Məhkəmə qərarları › İş №2(014)-220/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-220/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-220/2024 16.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 3400 manat olmaqla 2650 (iki min altı yüz əlli) manat borcun İddiaçı1 xeyrinə, 750 (yeddi yiiz əlli) manat borcun İddiaçı2 xeyrinə, həmçinin ödənilmiş 55 manat dövlət rüsumunun da cavabdehdən alınıb İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xeyli müddətdir ki, rayon sakini olaraq heyvan alverçisi kimi ünsiyyət etmişlər. Əvvəllər də cavabdehlə ticarət münasibətləri olmuş, heç bir problem yaşamamışlar. Cavabdeh 2023-cü ilin iyun ayında İddiaçı1 yaşadığı ünvana gələrək ümumi qiyməti 2650 manat dəyərində olan 1 baş inək və bir baş camış iribuynuzlu heyvanları alaraq heyvan bazarında satıb pulunu 1 həftəyə verəcəyini bildirərək alıb getmişdir. Həmçinin cavabdeh 2023-cü ilin iyun ayında digər İddiaçı2 yaşadığı ünvana gələrək qiyməti 1200 manat dəyərində olan 1 baş boğaz iribuynuzlu heyvanını, yəni inəyi alaraq heyvan bazarında satıb pulunu 1 həftəyə verəcəyini bildirərək alıb getmişdir. Həmin borcdan 450 manat ödəmiş, qalan 750 manat borcu isə bu günədək ödəməkdən boyun qaçırmışdır. Bu minvalla cavabdeh iddiaçıların hər ikisindən nisyə iribuynuzlu heyvan götürərək satıb pulunu verəcəyini bildirməyinə baxmayaraq cavabdeh hər dəfəsində pulunun olmadığını, borcunu tezliklə qaytaracağını bildirərək iddiaçıların ona olan etibarından sui-istifadə etmiş, iddiaçılara qalan borcundan isə heç bir pul ödəməmişdir. Cavabdeh pulu qaytaracağını bildirsə də, pulu qaytarmayaraq mənimsəmişdir. Bununla bağlı iddiaçılar DİN-nə müraciət etmişlər. Hadisə ilə bağlı Ağdaş rayon polis şöbəsində xx.xx.2023-cü il tarixli HK-1/2100 saylı material üzrə təhqiqat işi aparılmış, hadisə ilə bağlı cavabdehin iddiaçılara ümumilikdə 3400 manat borcunun olduğu müəyyən olunmuş, təfərrüatlar həmin qərarda qeyd olunmuşdur. Beləliklə də cavabdeh iddiaçılara xeyli miqdarda ziyanlıq vurmuşdur. Cavabdeh dəfələrlə iddiaçılar İddiaçı1 və İddiaçı2 aldığı heyvanların pulunu qaytaracağını bildirsə də qaytarmamış, bu günədək də həmin pulu mənimsəməyə davam edir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, oğlu X1 bir neçə dəfə sonuncunun tanışı Ağdaş rayonu, Qaradeyn kənd sakini Cavabdeh iribuynuzlu heyvanlar almışdır. Buna görə də, Sənan ilə aralarında tanışlıq yaranmışdır. Təxmiən 5 ay əvvəl oğlu Elnur ilə Sənan onun yaşadığı ünvana gələrək ondan iribuynuzlu heyvanın satıbsatmadığını soruşmuşdur. Sənana bir baş inək, bir baş camış satdığını, hər iki heyvanı ümumilikdə 2650 manata satmaq istədiyini bildirmişdir. Sənan da onunla razılaşmışdır. Həmin vaxt oğlu Elnur da onun yanında olmuşdur. Sənan ona heyvanları aparıb Ağdaş rayonu mal bazarında satıb pulu nağd şəkildə ödəyəcəyini təklif etmişdir. Aralarında olan razılığa əsasən hər iki heyvanı Sənana nisyə vermişdir. Sənan hər iki heyvanı Qazel markalı avtomobilə yükləyib çıxıb getmiş, daha sonra oğlu Elnur da Ağdaş rayonu Zeynəddin kənd ərazisində yerləşən mal bazarına gedib Sənanı bazarda axtarıb tapa bilməmişdir. Bundan sonra dəfələrlə həm onun, həm də oğlu Elnurun Sənana 2650 manat borc pulu qaytarmasını bildirmişlər. Lakin Sənan hər dəfə onlara müxtəlif bəhanələr gətirərək həmin pulu onlara qaytarmaqdan boyun qaçırmışdır. Bu günə kimi Sənan adlı şəxsdən 2650 manat pulunu ala bilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, mütəmadi olaraq Ağdaş rayonu, Qaradeyin kənd sakini Cavabdeh digər yerlərdən aldığı iribuynuzlu heyvanları sataraq alver etmişdir. Təxminən 5 ay əvvəl Ağdaş rayonu, Zeynəddin kənd ərazisində yerləşən heyvan bazarında alver edən zaman tanıdığı Sənan ilə rastlaşmışdır. Həmin vaxt Sənan ona “səndə heyvan varsa mən sat, alım” deyə bildirmişdir. Bu zaman Sənana bir baş boğaz inəyi olmasını, yaşadığı ünvana gedərək qiymətdə razılaşıb satacağını bildirmişdir. Elə həmin günü Sənan ilə onun yaşadığı evə gedərək inəyi ona göstərmişdir. Sənan ona “mən bu heyvana 1200 manat pul verərəm” demişdir. Sənanla razılaşaraq iribuynuzlu heyvanı ona vermişdir. Lakin Sənan inəyin dəyəri olan razılaşdıqları 1200 manatı 1 həftə ərzində ödəyəcəyini bildirmişdir. Aralarında olan razılığa əsasən heyvanı Sənana nisyə vermişdir. Ancaq aradan bir həftə keçməsinə baxmayaraq Sənan 1200 manatı ona müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. Aradan 2-3 ay keçdikdən sonra Sənan 1200 manat puldan ona 450 manat ödəmiş, məhkəmə zamanı isə 200 manat ödəniş etmişdir, qalan 550 manatı isə ona ödəməkdən boyun qaçırdığını bildirmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul edir. Belə ki, o, İddiaçı1 ümumi qiyməti 2650 manat dəyərində olan bir baş inək və bir baş camış, yəni iki baş iribuynuzlu heyvanları alaraq heyvan bazarında satıb pulunu 1 ay ərzində verəcəyini bildirmişdir. Lakin bu günədək ödəməmişdir. Həmçinin İddiaçı2 da 1200 manat dəyərində bir baş boğaz inəyi alaraq heyvan bazarında satıb pulunu 1 həftəyə verəcəyini bildirmiş, lakin həmin 450 manat bir, 200 manat isə bir ödəniş etmişdir. İddiaçı1 hazırda 2650 manat borcu, İddiaçı2 isə 550 manat borcu var. Həmin məbləğləri aybaay ödəyəcəyinə söz verir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 12 iyul 2023-cü il tarixli X2 Sənana yazılan qaimədə əlyazma ilə qeyd olunmuşdur; "2650 (iki min altı yüz əlli) manat gələn ayın 12-də verəcəyəm. xx.xx.2023 həmin pulu bu tarixdə qaytaracağam. İmza təsdiq edirəm. İşin materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh İddiaçı2 200 manat pul ödəmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, cavabdeh iddiaçılar ilə razılığa gələrək onlardan iribuynuzlu heyvanlar almış, iddiaçılar tərəfindən cavabdehə, yəni İddiaçı1 tərəfindən 2650 manat dəyərində olan bir baş inək və bir baş camış, yəni iki baş iribuynuzlu heyvanlar, İddiaçı2 tərəfindən 1200 manat dəyərində bir baş boğaz inək Cavabdeh nisyə satılmış, Cavabdeh tərəfindən bu günədək İddiaçı1 2650 manat məbləğdən ödəniş edilməmiş, İddiaçı2 isə ödəniş edilərək 550 manat məbləğ borc qalmışdır. Cavabdehin öz etirafı ilə iddia tələbləri təsdiqini tapır və iddia tələbi bu hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində müəyyən edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2650 manat məbləğində pul alınaraq İddiaçı1 və 550 manat məbləğində pul alınaraq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, Cavabdeh ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu alınaraq İddiaçı1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pul, ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu alınaraq İddiaçı1 və 550 (beş yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar