu hərəkətləri nəticəsində uzun müddət əsəb və sarsıntı keçirmiş, daha sonra baş verən hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə şikayət etmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 24 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh izahat verərək bildirdi ki, Ümidlə “İnstaqram” sosial şəbəkəsində tanış olmuş və Ümid ona evi üçün dörd ədəd qapı şifariş vermişdir. Aralarında olan razılıq bundan ibarət olmuşdur ki, o, qapıları hazırlayıb qüsursuz vəziyyətdə Ümidin mənzilinə quraşdıracaqdır. Qapıların hazırlanması üçün Ümid ona iki dəfə olmaqla ümumilikdə 1400 manat məbləğində ödəniş etmişdir. O, qapıları hazırladıqdan sonra Ümidin evinə göndərmiş, lakin qapılarda qüsurlar olduğundan Ümid onları geri qaytarmışdır. Qapıda aşkar olunmuş qüsurlar aradan qaldırıldıqdan sonra yenidən qapıları Ümidin evinə göndərmişdir. Ümid yenə də qapılarda qüsur olduğunu bildirmiş, o isə qapılar yerinə quraşdırıldıqdan sonra rəngsazı göndərib qüsurları aradan qaldıracağına söz vermiş, Ümid də onunla razılaşmışdır. Bundan sonra o, qapıların quraşdırılması üçün Röyalı Ümidin mənzilinə göndərmişdir. Röyal qapıları yerlərinə qyraşdırdıqdan sonra zəhmət haqqını istəmiş, lakin Ümid ödəniş etməyəcəyini, aralarında olan razılaşmaya əsasən ödənişin Nicat, yəni onun tərəfindən ediləcəyini bildirmişdir. Bundan sonra Röyal telefonla ona zəng edib zəhmət haqqını istəmiş, o da Röyala ödəniş etməyəcəyini bildirmişdir. Belə ki, Ümidin ona 500 manat borcu qaldığından o, Röyala ödəniş etməkdən imtina etmişdir. Röyal da bundan əsbələşərək çəkiclə vurub qapıları zədələmişdir. Həmin qapılara onun tərəfindən ziyan vurulmamışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Xətair rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılmış və araşdırma zamanı da hazırda verdiyi izahatı vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmənin növbəti iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin təhqiqatçısı X1 11 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. “Whatsapp” sosial şəbəkəsindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh istifadəsində olan 4169-7385-0534-9856 nömrəli kart hesabına 19 yanvar 2025-ci il tarixdə 900 manat məbləğində, 02 fevral 2025-ci il tarixdə isə 500 manat məbləğində pul köçürülmüşdür. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 44,40 (qırx dörd manat, qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Cavabdeh tərəfindən İddiaçı göndərdiyi bir neçə səs yazıları ilə müəyyən edilir ki, cavabdeh qapıların qüsurlu olduğunu etiraf etmiş və 1400 manat məbləğində pulu geri qaytaracağına söz vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı özünə məxsus evi üçün Cavabdeh 04 ədəd qapı sifariş vermiş və həmin qapıların hazırlanması üçün cavabdehə iki dəfə olmaqla, ümumilikdə 1400 manat məbləğində ödəniş etmişdir. Cavabdeh həmin qapıları qüsurlu təhvil verdiyindən iddiaçı cavabdehə ödədiyi 1400 manat pulu geri tələb etmişdir. Lakin Cavabdeh iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı onun barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmiş, Cavabdeh barəsində toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh 1400 manat məbləğində pulu geri qaytaracağına vəd versə də o, vədinə əməl etməmişdir. Hazırda İddiaçı qapıların hazırlanması üçün vermiş olduğu 1400 manat məbləğində pulu və mənəvi zərərə görə 1000 manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsini tələb edir. Qaytarılması tələb olunan 1400 manat məbləğində pulun İddiaçı tərəfindən Cavabdeh verilməsi məhkəmə iclası zamanı Cavabdeh verdiyi izahat, həmçinin iş materiallarına əlavə edilmiş səs yazıları ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Yuxarıda qeyd edilən normalar çərçivəsində işin faktiki hallarına baxıldıqda müəyyən edilir ki, iddiaçı şifahi bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin muzdunu vaxtında ödəmişdir. Cavabdeh isə 1-2 ay ərzində tamamlayacağını bildirdiyi işin aylarla uzanmasının və qapıların qüsurlu şəkildə hazırlanmasının səbəbi barədə ağlabatan izah verə bilməmişdir. Məhkəmə hesab edir ki, bu vəziyyət podratçının sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə müqavilədən imtina etməsi anlamına gəlir. Bu halda cavabdeh üçün öhdəliyin icra edilməməsindən irəli gələn vəzifələr yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bundan əlavə, “İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi maddi ziyanla bağlı hissədə təmin edilməli, Cavabdeh 1400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı həmçinin 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı da məhkəmədə tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya hansısa mənəvi zərər vurulması iş materialları ilə sübut olunmadığından iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarının 4.13-cü bəndində göstərilmişdir ki, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulubtutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması. Hazırki vəziyyətdə iddiaçının tələbi müqavilədən irəli gələn öhdəliklərin pozuntusu ilə bağlı olduğundan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbi də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasibətdə dövlət rüsumu üçün ödənilmiş 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(014)-1939/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1939/2025
14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver