Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-20/2023 04.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan «Mercedes Benz E200» markalı **-OT-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2021-ci il tarixli 7E-4999 reyestr nömrəli etibarnamə ilə idarə etməsi üçün oğlu Nümayəndə etibar etmişdir. 04 may 2022-ci il tarixdə axşam saatlarında oğlu Nümayəndə avtomobil ilə Ağdaş rayon H.Əliyev prospektində hərəkətdə olduğu zaman yolun hərəkət hissəsinə onun qarşısına inək malı qaçaraq qəfil çıxmış, yol nəqliyyat hadisəsi qaçılmaz olmuş və inək malını vurmuşdur. Heyvana dəymiş zərbəylə avtomobilə çox ciddi şəkildə ziyan dəymişdir. Hadisədən dərhal sonra əraziyə Ağdaş RPŞ-nin DYP bölməsinin əməkdaşları çağırılmış və onlar tərəfindən hadisə yerində araşdırılma aparılmışdır. Sonra isə polis bölməsində oğlu Nümayəndə və Cavabdeh izahatları alınmış, maddi zərər aşkarlansa da, heç bir xəsarət faktı aşkar olmamışdır. Ağdaş RPŞ-nin DYPB-nin inspektoru tərəfindən mal-qaranın sahibi Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 04 may 2022-ci il tarixində LPX ******* N-li protokol tərtib edilmiş və 11 may 2022-ci il tarixində baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə № 3(014)-212/2022 saylı işin baxılmasını məhkəmə mümkün hesab etmişdir. Prosesdə iştirak edən cavabdeh təqsirləndirildiyi maddə üzrə günahını etiraf etmiş və ona tətbiq edilən inzibati tənbeh vermə haqqında protokolla razılaşmışdır. Ancaq o, bu əməlinə görə ziyan vurduğu avtomobilin zərərinin qarşılığını ödəməkdən elə məhkəmə zalında boyun qaçırmışdır. Nəticədə Ağdaş Rayon Məhkəməsi cavabdeh barəsində xx.xx.2022-ci il tarixli 3(014)-212/2022 saylı qərar qəbul etmiş və inək malının sahibini məsuliyyətə cəlb etmişdir. Oğlu dəfələrlə cavabdehə müraciət etmiş, ona avtomobili özünün, yəni (zərər vuranın) dilədiyi avtotəmir servisində və ustaya təmir etdirməsinə etiraz etmədiyini bildirmiş, hətta cavabdehə təmirlə bağlı kömək edəcəyini bildirmişdir. Heyvanın sahibi Cavabdeh hadisəyə etinasız yanaşmış, iddiaçıya vurduğu zərərin mahiyyətini dərk etməmiş, avtomobilin təmir edilməsi ilə bağlı zəruri addımlar atmamışdır. Əlacsız qalıb avtomobilin təmir xərclərini "xxxx" ASC-nin Ağdaş filialında qiymətləndirdikdən sonra təmir etdirmişdir. Avtomobilin ehtiyat hissələri rayonlarında olmadığından, paytaxtdan və bəzi qonşu rayonlardan sifariş edib gətizdirmişdir. Nəticədə avtomobilin tam təmirinə alınmış ehtiyat hissələrinə 1270 (min iki yüz yetmiş) manat xərcləmişdir. Bundan başqa, oğlu Nümayəndə ehtiyat hissələrini alarkən və gətizdirərkən 180 (yüz səksən) manat əlavə ödənişləri olmuşdur. Avtomobilin təmiri cəm olaraq oğlu Nümayəndə 1450 (min dörd yüz əlli) manat ödəməklə ziyan çəkmişdir. Hesab edir ki, Cavabdeh öz məsuliyyətini dərk edib vurduğu ziyanın qaşılığını ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə 1450 (min dörd yüz əlli) manat məbləğində Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın və tərəfindən ödənilmiş məhkəmə rüsumunun, yəni ödədiyi xərclər barəsində iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, onun günahı yoxdur, heyvan yola çıxması nəticəsində vurulmuşdur. Buna görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin Ağdaş filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 30 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Mercedes Benz-E200” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ehtiyat hissələri 680 manat dəyərində qiymətləndirilmişdir. İşin materiallarında olan “Babək” avtoservisin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1994-cü il buraxılışlı “Mercedes Benz-E200” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1170 manat müəyyən edilir. İşin materiallarında olan 2 ədəd fotoşəkillərdən görünür ki, “Mercedes Benz-E200” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(014)- 212/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/8458 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Babək” avtoservisin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1994-cü il buraxılışlı “Mercedes Benz-E200” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1170 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 04 may 2022-ci il tarixdə “Mercedes Benz-E200” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı markalı avtomobil ilə Ağdaş rayon H.Əliyev prospektində hərəkətdə olduğu zaman yolun hərəkət hissəsində onun qarşısına inək malı qaçaraq qəfil çıxmış, yol nəqliyyat hadisəsi qaçılmaz olmuş və inək malını vurmuş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(014)-212/2022 saylı qərarı ilə həmin hadisə üzrə Cavabdeh təqsirli bilinmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/8458 saylı rəyinə əsasən 1994-cü il buraxılışlı “Mercedes Benz-E200” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1170 manat təşkil etmişdir. Hazırda İddiaçı Cavabdeh onun xeyrinə 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul, 35 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 1170 (min yüz yetmiş) manat məbləğində dəymiş ziyan və 31,70 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1170 (min yüz yetmiş) manat məbləğində dəymiş ziyan və 31,70 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-20/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-20/2023
04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver