Məhkəmə qərarları › İş №2(014)-205/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-205/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-205/2023 03.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 12:40 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində dəmir yolu keçidinin tam önündə Cavabdeh məxsus iribuynuzlu inək malının cavabdeh tərəfindən özbaşına buraxılması nəticəsində, avtomobil yolunda təqribən saatda 20 km.surətlə hərəkət edərkən qəfil İddiaçı məxsus VAZ-2107 markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobilinə doğru hərəkət edərək toqquşmuş və avtomaşının avtoqəza törətməsi nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymişdir. Hadisədən sonra Ağdaş rayonu YPX əməkdaşları hadisə yerində olmuş, cavabdehin barəsində İXM-in 338.5.1ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Həmin araşdırma və protokolda iribuynuzlu inək malının cavabdeh tərəfindən nəzarətsiz olaraq asfalt örtüklü yola buraxıldığı və avtoqəzaya səbəb olması sübut olunmuşdur. Törədilmiş inzibati xəta sübuta yetirilmiş, hadisənin cavabdehin təqsiri ucbatından baş verməsi də öz əksini tapmışdır. Cavabdeh qanun pozuntusuna yol verməklə baş vermiş avto qəza nəticəsində ona xeyli miqdarda maddi ziyanlıq vurmuşdur. Dəymiş maddi ziyanlıqla bağlı "xxxx" ASC-nin Ağdaş rayon filialına müraciət etmiş, filialın mütəxəssisləri tərəfindən avtomobilə baxış keçirilmişdir. Bundan sonra avtomobilə dəymiş ziyanlıqla bağlı mütəxəssis tərəfindən akt tərtib edilərək onlara verilmişdir. Tərtib edilmiş akta əsasən avtomobilinə cavabdeh tərəfindən avtoqəza zamanı 771 (yeddi yüz yetmiş bir) manat maddi ziyanlıq dəymişdir. Bundan sonra cavabdehlə aralarında şihafi olaraq razılaşmışlar və cavabdeh dəymiş ziyanı ödəyəcəyinə dair söz vermişdir. Ancaq cavabdeh bir neçə gündür ki, borcunu və vurduğu maddi ziyanı qaytarmaqdan boyun qaçırır və aralarındakı şifahi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Cavabdeh borcunu geri ödəmək üçün maddi imkana malikdir. Cavabdeh hər dəfəsində borcunu tezliklər ödəyəcəyini bildirsə də üzərinə düşən öhdəliyi yerinə yetirməkdən və borcunu ödəməkdən boyun qaçırır, verdiyi sözünə əməl etmir. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də 1 aydır ki, cavabdeh borcundan heç bir məbləğ ödəməmişdir. Cavabdeh isə ona olan etibarından sui-istifadə etmişdir. Nəticədə iddiaçı günü-gündən maddi ziyanlıq çəkir. Cavabdeh isə borcunu tezliklə ödəyəcəyinə dair yalan vədlər verərək və müxtəlif vədlər verərək və müxtəlif bəhanələr gətirərək ona vurduğu ziyanlığı ödəməkdən yayınmağa davam edir. Ona görə də nəhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh təqsiri ucbatından avtoqəza zamanı iddiaçıya vurduğu 771 (yeddi yüz yetmiş bir) manat miqdarında maddi ziyanın, hüquqi xidmətlə bağlı ödənilmiş 100 manatın, dəymiş maddi ziyanlıqla bağlı rəy üçün ödənilmiş 20 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin əsassız olduğunu, hadisənin gündüz saatlarında baş verdiyini, iddiaçının ötmə əməliyyatını həyata keçirərkən sürət həddini aşdığını, Rəvan barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu, iddia ərizəsində göstərilənlərin yalan və böhtan olduğunu, əksinə Rəvanın ona zərər vurduğunu bildirərək iddianının rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli nəktubdan görünür ki, öz təsərrüfatına məxsus iribuynuzlu inək malını asfalt örtüklü yola nəzarətsiz buraxdığı üçün Ağdaş rayonu, Ləki qəsəbə sakini Cavabdeh barəsində İXM-in 338.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. İşin materiallarında olan "xxxx" ASC-nin Ağdaş filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 75 nömrəli qüsur aktının surətindən görünür ki, “VAZ-2107” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 771 (yeddi yüz yetmiş bir) manat dəyərində qiymətləndirilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 iyun 2023-cü il tarixli, 8/1220 saylı rəyindən görünür ki, “VAZ-2107” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobilin sürücü İddiaçı hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəssinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 9/3060 saylı rəyindən görünür ki, "xxxx" ASCnin Ağdaş filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “VAZ-2107” markalı, **-LB-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 671 manat müəyyən edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı “VAZ-2107” markalı, **-LB-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağdaş rayonu, Ləki qəsəbəsində hərəkətdə olan zaman Ağdaş-Ləki yolunun 9-cu km-də Cavabdeh məxsus 3 baş inək malının birinə vurmuş, hazırda iddiaçı avtmobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Həmçinin, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəssinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hadisənin qarşısını almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri, cəmi 135 (yüz otuz beş) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri, cəmi 135 (yüz otuz beş) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar