Məhkəmə qərarları › İş №2(014)-2194/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2194/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2194/2021 27.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9600 (doqquz min altı yüz) AZN və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) AZN pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xeyli müddətdir ki, rayon sakini kimi ünsiyyət etmiş, ticarət münasibətləri olmuş, heç bir problem yaşamamışlar. Qeyd edir ki, 2016-cı ilin fevral aylarında cavabdeh ticarət ilə məşğul olmaq istədiyini, ancaq əlində mayasının olmadığını bildirmiş, ondan nəğd borc pul götürərək ticarətlə məşğul olub borcunu verəcəyini bildirmişdir. Bu minvalla ondan hissə-hissə pul alaraq və ticarətlə məşğul olmağa bir müddət sonra da borcundan az-az ödəməyə başlamışdır. Ancaq bu çox çəkməmiş, bir müddət sonra borcunu verməməyə başlamışdı. Cavabdeh hər dəfəsində pulunun olmadığını borcunu qaytarmaq üçün yenidən xırdavat malları və məişət əşyaları satıb qazanc əldə edəcəyini bildirərək ona olan etibarından suiistifadə etmiş, bu minvalla ondan ümumilikdə 12900 manat borc pul götürmüş, iki ildir ki də ona olan borcundan 2019-cu ilin yanvar və iyul aylarında 2000 və 1300 olmaqla 3300 manat ödəmişdir. Yerdə qalan 9600 manat borcundan isə heç bir pul ödəməmişdir. Cavabadeh tezliklə onun mənimsədiyi pulunu qaytarcağını bildirsə də, borcundan heç bir ödəniş etməmişdir. Bununla bağlı DİN-nə müraciət etmiş, hadisə ilə bağlı Ağdaş rayon Polis şöbəsində 28 iyun 2018-ci il tarixli HK-1/542 saylı material üzrə təhqiqat işi aparılmış, hadisə ilə bağlı cavabdehin ona 9600 manat borcu olduğu müəyyən olunmuş, təfərrüatlar həmin qərarda qeyd olunmuşdur. Bu minvalla cavabdeh ona xeyli miqdarda ziyanlıq vurmuşdur. Dəfələrlə çalışsa da, cavabdehdə olan pulunu ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən də iddiaçıya 9600 manat məbləğində borcu vardır, həmin borcundan hal-hazırda işləmədiyi üçün heç bir məbləğ qaytara bilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş, 28 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 9600 (doqquz min altı yüz) AZN məbləğində pul borcu vardır. İddiaçı Cavabdeh verdiyi pulu geri istəsə də, Cavabdeh iddiaçının borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh məhkəmə iclasına ərizə verərək həqiqətən iddiaçıya 9600 (doqquz min altı yüz) AZN məbləğində borcunun olduğunu etiraf etmiş, həmin borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9600 (doqquz min altı yüz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh 9600 (doqquz min altı yüz) borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar