Məhkəmə qərarları › İş №2(014)-2161/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2161/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2161/2021 30.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Binələr kəndi ərazisində yerləşən 0,1389 hektar həyətyanı torpaq sahəsi 06 fevral 2016-cı il tarixdə DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsində xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır və bu barədə adına ********** qeydiyyat nömrəli, 06 fevral 2016-cı il qeydiyyat tarixli seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Həmin torpaq sahəsi ilə sərhəddə yerləşən 0,07 hektar kənd bələdiyyəsinin fonduna aid torpaq sahəsi də faktiki olaraq uzun müddətdir onun istifadəsindədir. 2004-cü ildə Ağdaş rayonunun Binələr kəndi ərazisində həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə əlaqədar yerquruluşu sənədləri hazırlanan zaman istifadəsində olan həmin 0,07 hektar torpaq sahəsi bələdiyyə fonduna aid işlənmişdir. O, 1992-ci ildə həmin 0,07 hektar torpaq sahəsində öz vəsaiti hesabına uzunluğu 15 metr, eni 6 metr olmaqla ümumi sahəsi 90 kv. metr olan dəmir talvar tikdirmişdir. Həmin tikiliyə ümumilikdə 375 metr 5x5sm ölçülü künclük (“угольник”), 142 metr 12 mm-lik armatur, 72 metr 100 mm-lik dəmir boru, 200 kq sement, 70 ədəd azbest şifer, 8 kq mismar, 180 metr 5x5sm-lik taxta reyka, 74 kv. metr qalın dəmir list, 16 qutu elektrod və digər materiallar işlədilibdir. Talvarın tam hazırlanmasına usta pulu ilə birlikdə 7000 (yeddi min) manat vəsait xərclənmişdir. Onun xüsusi mülkiyyətində olan 0,13 hektar həyətyanı torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmiş və razılığı ilə həmin evə gediş-gəliş üçün eni 2 metr, uzunluğu 12,5 metr olan yol verdiyi Cavabdeh onun xəbəri olmadan həmin talvarı sökdürərək ona ümumilikdə 7000 manat zərər vurmuşdur. Bu barədə hüquq-mühafizə orqanına etdiyi müraciətin cavabında ona bildirmişlər ki, mübahisə mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. Cavabdeh ona vurduğu maddi zərəri könüllü ödəmədiyinə görə ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş, RX seriyalı, № ******* saylı çıxarışın və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Ağdaş rayonunun Binələr kəndində İddiaçı xüsusi mülkiyyətinə 0,1389 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(014)-2100/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh X2, iddiaçı X3 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1389 hektar həyətyanı torpaq sahəsindən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 60 (altmış) manat cavabdeh X1 alınıb, "xxxx" ASC-nin 1 saylı Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT AİİBBAZ2X, "xxxx" MMC, hesab AZ 23AİİB******************** hesabına ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2-1(84)-257/2014 saylı qərarının surətindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh X2, iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin Ağdaş rayon şöbəsinin müdiri T.Məmmədovun 09.12.2013-cü il tarixli, 825 nömrəli məktubunun əsassız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən, 107-ci sıradakı 0,15 ha torpaq sahəsinin Cavabdeh ailəsi ilə yaşadığı fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla qalan hissəsinə X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İşin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli, 2inz(84)-115/2012 saylı qərarının surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30.03.1998-ci il tarixli, 07 saylı qərarı və JN 107F, kod 90304038 saylı 07.06.2005-ci il tarixdə DTXK-nın Ağdaş rayon şöbəsində qeydiyyata alınmış torpağın - mülkiyyətə verilməsinə dair şəhadətnamə Ağdaş rayonu Binələr kəndində yerləşən 0,15 ha torpaq sahəsinin Cavabdeh verilməsi hissəsində -onun və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla ləğv edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, məhkəmə xərcinin iddiaçıya aid edilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(014)-1468/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı gedişgəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı özü də etiraf edir (iddia ərizəsində də göstərilmişdir) ki, zərər vurulduğunu iddia etdiyi əmlak ona aid olmayan (bələdiyyə fondunda) torpaq sahəsində yerləşir, həmin əmlakın heç bir hüquqmüəyyənedici sənədi yoxdur, iddiaçı həmin əmlakı onun tikdirdiyini iddia edir, cavabdeh isə əksinə özünün inşa etdiyini bildirir. Belə olan halda isə iddiaçının onun əmlakına zərər vurulduğunu iddia etmək və dəymiş ziyanı tələb etmək üçün iddiaçının əvvəlcə həmin əmlakın ümumiyyətlə ona məxsus olduğunu sübut etmək vəzifəsi vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar