Məhkəmə qərarları › İş №2(014)-1953/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1953/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1953/2021 07.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmənin iclas katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.10.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung Paltaryuyan üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 47(qırx yeddi) manat cərimə, ümumilikdə 167 manat borc 20 manat ödənilmiş dövlət rüsumu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 18.10.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung Paltaryuyan almış və nəticədə 167 (yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1116 (bir min bir yüz on altı) manat (12 ay x 79 manat + 168 manat ilkin ödəniş) olan Samsung paltaryuyan üçün ümumilikdə 167 manat olmaqla ondan, 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 996 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 18.10.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 "xxxx"MMC qarşısındda alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" MMC-nin baş direktoru NümayəndəF məhkəməyə teleqram ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiklərini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 18.10.2018-ci il tarixli 00338720 saylı müqaviləsinə əsasən Samsung Paltaryuyan üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 47(qırx yeddi) manat cərimə, ümumilikdə 167 manat məbləğində borc hesablanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Samsung Paltaryuyan məhsul Cavabdeh1 istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 168 manat ilkin ödəniş ödəməklə 12 ay ərzində hər ay 79 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05.06.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 18.10.2018-ci il tarixli müqaviləyə əsasən Samsung Paltaryuyan məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 18.10.2018-ci il tarixli 00338720 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 "xxxx"MMC qarşısındda alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC-yə olan borcunu 03 (üç) gün müddətində icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.1, 601.1-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 47 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 18.10.2019-cu il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçının zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 18.10.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung Paltaryuyan üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, ümumilikdə 122 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar