Məhkəmə qərarları › İş №2(014)-208/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-208/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-208/2025 02.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı "dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı "dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Şəkili kəndi ərazisində yerləşən A822103 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (**********18 reyestr nömrəli) Çıxarışa əsasən 4,19 hektar, İddiaçı1 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Şəkili kəndi ərazisində yerləşən J0017 KOD90310028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3,98 hektar torpaq sahəsinə vurulmuş 500 (beş yüz) manat məbləğində ziyanın əvəzinin, dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun və ərizənin məhkəməyə verilməsinə görə toplanmış sənədlərə ödənilmiş 25 (iyirmi beş) manat pulun, cəmi 555 manat pulun Ağdaş rayonu, Qoşaqovaq kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh tutularaq 315 manat hissəsinin İddiaçı2 xeyrinə və 240 manat hissəsinin İddiaçı1 xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Şəkili kəndində qeydiyyatda olan və yaşayan İddiaçı2 və İddiaçı1, xüsusi mülkiyyətlərində kənd təsərrüfatı məhsullarının istehsalı üçün kənd təsərrüfatı təyinatlı torpaqlar vardır. Belə ki, A822103 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (**********18 reyestr nömrəli) Çıxarışa əsasən İddiaçı2 4,19 hektar, J0017 KOD90310028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 2.98 hektar ölçülərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə payızlıq arpa əkilmiş və suvarılmışdır. Ağdaş rayonu, Qoşaqovaq kənd sakini Cavabdeh onlara məxsus torpaq sahələrinin bir hissəsini, 155 metr uzunluqda, 5 metr enində sahəsini müvafiq kənd təsərrüfatı texnikaları ilə üzərindən keçərək əkilib-suvarılmış hissəni məhv etmişlər. Halbuki Cavabdeh özünə məxsus torpaq sahəsinə gediş-gəliş üçün yol vardır. Həmin yoldan istifadə etməyib onların əkin yerindən keçərək onlara məxsus əkini yararsız hala salmışdır. Nəticədə onlara xeyli miqdarda ziyan vurmuşlar. Ağdaş rayonu, Şıxlı kənd sakini Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir məhəl qoymayaraq qanunsuz və icazəsiz hərəkətlərini davam etdirmişlər. Bununla bağlı dərhal həmin əraziyə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün X17 İnkişaf Mərkəzinə müraciət edilmişdir. Lakin məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi tövsiyə olunmuş, bundan sonra məhkəmənin göndərəcəyi sorğu əsasında həmin dəymiş ziyan barədə müvafiq arayışın veriləcəyi bildirilmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ona məxsus 4,19 hektar, J0017 KOD90310028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 2.98 hektar ölçülərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahəsində 2018-ci ildən texnikalar keçməsi üçün 7-8 metrlik yol vardır, bugünədək hər kəs həmin yoldan istifadə edir. Cavabdeh həmin yolu istifadə etməmiş, onun əkin əkdiyi torpaq sahəsinin üzərindən keçmişdir və nəticədə onun mhsulu məhv olmuşdur. Həmin torpaq sahəsindən cavabdeh 4-5 dəfə keçmişdir. Torpağına dəyən ziyanın ödənilməsini istəyir. Buna görə də iddianın tam təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki,həmin ərazidə 4 hektar qardaşına məxsus, 2.98 hektar ona məxsus torpaq sahələri vardır. Cavabdeh içi dolu taxıl olan torpaq sahəsindən texnika ilə keçmişdir. Onlara dəyən ziyanın ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıların torpaq sahəsinin yanında texnikalar üçün 8 metrlik maşın yolu vardır. Həmişə həmin yoldan istifadə edirdi. Lakin sonuncu dəfə iddiaçıların torpaq sahəsini suvarmaq üçün açdıqları suya nəzarət etməmişlər və su yola axaraq gölməçə əmələ gəlmişdir. Onun texnikası həmin gölməçədə batmaması üçün o, məcbur qalıb iddiaçının torpağına traktoru ilə daxil olmuşdur. Məhkəmə iclasında 06 mart 2025-ci il tarixdə şahid qismində dindirlən X6 ifadə verərək bildirdi ki, iddiaçılar və cavabdehi tanıyır, kəndçiləridir. İddiaçılar və cavabdehin torpaq sahələri Şəkili kəndində yerləşir və onların torpaq sahələri yan-yanadır. Texnikaların keçməsi üçün 8 metr enində yol vardır. Əvvəllər orada torpaq sahəsi var idi. Hal hazırda orada torpaq sahəsi yoxdur. Rüfət hadisə barəsində zəng edib ona məlumat vermiş, torpağına dəyən ziyanın əvəzini istədiyini bildirmişdir, Ramil ilə də bu barədə danışmış, Ramil heç kimə zərər vurmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ƏMDX-i DƏDK və RPHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı2 Ağdaş rayonu, Şəkili kəndində yerləşən 4.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 9 sentyabr 2000-ci il tarixli JN:0017 kod 90310028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Ağdaş rayon Şəkili kənd ərazisində 3.98 ha torpaq sahəsi X7, X1, X4, X9 və X2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli ƏQ-122/2025 saylı qiymətləndirmədən görünür ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(014)-208/2025 saylı sorğunuza cavab olaraq bildirdi ki, Ağdaş rayon Şəkili kəndində yerləşən iddiaçı X5 və İddiaçı2 məxsus reyestr nömrəsi **********18 saylı çıxarışla 4.19 hektar JN-0017 seriya nömrəsi kod 90310028 olan dövlət aktı ilə 3.98 hektar torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində gözlə görünən hissədə kənd təsərrüfatı texnikasının istifadə olunmuş gediş-gəliş yolunun kənar hissəsində əkilmiş arpanın təqribən 80 metr uzunluğunda, 5 metr enində olan 0.04 hektar hissəsi kənd təsərrüfatı texnikasının hərəkəti zamanı tapdalaması nəticəsində tələf olmuşdur. İddiaçı X5 və İddiaçı2 məxsus arpa əkilmiş 4.19 hektar və 3.98 hektar torpaq sahələrinin ümumi 0.04 hektar hissəsi, kənd təsərrüfatı texnikasının hərəkəti zamanı tapdalaması nəticəsində əldə olunacaq təqribən 120 kiloqram arpa miqdarında, (baxımlı əkin sahəsinin 1 hektar torpaq sahəsindən təqribən 30 senter (3 ton) arpa biçildiyini və 1 kiloqram arpanın orta bazar qiyməti 0.45 qəpik olması nəzərə alınmaqla) 54 (əlli dörd) manat miqdarında maddi ziyanlıq dəymişdir. İş materiallarında olan təqdim edilmiş diskə baxış zamanı videogörüntündən görünür ki, torpaq sahəsində traktor izləri aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahələrinə dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi iddiaçıların və cavabdehin izahatları, təqdim olunmuş fotoşəkillər və videogörüntü, "xxxx" MMC tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli ƏQ-122/2025 saylı məktubu ilə təsdiq olunduğundan, iddiaçı maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur, cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçıların xeyrinə tutulacaq pul məbləği iddiaçılarınnın tələb etdiyi 500 manat məbləğində deyil, qiymətləndirmə rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 54 manat məbləğində tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin ərizənin məhkəməyə verilməsinə görə toplanmış sənədlərrə ödənilmiş 25 manatın alınıb iddiaçılara verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçılar bu tələbə dair məhkəməyə hər hansı bir sənəd təqdim etmədiklərindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsi). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinin dəyəri 100 (yüz) manat Cavabdeh alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 54 (əlli dörd) manat məbləğində pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin dəyəri 100 (yüz) manat tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 54 (əlli dörd) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Mütəxəssis rəyinin dəyəri olan 100 (yüz) manat Cavabdeh alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. Ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat cavabdehdən alınaraq iddiaçılara ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar