Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2112/2025 29.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kimi Cavabdeh ilə 20 ildən yuxarıdır ki tanışdırlar. Bir məktəbdə o müəllim, cavabdeh isə xadimə işləmişlər. Günlərin birində cavabdeh qızı Aygünlə onu axtarıb tapıb, oğlunu həbsdən qurtarmaq üçün ona kömək etməyini xahiş etmişlər. Çünki, o məktəbdə işləyən zaman qohum-əqrəbaları və özünün ailəsinə köməklik edərək fəallıq göstərmişdir. Bu hadisə ilə məşğul olmaq üçün əvvəlcədən altı min manat, bir müddətdən sonra isə min manat, cəmi yeddi min manat pul verdilər. Əlavə müəyyən yerlərə işə dair hərəkət etmək üçün ayrıca pul verilməyib. Bu işlə tanış olmaq üçün X7,Hərbi Komissarlığa, Gəncə şəhəri zonalar arası ruhi dispanserə cavabdehin oğlunun əqli geriliyi olduğu üçün Şəki şəhəri Penitensiar müəssisəsinə bir neçə dəfə getmişlər. Maştağada Psixi xəstəxanada Sevil adlı həkimlə tanış olmuşlar, pandemiya dövrü olduğu üçün gediş-gəliş çətin idi. Ona görə də onun işə getməməsi üçün Asan Xidmətdən etibarnamə almışlar. Qaçırılan qızın atasından barışıq ərizəsi alınmışdır. Məsələ o yerdə qaldı ki, ona dedilər ki cavabdehin oğlu cəzasının yarı hissəsini çəkməmiş, yəni 11 ilin 5 il 6 ayını çəkməmiş ona kömək etmək mümkün deyil. Bundan qəzəblənən Əmaisə hazırda dələduzluq maddəsi ilə həbsdə olan Əhməd adlı vəkilin təklifi ilə pulunu ondan geri istəmişdir. 7 min manat pul 8 ay onda olmuş, həmin pulla hər ayda bir dəfə cavabdehin oğlu Rövşənin yanına gedirdi. Hər dəfə də cavabdehin oğluna xərclik vermişdir. Özünün yeməyi, yol xərcini çəkdiyi əziyyətin xərcini ödəyib yerdə qalan pulu verməyə hazır olduğunu cavabdehə bildirmişdir. Lakin cavabdeh vəkilin göstərişi ilə onu Ağdaş rayon polis şöbəsinə şikayət etmişdir. Orada razılıq əldə oldu ki, pulu az-az versin. O, da yerindəcə 2 min manat pulu polis şöbəsində vermişdir. Növbəti ay vəkil əlavə 7 nəfər şəxslə birlikdə gecə saatlarında onun evinə gəlib, pulu geri istəmişdir. Həmin vaxt Əmaisənin ona qarşı rəftarı xoşagəlməz olduğundan o, pulu verməkdən imtina etmişdir. Belə ki, o, özünün çəkdiyi xərcləri geri istəmişdir. İşin araşdırılması Ağdaş rayon Prokrorluğuna verildikdən sonra pulu tam şəkildə ondan ala bilmədikləri üçün vəkilin diqtəsi ilə Əmaisə böhtan xarakterli izahat vermişdir. İzahatda deyilir: “Pulu məndən alıb Şəki Apellyasiya məhkəməsinə verib sənin oğlunu azad edəcəm” sözləri ilə Şəki hakimlərinə qarşı böhtan xarakterli izahat vermişdir. Pulu ala bilmədiyini başa düşən vəkil Əhməd Əmaisəni başa saldı ki, sən pulu tələb etmə qoy getsin tutulsun. Vəkilin bu təklifi bir növ qərəzçilik idi. Ona görə də 21 noyabr 2020-ci il tarixdə cavabdeh Şəki Apellyasiya məhkəməsinə gəlməmiş, halbuki, həmin pulun hamısı tam şəkildə həmin iclasda ona ödəniləcəkdi. Şahid Ağdaş rayon vəkil bürosunun vəkili Paşayev Mehman idi. Nəticədə o, 4 il 2 ay müddətə azadlıqdan məhrum edildi. Bu müddət ərzində Əmaisə istəsəydi onun pensiyasından həmin pulu az-az ala bilərdi. İndi o şərti olaraq azadlığa çıxmışdır. Çıxandan sonra Əmaisə pulu tam şəkildə tələb edir. Əlbəttə bu qərəzlidi. Pul veriləndən 8 ay çəkdiyi əzab -əziyyətin, yollarda qalmaq, Pandemiya Dövrü Bakı, Şəki, Gəncə əlavə kənddən rayona yol xərci və yemək, əlavə olaraq Bakı Şəhəri 10 saylı cəzaçəkmə müəssəsində 3 ilə yaxın müddətdə olan xərci əgər o vaxtında etməyibsə demək bu qərəzli davranıçdır. Həmdə qanunun acizliyini təsdiq edir. Hansı səbəbdən bu müddət ərzində öz iddiasını bildirməyibdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o cavabdeh ilə 25 il bir yerdə işləmişdir, o, məktəbdə tarix müəllimi, cavabdeh isə xadimə işləmişlər. Cavabdeh oğlunu həbsdən çıxartmaq üçün ondan köməklik etməsini xahiş etmişdir. Cavabdehdən ümumilikdə 7000 manat pul almışdır. Həmin puldan 2000 manatını qaytarmış, 5000 manat borcu qalmışdır. O, cavabdehə çəkdiyi xərcləri ödədikdən sonra yerdə qalan pulu qaytaracağını desə də cavabdeh onunla razılaşmayaraq, pulu tam həcmdə istəmiş, o, qəsdlə həmin pulu qaytarmır. Cavabdehin şikayəti əsasında o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbarcan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin oğluna görə ərizəsində göstərdiyi hərəkətlər etmiş, pandemiya dövrü Bakı, Şəki, Gəncə şəhərlərinə, cəzaçəkmə müəssisəsinə dəfələrlə getmiş, cavabdehin oğluna xərclik vermiş, hər dəfə yol xərci və yemək xərci nəzərə alınmalıdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra məhkəmə iclasında sualları cavablandıran iddiaçı bildirdi ki, o, könüllü olaraq insanlara yardım etmişdir. Onun bu xidmətləri göstərmək üçün hər hansı bir şirkəti və ya VOEN-i yoxdur. O, cavabdehlə yuxarıda göstərilən xidmətləri göstərmək üçün heç bir müqavilə bağlamışdır. Onun hüquqi savadı yoxdur. O, heç vaxt vəkil və ya nümayəndə kimi xidmət göstərməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, 2018-ci il tarixdə oğlu qız qaçırmış, buna gödə məhkum olunmuşdur. Zahir tarix müəllimi işləmiş, kənddə və ətrafda bəzi insanlara işlərinin həll olunması üçün köməklik göstərmişdir. Zahir ona Şəkiyə gedib oğlunu ruhi xəstə kimi cəzadan azad etdirəcəyini bildirmişdir. Buna görə Zahirə ümumilikdə 7000 manat pul vermiş, 2000 manatına qaytarmış, 5000 manatını isə qaytarmamışdır. İddiaçı onun xeyrinə heç bir iş görməmiş, oğlu hal-hazırda cəza çəkir. Sonradan iddiaçıdan pulunu istədikdə iddiaçı ona yol xərcləri şəkdiyi üçün pulunu geri qaytarmamışdır. Lakin o dəqiq bilir ki, iddiaçı heç bir yol xərcləri çəkməmiş və onun xeyrinə heç bir iş görməmişdir. İddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. . Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan X14 İdarəsi Rayonlararası Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş 27 iyul 2018-ci il tarixli 414 saylı rəyə əsasən X10 “yüngül dərəcəli əqli gerilik XBT 10” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70.0) müəyyən edilir. X6 əməli AR CM-nin 21.1-ci maddəsinə düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. X10 hazırda öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. İşin materiallarında olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Rzayev Nidayət tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli 8İ- 25848 saylı ərizənin surətindən görünür ki, yetkinlik yaşına çatmamış X5 onun övladıdır. Onun qaçırılması ilə əlaqədar olaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Əliyev (sədrlik edən), R.Hüseynov (məruzəçi) və X.Səmədovdan ibarət tərkibdə) 16 noyabr 2018-ci il tarixli hökmü ilə 09 iyul 1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, həbs edilənə kimi Ağdaş rayonunun Korarx kəndində yaşamış və 12 iyun 2018-ci ildən həbsdə olan X10 CM-in 144.3-cü maddəsi ilə on bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 12 iyun 2018-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbrinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. 24 may 1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, həbs edilənə kimi Ağdaş rayonunun Yuxarı Neməlabad kəndində yaşamış və 12 iyun 2018-ci İdən həbsdə olan X1 CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib on il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 12 iyun 2018-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2019-cu il tarixli, 1(107)-50/2019 iş nömrəli qərarı ilə X2 ilə barışdığı üçün ona münasibətdə hökm dəyişdirilmiş və ona təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) ilə endirilmişdir. Hazırki ərizə ilə Ali Məhkəməyə müraciət etməyi səbəbi iş üzrə digər təqsirləndirilən şəxs (məhkum) X10 ilə barışmaqları, o cümlədən, sonuncudan heç bir şikayət və tələblərinin olmaması səbəbindən ona təyin edilmiş cəzanın da Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) ilə endirilməsini məhkəmədən xahiş etməkdir. Yaşadıqları kənddə hamı bilir ki, X6 əqli vəziyyəti qənaətbəxş deyildir. İşin materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatı tərəfindən 28 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə nazirliyinin tibb baş idarəsinin rəisi cənab Rəfail Mehdiyevə və Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, X3 saxlanılan oğlu Rövşən Xəlilovun psixoloji vəziyyətinin ağır olduğunu bildirmiş, övladının özünə xəsarət yetirməsini və səhhətində yaranan problemləri nəzərə alaraq, onun nəzarətdə saxlanılmasında köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehmn ərizəsinin surətini Sizə göndərərək, müraciətində qeyd edilənlərin nəzərə alınmasını, R.Xəlilovun səhhətinin nəzarətdə saxlanılmasını və görülmüş tədbirlərin nəticəsi barədə onlara məlumat verilməsi xahiş edilmişdir. İşin materiallarında olan İddiaçı və Cavabdeh arasında 16 sentyabr 2020-ci il tarixdə bağlanmış etibarnamədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı bütün dövlət orqanlarında, idarə, müəssisə, dövlət və qeyri-dövlət təşkilatlarında, Asan Xidmət Mərkəzlərində, notariat ofisində, Azərpoşt MMC-də, hüququ mühafizə orqanlarında, polis, təhqiqat, istintaq idarələrində, Azərbaycan Respublikasının Baş Prokurorluğunda, icra və probasiya şöbələrində onu təmsil etməyi, adından sənədləri götürməyi, arayışları almağı, aldığına dair imza etməyi, istənilən əsaslarla ona çatası istənilən pulları, istənilən sənədləri, arayışları almağı, aldığına dair imza etməyi, sənədləşmə işlərimi aparmağı, ərizə yazmağı, imzalamağı, zəruri ödənişləri, rüsumları ödəməyi və bu etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətləri etməyi etibar edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-50/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə məhkum olunmuş X6 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 18 saylı Vəki Bürosunun vəkili X8 tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli kassasiya şikayəti və kassasiya şikayəti verilməsi ilə əlaqədar müddətin bərpasına dair vəsatətin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum X10 barəsində çıxarmış olduğu 1(107)-50/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilməsi və onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirləndirildiyi CM-nin 144.3cü maddəsinin sanksiyasında göstərilmiş cəzadan daha yüngül cəza təyin edilməklə və barəsində CM-nin 70-ci maddəsini tətbiq edərək məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli 319 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə icraatına müdaxilə yolverilməzdir. İzah edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qərarlarının qanuniliyinin yoxlanılması Ədliyyə Nazirliyinin deyil, yuxarı instansiya məhkəmələrinin səlahiyyətinə aiddir. İşin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-165/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı Ağdaş rayonu, Korarx kənd sakini xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 1(091) 129/2018-ci il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş oğlu X6 cəzasını Şəki Apellyasiya Məhkəməsinin hakiminə rüşvət verməklə 5 il müddətinə aşağı salınmasına yalan vəd verib Cavabdeh Ağdaş şəhəri, Heydər Əliyev prospektində 2020-ci ilin mart ayında 6000 manat, noyabr ayında 1000 manat-ümumilikdə 7000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə almış, yəni, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirmiş, həmçinin, o, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar məhkum X6 xeyrinə bilə-bilə qanunsuz hərəkətlər edəcəyinə görə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Cavabdeh vahid niyyətlə təhrik etmişdir. Buna görə də həmin hökmlə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu İddiaçı qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)- 559/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 (yetmiş) manat məbləğində pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 dekabr 2025-ci il tarixli 313-62/2-27333/2025 saylı məktubdan görünür ki, İddiaçı və Cavabdeh bir-biriləri ilə bağlı Ağdaş RPŞ-yə hər hansı müraciətləri olmamış, eləcə də araşdırma aparılmamışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 35.40 (otuz beş manat qırx qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı Ağdaş rayonu, Korarx kənd sakini xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 1(091)-129/2018-ci il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş oğlu X6 cəzasını Şəki Apellyasiya Məhkəməsinin hakiminə rüşvət verməklə 5 il müddətinə aşağı salınmasına yalan vəd verib Cavabdeh Ağdaş şəhəri, Heydər Əliyev prospektində 2020-ci ilin mart ayında 6000 manat, noyabr ayında 1000 manat-ümumilikdə 7000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə almış, yəni, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirmiş, həmçinin, o, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar məhkum X6 xeyrinə bilə-bilə qanunsuz hərəkətlər edəcəyinə görə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Cavabdeh vahid niyyətlə təhrik etmişdir. Buna görə də İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2 və 178.2.4-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 (yetmiş) manat məbləğində pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ekspert rəyi, ərizə, məktublar, kassasiya şikayəti təqdim olunsa da həmin sənədlərin iddiaçıya aidəyyətinin nədən ibarət olması, həmçinin həmin sənədlərin onun tərəfindən düzəldilməsinə dair heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh yol və qidalanma xərclərini tələb etsə də həmin xərclərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd ki, iddiaçı tərəfindən tapşırıq müqaviləsi əsasında xidmət göstərdiyi iddia olunsa da İddiaçı Cavabdeh xeyrinə heç bir iş görməyərək dələduzluq yolu ilə onun əmlakını ələ keçirmiş, bu hal isə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən və yuxaıda qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-2112/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2112/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver