Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-195/2024 31.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 09 Dekabr 2021-ci ıl tarixdə bağlanmış AgFQK-2623 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 28,5 % olmaqla 48 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 3300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 115,96 (yüz on beş manat, doxsan altı qəpik) manat olmaqla, cəmi 5565,82 (beş min beş yüz altmış beş manat, səksən iki qəpik) manat məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 1348,49 (min üç yüz qırx səkkiz manat, qırx doqquz qəpik) manat məbləğində əsas və faiz borcu üzrə ödəniş etmişlər. Cavabdehlər bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, qeyd olunan Kredit müqaviləsinin şərtlərini pozaraq Kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, cavabdehlər kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, cavabdehlər iddiaçının xeyrinə gecikdirmiş əsas məbləğin 0.1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə cavabdehdirlər. Belə ki, 21 noyabr 2023-cü il tarixli Maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehlərin bu günə əsas borc üzrə 3007,26 manat, faiz borcu üzrə 1210,07 manat və cərimə borcu üzrə 126,45 manat olmaqla, cəmi 4343,78 (dörd min üç yüz qırx üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcları yaranmışdır. Həmin Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 09 dekabr 2021-ci il tarixdə ZMAgFQK- 2623 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən cavabdeh zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin İddiaçı qarşısında cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən Cavabdeh1 və zamin Cavabdeh2 əsas borc üzrə 3007,26 manat, faiz borcu üzrə 1210,07 manat və cərimə borcu üzrə 126,45 manat olmaqla, cəmi 4343,78 (dörd min üç yüz qırx üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinəyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AgFQK-2623 saylı kredit müqaviləsinə əsasən MMC Cavabdeh1 48 ay müddətinə illik 28,5 % faiz ödənilməsi şərti ilə 3300 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ZMAgFQK-2623 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AgFQK-2623 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş 211/QK saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AgFQK-2623 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə ümumi borcu 4343,78 (dörd min üç yüz qırx üç manat, yetmiş səkkiz qəpik) manat təşkil edir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən X1 və Cavabdeh2 göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, BOKT "xxxx" MMC borcalana xx.xx.2021-ci il tarixli, AgFQK-2623 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onlara xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 62,28 (altmış iki manat, iyirmi səkkiz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, BOKT "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AgFQK-2623 saylı kredit müqaviləsinə əsasən MMC Cavabdeh1 48 ay müddətinə illik 28,5 % faiz ödənilməsi şərti ilə 3300 manat məbləğində kredit vermiş, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə BOKT "xxxx" MMC tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun MMC-yə ümumilikdə 4343,78 (dörd min üç yüz qırx üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 66,45 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3007,26 (üç min yeddi manat, iyirmi altı qəpik) manat, faiz borcu üzrə 1210,07 (min iki yüz on manat, yeddi qəpik) manat və cərimə borcu üzrə 66,45 (altmış altı manat, qırx beş qəpik) manat olmaqla, cəmi 4283,78 (dörd min iki yüz səksən üç manat, yetmiş səkkiz qəpik) manat manat məbləğində borc və 62,28 (altmış iki manat, iyirmi səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3007,26 (üç min yeddi manat, iyirmi altı qəpik) manat, faiz borcu üzrə 1210,07 (min iki yüz on manat, yeddi qəpik) manat və cərimə borcu üzrə 66,45 (altmış altı manat, qırx beş qəpik) manat olmaqla, cəmi 4283,78 (dörd min iki yüz səksən üç manat, yetmiş səkkiz qəpik) manat manat məbləğində borc və 62,28 (altmış iki manat, iyirmi səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-195/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-195/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver