Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-21/2023 30.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəmsabad kənd bələdiyyəsinə qarşı gediş-gəliş yolunun zəbtdən azad edilməsi, içməli su və suvarma arxının bərpa edilərək önünün açılması və dəmir darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəmsabad kənd bələdiyyəsinə qarşı gediş-gəliş yolunun zəbtdən azad edilməsi, içməli su və suvarma arxının bərpa edilərək önünün açılması və dəmir darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən ******* nömrəli çıxarışla onlara kənd ərazisindən içərisində 104,2 kv.m yaşayış sahəsi olan 0,2132 ha torpaq sahəsi verilmişdir. Həmin vaxtdan etibarən də onlar ailə üzvləri ilə həmin torpaq sahəsində məskunlaşmışlar və yaşayırlar. Həmçinin, uzun müddətdir ki, həmin torpaq sahəsində əkinçilik və digər təsərrüfat fəaliyyətləri ilə məşğuldurlar. Torpaq sahəsi onlara verilən zamandan onların torpaq sahəsinin gediş-gəliş yolu və torpaq sahələrinə gələn içməli su və suvarma arxı ümumi istifadədə olan gəlişgediş dalanından gəlmişdir. Bugünədək də içməli su və suvarma arxı üçün ödənişləri vaxtı vaxtında ödəmişlər. Bugünədək də cavabdehlərlə gediş-gəliş yolu və torpaq sahələrinə gələn içməli su və suvarma arxı səbəbindən bir neçə dəfə problem yaşamışlar. Cavabdehlər dəfələrlə onlara müxtəlif problemlər yaratmış və yaşatmışlar. Kənd ərazisində çox qonşuların torpaq sahəsinin gediş-gəliş yolu, həmçinin suvarma idarəsi tərəfindən təşkil edilmiş içməli su və suvarma arxları, ümumi istifadədə olan gediş-gəliş yolu və dalandan, eləcə də digər yan qonşuların istifadə etdiyi torpaq sahəsindən keçir. Xeyli müddətdir ki, cavabdehlər istifadə etdiyi ümumi istifadədə olan gediş-gəliş yolunda onların torpaq sahələrinə gələn yolu qanunsuz kilidləmişlər, istifadələrində olan torpaq sahəsindən keçməklə onların torpaq sahəsinə gələn içməli su və suvarma arxının suyunun önünə torpaq tökməklə kəsmişlər. Nəticədə cavabdehlərin ümumi istifadədə olan dalanın önünü dəmir darvaza ilə kilidləməklə onların gediş-gəliş yollarını kəsmələri və içməli su və suvarma arxının suyunu kəsməsi nəticəsində onlara və ailə üzvlərinə xeyli miqdarda maddi ziyan dəymişdir. Xeyli müddətdir onlar yolsuzluqdan və susuzluqdan əziyyət çəkirlər. Dəfələrlə kənd bələdiyyəsi, İƏD üzrə nümayəndəlik və sahə müvəkkili tərəfindən cavabdehlərə tutduqları əməlin düzgün olmadığını, qonşu olduqları üçün də yaranmış gediş-gəliş yolu və su problemini aralarında həll etməyi təklif etsələr də, cavabdehlər buna əməl etməmişlər. Hazırda həmin zəbt olunmuş və dəmir darvaza ilə kilidlənərək önü kəsilmiş gediş-gəliş yolu və içməli su və suvarma arxı, əvəzsiz ehtiyacları və yeganə çıxış yolları olduğu üçün onların maraqlarına toxunur. Bu baxımdan subyektiv hüquqa sahib olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 izahatında bildirdi ki, iddiaçıların gediş-gəliş üçün başqa yolları var. İddiaçı1 valideynləri yaşlı şəxslərdir və onun uşaqlarını qorxuzur. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər İddiaçı2, digər Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər İddiaçı2, digər Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab etmiş və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2015-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışdan görünür ki, ünvan 1i ünvanda 0,2132 ha torpaq sahəsi və üzərində yerləşən 104,2 m2 fərdi yaşayış evi İddiaçı2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2015-ci il tarixli, **********11-10301 saylı texniki pasportdan görünür ki, ünvan 1i ünvanda 0,2133 ha torpaq sahəsi üzərində 104,2 m2 ümumi sahəsi olan fərdi yaşayış evi inşa edilmiş, hüquq subyektləri İddiaçı1 və İddiaçı2dur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7121 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı1 və İddiaçı2 məxsus olan 0,2132 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol tutulmuşdur. Mütəxəssis rəyinə əsasən, cavabdehlər tərəfindən inşa edilmiş dəmir darvaza ümumi istifadədə olan iddiaçılara və digər mülkiyyətçilər üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı1 və İddiaçı2 məxsus olan 0,2132 ha torpaq sahəsi istiqamətində gedən içməli su və suvarma arxının təbii axarının qarşısı alınmışdır. İşin materiallarında olan 050 saylı “Tapşırıq Müqaviləsin”dən görünür ki, İddiaçı1 hüquqi xidmətlə bağlı icraçıya 200 manat məbləğində pul ödəmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat ekspertiza xərcini ödəmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iddiaçılara Ağdaş rayon Şəmsabad kənd ərazisindən 0,2132 ha yaşayış məntəqələrinin torpaqları üçün torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə gediş-gəliş yolu və torpaq sahələrinə gələn içməli su və suvarma arxı ümumi istifadədə olan gəliş-gediş dalanından gəlmişdir. Həmin ümumi istifadədə olan dalanın önü dəmir darvaza ilə tutularaq zəbt edilmiş və iddiaçılara məxsus olan 0,2132 ha torpaq sahəsi istiqamətində gedən içməli su və suvarma arxının təbii axarının qarşısı alınmışdır. Hazırda iddiaçılar cavabdehlərin gediş-gəliş yolunun dalan hissəsini tutmaqla qanunsuz quraşdırılmış dəmir darvazanın sökülməsini, zəbt olunmuş gediş-gəliş yolunun önünün açılmaqla zəbtdən azad olunmasını, gediş-gəliş yolunun açılaraq və torpaq sahəsinə gediş-gəliş yolundan və ümumi istifadədə olan dalandan istifadə etmək üçün həmçinin onlara məxsus torpaq sahəsinə gələn içməli su və suvarma arxının bərpa edilərək önünün açılmasını və suvarma işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3 və 170.4-cü maddələrinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər tərəfindən gediş-gəliş yolunun dalan hissəsində quraşdırılmış dəmir darvaza sökülməli, zəbt olunmuş gediş-gəliş yolunun önü açılmaqla zəbtdən azad olunmalı və ümumi istifadədə olan dalandan iddiaçılara məxsus olan 0,2132 ha torpaq sahəsi istiqamətində gedən içməli su və suvarma arxının təbii axarının qarşısı açılmalı və suvarma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəmsabad kənd bələdiyyəsinə qarşı gediş-gəliş yolunun zəbtdən azad edilməsi, içməli su və suvarma arxının bərpa edilərək önünün açılması və dəmir darvazanın sökülməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər tərəfindən gediş-gəliş yolunun dalan hissəsində quraşdırılmış dəmir darvaza sökülsün. Zəbt olunmuş gediş-gəliş yolunun önü açılmaqla zəbtdən azad olunsun. Ümumi istifadədə olan dalandan iddiaçılara məxsus olan 0,2132 ha torpaq sahəsi istiqamətində gedən içməli su və suvarma arxının təbii axarının qarşısı açılsın və suvarma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-21/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-21/2023
30.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver