Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-208/2023 27.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı su yolunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı su yolunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı islahat zamanı mülkiyyətinə verilmiş 0,26 hektar həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində yaşamaqla təsərrüfatı idarə edir. O, həmin 0,26 hektar həyətyanı torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət kadastr və Reyestr publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüquqi əsasında adına qeydə aldırmış və bu barədə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ətrafına çəkdirdiyi divarın yaxınlığından təsərrüfatında istifadə etmək üçün çəkdirdiyi beton su arxını və orda qoyulmuş su borularının içərisini vaxtlı vaxtında tullantılardan və lildən təmizləmədiyinə görə su arxı şişərək ətrafa axır və nəticədə onun həyət divarının dibinə axmaqla divara, həyətə və evin divarlarına və evin zirzəmisinə dolaraq ziyanlıq vurur. Su hər yeri basdığına görə həyətdə və evdə üfunət iyi və antisanitar şərait yaratmışdır. Faktiki olaraq nəmişlikdən və üfunətdən həyətlərində və evlərində yaşaya bilmirlər. Dəfələrlə cavabdehə özü, kənd icra nümayəndəliyi və bələdiyyə tərəfindən qanunsuz hərəkətlərinə son qoyulması, təsərrüfatına ziyan vurmasının qarşısının alınması xahiş və tələbi ilə ona xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qonşuluq münasibətlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Kənd üzrə həyətyanı torpaq sahələrində istifadə etmək üçün kəndin ümumi istifadəsində su yolu (arx) mövcuddur. Cavabdeh kəndin baş planından kənara çıxaraq təsərrüfatında istifadə etmək üçün özünə ayrıca su xətti çəkdiyindən və nəticədə həmin su yolu vaxtlı-vaxtında təmizlənmədiyindən onun əmlakına ziyan vurduğuna görə hesab edir ki, həmin su yolu sökülməli və xətti dəyişdirilməlidir. Ona görə də o, cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh hal-hazırda ölkədə olmadığından o, Cavabdeh arvadı Nümayəndə etibarnamə əsasında cavabdehi təmsil edir. İddiaçı tərəfindən mübahisələndirilən həmin su yolu (su arxı) 2021-ci ildə hazırkı iş üzrə İddiaçı tərəfindən qanunsuz olaraq bağlanılmışdır. Səbəb olaraq İddiaçı bildirmişdir ki, həmin su xətti ona məxsus fərdi yaşayış evinin divarına, həyətyanı torpaq sahəsinin hasarına və təsərrüfatına zərər vurur. Həmin su yolu (su arxı) hər tərəfdən (sağ və sol tərəfdən) betonlanmış vəziyyətdədir (çəkilmiş foto şəkillər ərizəyə əlavə olunur). Bir neçə dəfə İddiaçı xahiş etsə də o, həmin su yolunu açmamışdır. Ona görə bu mübahisənin ədalətli həll edilməsi üçün süni maneələrin aradan qaldırılması və zəruri su yolunun açılması tələbi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5387 nömrəli rəyini, iclasa şahid qismində aidiyyəti qurumların dindirilmiş nümayəndələrinin fikirlərini və digər əsasları nəzərə alaraq Ağdaş Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(014)-46/2022 nömrəli qətnamə çıxararaq onun iddia tələbini təmin etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-46/2022 nömrəli qətnaməsindən cavabdehlər İddiaçı və X1 Apellyasiya Məhkəməsinə şikayət etmişdilər. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(107)-738/2022 nömrəli qətnaməsi ilə cavabdehlərin şikayətini təmin etməyərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-46/2022 nömrəli qətnaməsini qüvvədə saxlamışdır. Qüvvəyə minmiş sözügedən məhkəmə qətnaməsində cavabdeh tərəf olan və hazırkı işdə də iddiaçı qismində çıxış edən İddiaçı hazırkı iş üzrə mübahisələndirilən predmet barəsində artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu bilərək süründürməçilik məqsədi ilə yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən ona gələn su arxının bağlanılması nəticəsində yaranan mübahisənin məhkəmə qaydası ilə aydınlaşdırılması bir ildən artıq vaxt çəkmişdir. Bir ildən artıq müddətdə o və ailə üzvləri susuz qalmışlar. Hansı ki, 20 ildən artıqdır ki, mülkiyyətlərində olan həmin həyətyanı torpaq sahəsinə su sözügedən su yolu ilə gəlmişdir. İddiaçı tərəfindən ona gələn su yolunun onun və heç bir qurumun icazəsi olmadan, özbaşına bağlanılması mülkiyyətində olan torpaq sahəsində ağacların qurumasına səbəb olmuşdur. Ona gələn su yolunun keçdiyi ərazi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçmir, iddiaçıya məxsus fərdi yaşayış evindən 5 metr kənarda yerləşir. On illərdir təbii axınla axan su yolunu 3 il əvvəl yerli qurumların məsləhəti ilə öz maddi hesabı ilə 150 metr uzunluqda, 35 sm dərinlikdə və 35-40 sm enlikdə betonlayaraq nov formasında təmir etdirmişdir. Halhazırda təmir etdiyi həmin su yolundan iddiaçı da daxil olmaqla digər qonşular da istifadə etməkdədir. Yol kəsişmələrində yola su çıxmaması üçün yan betonları hündür etmiş və həmin hündür hissələrdə arxın dərinliyi çox olduğuna görə arxın üstünü list dəmirlərlə bağlamışdır ki, qonşuların heyvanları arxa düşüb boğulma təhlükəsi olmasın. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 0,26 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********82-10301 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Orta Ləki kəndində fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X3 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı Çıxarışı ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yoluna yaradılmış süni maneələrin aradan qaldırılması və həmin su yolunun açılması, iddia qalan hissədə təmin edilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-738/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X3 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 10/3562 nömrəli ekpsert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş su bərəsindən iddiaçının evinin hasarına tərəf su sızdığı və su sızma nəticəsində hasarın alt hissəsinin nəmləndiyi ehtimal olunur. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı cavabdeh tərəfindən qanunsuz çəkilmiş su yolunun onun təsərrüfatına ziyan vurduğundan cavabdehin özü tərəfindən sökülərək yerinin dəyişdirilməsini tələb edir. Lakin iddiaçı cavabdehin qanunsuz su yolu çəkdiyini iddia etsə də, su yolunun əvvəlki qanuni vəziyyətinə dair (dəyişdirilib-dəyişdirilməməsini hazırkı vəziyəti ilə müqayisə etmək üçün), həmçinin, həmin su yoluna dair hüquqi addımların atılmasının hansı şəxsin (dövlət orqanının və s.) səlahiyyətində olmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Bu həm də cavabdehin düzgün müəyyən edilməsi baxımından da əhəmiyyət kəsb edir. Çünki kəndin ümumi su yolunun dəyişdirilməsi hazırkı iş üzrə cavabdehin səlahiyyətində deyildir. Məhkəmə həmçinin ekspert rəyi ilə bağlı bildirir ki, ekspert özü də rəyində dəqiq olaraq su yolunun iddiaçının hasarını nəmləndirdiyini göstərməmişdir. Belə ki, ekspert rəyində qeyd etmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş su bərəsindən iddiaçının evinin hasarına tərəf su sızdığı və su sızma nəticəsində hasarın alt hissəsinin nəmləndiyi ehtimal olunur. Ekspertin ehtimalı isə cavabdehin üzərinə əlavə vəfizələrin qoyulması üçün əsas ola bilməz. Çünki ehtimal özlüyündə ekspert baxışından əvvəl hər hansı formada hasarın süni formada nəmləndirildiyini istisna etmir. Buna görə də ekspert konkret olaraq nəmlənmənin səbəbinin həmin su yolu olub-olmamasına dəqiq cavab verdiyi halda onun rəyi mötəbər hesab edilə bilərdi. Bundan başqa, işin materiallarında olan fotoşəkillərdən aşkar surətdə görünür ki, su yolu ətrafındakı hasarlardan kifayət qədər aralı məsafədə yerləşir. Suyun təbii axını nəticəsində məcrasından çıxmayacağı təqdirdə hasarlara toxunması mümkün deyil. Suyun təbiət hadisələri və s. formada gələcəkdə məcrasından çıxması da cavabdehin təqsirli hərəkəti kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3 və 170.4-cü maddələrinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı su yolunun dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı su yolunun dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-208/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-208/2023
27.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver